525.Az

"Daşla danışan adam" Bilik Fondunda


 

"Daşla danışan adam" Bilik Fondunda<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda "Mədəni maarifləndirmə" proqramı çərçivəsində Xalq rəssamı Mirəli Mirqasımova həsr olunan "Daşla danışan adam" sənədli filminin təqdimatı olub.

Tədbiri Fondun icraçı direktoru Oktay Səmədov açaraq, rəhbərlik etdiyi təşkilatın "Mədəni maarifləndirmə" proqramı üzrə həyata keçirdiyi layihələrdən danışıb, gənclərin estetik zövqünün cilalanmasında, dünyagörüşünün hərtərəfli inkişafında filmlərin xüsusi əhəmiyyətini vurğulayıb, tarix boyu ən böyük maarifçiliyin məhz mədəniyyətlə və ədəbiyyatla həyata keçirildiyini diqqətə çatdırıb.

"Aranfilm"in direktoru Tahir Tahiroviç Bilik Fonduna Azərbaycanda mədəniyyətin və incəsənətin inkişafına yetirdiyi diqqətə görə təşəkkürünü bildirib. Filmin nümayişindən sonra yaradıcı heyətlə tamaşaçıların müzakirəsi olub, tələbələrin film haqqında sualları cavablandırılıb.

Tədbirdə Fondun "Gənc Jurnalistlər" Klubunun, "Tariximizi öyrənək və öyrədək" Gənclər Klubunun üzvləri ADPU-nin nəzdindəki Pedaqoji Kollecin tələbələri, Bilik Fondunun və "Asan Xidmət"in könüllüləri iştirak ediblər. 

Ekran əsəri "Aranfilm"də Nicat Qafuroğlunun ssenarisi və rejissorluğu ilə çəkilib. "Daşla danışan adam" sənədli filminin qəhrəmanı Mirəli Mirqasımov 1944-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini və 1950-ci ildə İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirib. Heykəltəraşlığın müxtəlif janrlarında, xüsusilə monumental heykəltəraşlıq janrında bir sıra yüksək bədii dəyərli əsərləri var.  M.Mirqasımov 1974-cü ildə Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərində ucaldılmış tunc abidəsinin müəllifidir. Böyük əsərlərindən biri  yazıçı-dramaturq Cəfər Cabbarlının heykəli müəllifin  23 ilini alıb. Azərbaycanda yeganə heykəldir ki, bütöv, sal daşdan ibarətdir. Altı metr yarım hündürlükdə olan heykəlin daşı Ukraynadan gətirilib. Daşı karxanadan səkkiz tank çıxarıb. Bu maraqlı hekayəni filmdə, heykəltəraşın həyat yoldaşı nəql edir.

 





30.11.2017    çap et  çap et