525.Az

Quba xalçaçılığının Qonaqkənd qolu


 

Quba xalçaçılığının Qonaqkənd qolu<b style="color:red"></b>

Azərbaycanda xalçaçılıq zəngin və qədim tarixə malikdir. Qədim dünya tarixçiləri - Heredot, Klavdi Elian, Ksenofont və başqaları Azərbaycanda xalçaçılığın inkişafı haqqında məlumat veriblər.
 
Azərbaycan xalçaçılıq sənəti həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng və texniki xüsusiyyətlərinə görə 7 əsas xalçaçılıq məktəbinə ayrılır: Quba, Abşeron, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz.    

Quba xalçaçılıq məktəbi 

Quba qədim xalçaçılıq məskənidir və Quba xalçaları dünya miqyasında yüksək qiymətləndirilir. Bu xalçaların kompozisiyası digər xalçaların kompozisiyasından daha mürəkkəbdir. Macarıstanın paytaxtı Budapeştdə, ABŞ-ın Viktoriya və Albert muzeylərində, İsveçrədə, İranda Quba xalçaları vardır. Vyanada XV əsrə aid "İncəsənət və sənaye" muzeyində saxlanan naxışlı Quba-Şirvan tipli xalça var. Bu xalçalar Kanada, ABŞ, Yaponiya, Suriya, İtaliya, Türkiyə, ADR, Belçika yarmarkalarında nümayiş etdirilib. XV-XVI əsrlərdə yaşamış dünya şöhrətli rəssamların əsərlərində Quba xalçalarının təsvirinə rast gəlinir. Qərbi Avropada məşhur olan, 1472-ci ildə çəkilmiş "Məryəm ana uşağı ilə birlikdə" tablosunun müəllifi Niderland rəssamı Hans Memlinq Məryəmin ayaqları altında Quba-Şirvan tipli Azərbaycan xalçasını təsvir etmişdir.

XIX əsrin əvvəlləri 1920-ci ilə qədər Quba xalçası öz texnologiyası və kompozisiyasına görə dünyada birincilərdən olub. Bu xalçalar ayaq altında 100 ildən çox yaşaya bilib. Xalqımızın, eləcə də nənələrimizin ulu sənəti keçmişimizi, mədəniyyətimizi, zəkamızın yüksəkliyini dünyaya bildirir. Zəngin təxəyyülü ilə elm yaradan nənələrimizin yaratdıqları bu gün də alimləri düşündürməkdədir. Zəkanın yüksəkliyi görülən işin mürəkkəbliyi ilə bağlıdır. Azərbaycan təbiətini bilən, bitkilərini yaxşı tanıyan nənələrimiz ustad sənətkar nənələrindən dərs almışlar. Mərkəzləşmiş rəhbərliyi, planı, proqramı olmayan bu məktəblərdə nə qədər qadınlar dərs almış, bütövlükdə Azərbaycan xalçaçılığını, o cümlədən, ən böyük məktəbini - Quba xalçaçılığını inkişaf etdirmişlər.

XIX əsrin sonu XX əsrin əvvəlləridə çiçili xalça ustası Əfəndiyeva Güllərin toxuduğu xalçalar sənət əsərinə çevrilmiş, "Herat-Pirəbədil" xalçası Fransada keçirilən tətbiqi sənət sərgisində qızıl medala layiq görülmüşdür.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra xalçaçılığın inkişafı dövlətin diqqət mərkəzinə keçdi. Bunun nəticəsi olaraq respublikada "Azərxalça birliyi" yaradıldı. 1930-cu illərdə 85 min xalçaçıya rəhbər olan Lətif Kərimov ixtisaslı kadrlara ehtiyacı ödəmək məqsədilə 1934-cü ildə Qubada Xalçaçılıq texnikumunun açılmasına təşəbbüs göstərir. Texnikumda baş ustalar, texnoloqlar, yoxlayıcılar xalça sənətinin bədii və texnoloji sirlərinə yiyələnirlər. Respublikanın bir çox rayonlarından burda təhsil alırdılar. Xalçaçılığın inkişafına Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə də qayğı göstərilmişdir. 1983 və 1988-ci illərdə Azərbaycan xalça sənətinə dair beynəlxalq simpoziumlar keçirilmiş, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi fəaliyyətini genişləndirmiş, muzeyin Quba, Gəncə və Şuşa filialları açılmışdır.            

Xalçaçılığın inkişafı üçün baza 

Quba xalçaçılıq məktəbinə (Quba, Şabran, Qonaqkənd məntəqələri) "Quba", "Köhnə Quba", "Pirəbədil", "Xırdagülçiçi", "Sırtçiçi", "Alşagülçiçi", "Qımıl", "Hacıqayıb", "Qrız", "Mollakamallı", "Şahnəzərli", "Zeyvə", "Qonaqkənd", "Afurca", "Yerfi", "Cimi", "Xan" və başqa xalça kompozisiyaları daxildir. Azərbaycan xalçaçılıq sənətində görkəmli yer tutan bu məktəbin zəngin və mürəkkəb naxışlı xalçaları çox məşhurdur. Xalçaçılığın ta qədimdən bu ərazidə yüksək inkişafı ona görə olmuşdur ki, Böyük Qafqazın yamaclarında yüzminlərlə qoyun bəslənilmiş, bu qoyunların yunu əl əməyi ilə emal olunaraq geyim üçün, toxuculuq məmulatları üçün istifadə edilib. Bu dağların oğlu Qaraca Çoban da Qazan xanın sürülərini bu ərazilərdə bəsləyib.

1930-cu ildən 1959-cu ilədək mövcud olmuş Qonaqkənd rayonu ərazisində əhalinin əsas məşğuliyyəti qoyunçuluq olmuşdur. Yayda davarını Şahdağ, Babadağ yaylaqlarında bəsləyən qoyunçular qışda Dərbənd-Şabran istiqamətində dəniz kənarlarında və Şirvan düzündə saxlamışlar. Bu gün təkcə Xaçmaz rayonu ərazisində 52 kəndin adında oba, qışlaq sözlərinin olması buna sübutdur.

Əfsus ki, xalçaçılıq üçün baza olan qoyunçuluq, eləcə də bu qoyunçuluğun inkişafına baza olacaq Qonaqkənd rayonu 1959-cu ilin 4 dekabrında ləğv edildi. Qonaqkənd rayonunun ərazisi gözdən iraq, könüldən uzaq oldu. 1960-cı illərdə 60 minə yaxın qoyunu olan Xınalığın, eləcə də digər dağ kəndlərinin tənəzzülü başladı. 1970-ci illərdə respublika rəhbərliyi Quba ərazisində yun emalı müəssisəsinin açılmasını münasib bildi. Lakin o vaxtkı rayon rəhbərliyi işçi qüvvəsinin azlığı bəhanəsilə boyun qaçırdı. Müəssisə Yevlaxa verildi. Sual yaranır: "Məgər Mingəçevir SES tikiləndə lazım olacaq işçi qüvvəsi orda vardımı? Əksinə, burada açılacaq hər hansı müəssisə işçi qüvvəsinin kənara axınını zəiflədərdi.

Quba-Xaçmaz zonası dedikdə meyvəçilik və tərəvəzçilik yada düşür. Amma bu zonanın dağlıq ərazisinin - keçmiş Qonaqkənd rayonunun meyvəçilik və tərəvəzçiliklə heç bir əlaqəsi yoxdur.

Qonaqkənd ərazisinin Qubaya birləşdirilməsi Xaçmaz ərazisindəki oba və qışlaqların böyük kəndlərə çevrilməsinə səbəb oldu. Dağlar boşaldı. Qoyun bəsləyən Qaraca çobanlar bazar alverçilərinə çevrildilər. Bu dağ çaylarının həzin ana laylası və ana naləsi eşidilməz oldu.

Qonaqkəndin "Qumaş" xalça arteli

1931-ci ildə Azərbaycan SSR Sənaye Kooperasiyası Şurası Azərxalçaittifaq Qonaqkənd Sənaye "Qumaş" xalça artelini təşkil etdi. Tezliklə digər dağ kəndlərində xalça sexləri işə düşdü. Bu sahədə çalışan qadınlar arasından respublikada tanınan xalça ustaları meydana çıxdı. Ötən əsrin ortalarında toxuduğu xalçaları muzeylərin ən qiymətli eksponatına çevrilən Mustafayeva Gülnənə həmin dövrün yüksək təltifinə - SSRİ Dövlət Mükafatına layiq görülmüşdür. Dəfələrlə Qonaqkəndin "Qumaş" xalça fabrikinin xalçaları sərgilərdə mükafata layiq görülmüşdür. Qonaqkənd xalçaçılığı haqqında qəzetlərdə oxuyuruq: "1908-ci ildə Peterburqda rus muzeyinin etnoqrafiya şöbəsinə Azərbaycan xalçalarını toplamaq tapşırılıb. Görkəmli etnoqraf, muzeyin Qafqaz şöbəsinin ilk müdiri Aleksandr Miller Dəvəçinin Pirəbədil, Qubanın Çiçi, Qonaqkəndin Yerfi kəndlərini gəzib, xeyli xalça toplayıb”. ("Kommunist" qəzeti, 11 may 1988-ci il.)  Və ya: "Azərxalça İstehsalat Birliyinin Şuşadakı sexi üç aydır ki, işləyir. Doqquz dəzgahda 30 toxucu işləyir. Altısında "Yerfi", üçündə "Köhnə Quba" çeşnili xalçalar toxunur. Hamısı ixrac üçündür". ("Kommunist" qəzeti, 15 iyun 1988-ci il.)

1970-ci ildə Qonaqkənd "Qumaş" xalça fabrikinin nəzdində Qubada xalça sexi təşkil olunmuşdur. Hazırda Qubada 2 xalçaçılıq müəssisəsi fəaliyyət göstərir. Yaxın günlərdə yenisi də açılacaqdır. Ötən günlərdə rayonun Alpan kəndində də xalçaçılıq müəssisəsi açılmışdır. Bunlar fərəhləndirici xəbərlərdir. Heç şübhəsiz, xalçaçılığa qayğının artırılmasıdır.

Qonaqkənd rayonunun ləğvi bu əraziyə vurulan öldürücü zərbə oldu. Bir çox sahələr kimi, xalçaçılıq da zəiflədi. Adı respublikamızdan kənarda tanınan "Qumaş" xalça fabriki isə 1999-cu ildə 68 yaşında fəaliyyətini dayandırdı. Əsrlərin sınaqlarından çıxmış, nəsildən nəslə ötürülmüş, əsasən dağ kəndlərinin məşğuliyyətinə çevrilmiş bu peşə Qonaqkənd ərazisində yavaş-yavaş sıradan çıxmaq üzrədir. Bu gün də gec deyil. Qoyunçuluq gəlirli sahədir. Xalçaçılıq olan yerdə xammal da olmalıdır. Babalarımız görüb deyiblər:

Qoyunlu ellər gördüm,
Qurulu yaya bənzər.
Qoyunsuz ellər gördüm,
Qurumuş çaya bənzər.

Bu dağlarda əhalinin sayına deyil, kənd təsərrüfatının inkişafına - qoyunçuluğun, atçılığın, heyvandarlığın, arıçılığın inkişafına diqqəti artırmaq, kənd təsərrüfatının bazasını qüvvətləndirmək lazımdır. Bu baza qüvvətlənəndə əhali sayı da artacaqdır.

Son illərdə respublikamızın müxtəlif bölgələrində, hətta adı xalçaçılıq tarixində olmayan rayonlarımızda xalçaçılıq sexləri açılır. Lakin xalçaçılıq tarixində yeri olan böyük bir əraziyə gözucu da olsa baxılmır. Üzümü Qonaqkənd ərazisindən olan imkanlı şəxslərə tutub deyirəm: "Unutmayın ki, Siz bu dağların övladısınız. Dağ qeyrətli, Zeynalabdin Tağıyev məsləkli olun!"

Tahir HƏSƏNLİ
Quba rayonu, Yerfi kəndi

 





01.12.2017    çap et  çap et