525.Az

Milli Observatoriyanın konsepsiya sənədi və tədbirlər planının təqdimatı oldu


 

Milli Observatoriyanın konsepsiya sənədi və tədbirlər planının təqdimatı oldu<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əmək bazarının monitorinqi və proqnozlaşdırılması üzrə Milli Observatoriyanın (müşahidə sisteminin) konsepsiya sənədinin və fəaliyyət planının təqdimatı olub.

Nazirlikdən verilən məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, təhsil nazirinin müavini Mətin Eynullayev, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Avropa Təhsil Fondunun baş mütəxəssisi Eduarda Kastel-Branko, İrlandiyanın Davamlı Təhsil və Təlim üzrə Agentliyinin şöbə müdiri Con Mak Qrat, habelə Dövlət Statistika Komitəsinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri iştirak ediblər.

S.Müslümov tədbiri giriş sözü ilə açaraq bildirib ki, ölkəmizdə əhalinin səmərəli məşğulluğunun təmin olunması məqsədilə əmək bazarının mövcud vəziyyətinin qiymətləndirilməsi üçün monitorinqlərin aparılması, əmək bazarının kəmiyyət və keyfiyyət parametrləri nəzərə alınaraq, həmçinin, əmək bazarında zəruri kvalifikasiyalar müəyyən olunmaqla orta və uzunmüddətli dövr üçün təkmil proqnozlaşdırma sisteminin yaradılması dövlət məşğulluq siyasətinin prioritet istiqamətləri sırasındadır: "Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da bu məqsəd ifadə olunub. Dövlət başçısının başqa bir fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında peşə təhsilinin və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nin həyata keçirilməsi ilə bağlı Tədbirlər Planının 1.1.1-ci bəndində də əsas icraçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olmaqla əmək bazarında strateji məşğulluq sahələrinin müəyyən edilməsi və kadr tələbatının proqnozlaşdırılması tədbiri əksini tapıb".

Tədbirdə E.Kastel-Branka və C.M.Qrat Azərbaycanda əmək bazarının monitorinqi və proqnozlaşdırılması üzrə Milli Observatoriyanın konsepsiya sənədi və fəaliyyət planını təqdim ediblər. Təqdimat zamanı ətraflı müzakirələr aparılıb. Milli Observatoriyanın strukturu, proqnozlaşdırma sisteminin metodologiyası, əmək bazarı üzrə məlumatların toplanması və təhlillərin daha şəffaf, keyfiyyətli həyata keçirilməsi və s. ilə bağlı məsələlər da müzakirə edilib.

CEYHUN

 





30.11.2017    çap et  çap et