525.Az

"Azərbaycan əlyazmaları dünya kitabxanalarında"


 

"Azərbaycan əlyazmaları dünya kitabxanalarında"<b style="color:red"></b>

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda "Azərbaycan əlyazmaları dünya kitabxanalarında" mövzusunda II Beynəlxalq elmi-nəzəri konfrans keçirilib.
 
Konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açıb. Multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu vurğulayan akademik İsa Həbibbəyli 2017-ci ilin ölkədə İslam Həmrəyliyi ili olmasını qeyd edərək, Finlandiyada, İstanbulda, Daşkənddə, Sankt Peterburqda bununla bağlı geniş tədbirlər keçirildiyini bildirib. Akademik Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin AMEA ilə birlikdə bir sıra tədbirlərə imza atdığını deyib, ölkə başçısının və rəsmi dövlət qurumlarının elmə və alimlərə qayğısından da danışıb. O, son illər Akademiyada aparılmış islahatların nəticələri, alimlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlardan söz açıb. Akademik çıxışının sonunda konfransın işinə uğurlar diləyib, iclasların səmərəli keçəcəyinə əminliyini bildirib.

Plenar iclasda AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli əlyazmaların toplanması, nəşri və qorunub saxlanması sahəsində son dövrdə görülən işlərdən söhbət açıb. Akademik dünya kitabxanalarında Azərbaycana aid böyük əlyazma xəzinələrinin olduğunu qeyd edərək, bu əlyazmalarda Azərbaycanın mədəniyyəti, tarixi, milli-mənəvi dəyərləri barədə çox zəngin fakt və informasiyaların olduğunu bildirib. Alim həmin əlyazmaların dünyaya tanıtmağın vacibliyini vurğulayaraq, bu məsələdə beynəlxalq konfransın mühüm rol oynayacağını qeyd edib.

Tədbirdə İran İslam Respublikasının Təbriz Azad Universitetinin professoru  Mohəmməd Amin Sultan Ol-Qurrainin  "Təbrizli Saibin "Külliyyatı"nın nadir əlyazma nüsxəsinin tanıtımı",  AMEA-nın Gəncə Elmi Mərkəzinin əməkdaşı,  filologiya elmləri doktoru, professor  Xəlil Yusiflinin  "Nizami Gəncəvi əsərlərinin əlyazmaları və elmi-tənqidi nəşrləri", Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavinləri - filologiya üzrə elmlər doktoru Paşa Kərimovun "Həcc səfərləri marşrutları xatirə və səfərnamələrdə", filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərlinin "Koroğlu"nun Paris və Tiflis nüsxələri dünya kitab dövriyyəsində" və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayevin "Akademik Vasim Məmmədəliyevin Azərbaycanda İslam həmrəyliyində rolu" mövzusunda məruzələri dinlənilib.

Plenar iclasdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib. İclaslarda 30-dan çox elmi məruzəsinin dinlənilib müzakirə olunması nəzərdə tutulur.

 





30.11.2017    çap et  çap et