Noyabrın 28-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Bakı Milli Geyim Evinin təlim-tədris mərkəzinin açılış mərasimi keçirilib.
Açılış mərasimində Universitetin rektoru professor Fərəh Əliyeva çıxış edərək müasir təhsildə tələb olunan, təcrübənin xüsusi rolundan, bu təlim-tədris mərkəzinin bütün imkanlarından istifadə edərək tələbələrə dərs və dərsdən kənar zamanlarda nəzəriyyə ilə təcrübəni bir araya gətirə biləcəklərini deyib.
O, belə bir təlim- tədris mərkəzinin təşəbbüsünün ilk dəfə olduğunu bildirərək, hamıya uğurlar arzu edib. Daha sonra Bakı Milli Geyim Evinin təsisçisi, rəssam, dizayner modelyer Könül Vəlibəyli çıxışında belə bir bazanın yaradılması, 10 ildən çox zamanı əhatə edən təcrübə ilə Respublikamız və ondan kənarda Azərbaycan milli geyimlərinin təbliğatçısı kimi, bu təcrübəni tələbələrlə bölüşməkdən məmnun olduğunu, gənc modelyer, dizaynerlər əldə etdikləri təcrübənin Universiteti bitirdikdən sonra iş yerləri ilə təmin olunmasına kömək edəcəyini də vurğulayıb. Universitetin "Dizayn və dekorativ sənət" kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Arif Əziz də çıxışında tələbələrə əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etməyin həqiqətən də çox önəmli məsələlərdən biri hesab etdiyini, birlikdə çox iş görəcəklərini bildirib.
Açılış mərasimində bu təlim-tədris mərkəzinin yaradılmasında məqsəd Bakı Milli Geyim Evinin təcrübəsini tələbələrlə paylaşmaq, bu milli səhnə geyimlərinin hazırlanmasını gənc nəslə öyrətmək, ənənələri ötürmək, onlara əl işi, kəsim, biçim, tikim, diplom işlərində dəstək olmaqdır.