525.Az

Sosial xidmət müəssisələrinin işinin təşkili mövzusunda konfrans


 

Sosial xidmət müəssisələrinin işinin təşkili mövzusunda konfrans <b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə "Sosial xidmət müəssisələrinin işinin təşkili: Avropa standartları və Azərbaycan təcrübəsi" mövzusunda konfrans keçirilib.

Nazirlikdən verilən məlumata görə, Bakının Zabrat qəsəbəsində yerləşən reabilitasiya və sosial sığınacaqlar kompleksində keçirilən konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Edvard Karvardin, ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının, ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

S.Müslümov konfransı giriş sözü ilə açaraq vurğulayıb ki, prezident İlham Əliyevin sosial siyasət kursuna uyğun olaraq, sosial müdafiə sisteminin səmərəliliyinin və əhatəliliyinin artırılmasına yönələn islahatlar sosial xidmətlər sisteminin də sosial məsələlərin həllində rolunun artırılmasına şərait yaradıb: "Artıq ölkəmizdə hansı şəxslər ki, çətin həyat şəraitində yaşayırlar, onların bu və ya digər səbəbdən sosial-psixoloji vəziyyətini, məişətini çətinləşdirən və təkbaşına bacarmadıqları problemlərin həllində dövlət dəstəyini nəzərdə tutan geniş əhatəliliyə malik sosial xidmətlər sistemi formalaşıb. Həmin şəxslərin sırasına xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti və onlara qulluq, köməklik göstərə biləcək əmək qabiliyyətli qohumları olmayan şəxslər, sağlamlıq imkanları məhdud, yaxud valideynlərini itirən və ya valideyn himayəsindən məhrum olan uşaqlar daxildir. Baxımsız və ya sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar, məişət zorakılığından zərər çəkənlər, müəyyən yaşayış yeri olmayanlar, insan alveri qurbanları və qanunvericilikdə nəzərdə tutulan digər kateqoriyalardan olanlar sosial xidmət sistemi ilə əhatə olunublar".

Nazir hazırda 1100 nəfərdən çox şəxsə sosial xidmət müəssisələrində stasionar şəraitdə, 11,2 min nəfər tənha ahıl və əlil şəxsə evlərində səyyar formada sosial xidmətlər göstərildiyini bildirib.

H.Rəcəbli isə son illərdə ölkəmizdə yeni yaradılan sosial xidmət müəssisələrinin bu sahədə dövlət siyasətinin güclənməsindən xəbər verdiyini qeyd edib. Komitə sədri aparılan islahatların sosial xidmət sisteminin daha da inkişaf etməsinə və səmərəliliyinin artmasına, çətin həyat şəraitində olan şəxslərin sosial problemlərinin həllində sosial xidmətlərin rolunun əhəmiyyətli şəkildə artmasına imkan verəcəyini bildirib.

K.Yankauskas Avropa İttifaqı ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq təcrübəsinin sosial müdafiə sahəsini də əhatə etməsindən məmnunluğunu ifadə edib. O, Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti çərçivəsində icra olunan "Sosial xidmətin inkişafı" tvinninq layihəsinin sosial xidmətlərlə bağlı Avropanın qabaqcıl təcrübəsinin öyrənilməsinə şərait yaratdığını diqqətə çatdırıb.

E.Karvardin isə Azərbaycanda sosial xidmətlər sisteminin mühüm bir istiqamətinin uşaqlara yönəlməsinin, müvafiq təbəqələrdən olan uşaqların və ailələrin sosial xidmətlərə əlçatanlığının təmin olunmasının, beləliklə, həmin uşaqların reabilitasiya imkanlarının artırılmasının UNİCEF tərəfindən rəğbətlə qarşılandığını qeyd edib, təşkilatın bu sahədə ölkəmizdə aparılan işlərə həmişə dəstək vermək əzmində olduğunu vurğulayıb.

Konfransda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov "Sosial xidmət müəssisələrinin işinin təşkili: Avropa standartları və Azərbaycan təcrübəsi" mövzusunda məruzə ilə çıxış edib.

Daha sonra Dövlət Sosial Müdafiə Fondunun nəzdindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Nəzakət Balabəyova, UNİCEF-in Azərbaycan nümayəndəliyinin Uşaq müdafiəsi şöbəsinin müdiri Vüqar Salmanov, "Müşfiq" Sağlamlıq imkanları məhdud uşaqlara yardım İctimai Birliyinin sədri Validə Abbasova, "İnkişaf Naminə İdman" İctimai Birliyinin sədri Mehman Kərimov, Bakı Dövlət Universitetinin Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev, Azərbaycan Universitetinin Sosial iş fakültəsinin dekanı Aygün Musayeva mövzu ilə bağlı çıxış ediblər.

Qeyd edək ki, tədbirdən əvvəl konfrans iştirakçıları Dövlət Sosial Müdafiə Fondunun Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağında və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində yaradılmış şəraitlə yaxından tanış olublar.

C.ABASOV

 





30.11.2017    çap et  çap et