525.Az

İşıq, ümid və inam şairi – Fikrət Sadıq


 

İşıq, ümid və inam şairi – <b style="color:red">Fikrət Sadıq</b>

Ta qədimdən istedadlı qələm sahibləri ilə zəngin olan Azərbaycan ədəbiyyatı 60-cı illərdə yeni epoxaya qədəm qoydu. Məhz bu nəslin nümayəndələrinin yaratdığı əsərlər ədəbiyyatımızın zənginləşməsində böyük rol oynamış, o cümlədən insana, mənəvi mühitə daim təsir etmişdir. Bu nəslin böyük yaradıcılıq imkanlarına malik ədəbi simalarından biri də şair, Azərbaycan Dövlət Mükafatı Laureatı Fikrət Sadıqdır. Fikrət Sadıqla tanışlığım 2011-ci ildən – doktoranturaya qəbul olduğum vaxtdan başlayır. Amma düzünə qalsa o məni bu tarixdən tanıyır, mən isə bir Azərbaycan oxucusu kimi şeirə olduqca həssas olduğumdan, yaradıcılığına bələd olduğum şairi əvvəldən tanıyır və daima şeirlərini mətbuatda sevə-sevə izləyirdim.

 Xalqımızın ədəbi-estetik zövqünün formalaşmasında ən istedadlı şairlərimiz böyük rol oynayıblar. Tədqiqatçılar haqlı olaraq yazırlar ki, Azərbaycan şairlər Vətənidir (Səməd Vurğun). Bu gün məmləkətimizin az qala hər qarışından bir şair göyərir... Burada həmişə böyük şairlər yetişmiş, şeirimizi, bədii söz sənətini zənginləşdirmişlər. Tarix göstərir ki, bütün zamanlarda şeir yazanlar az olmamışdır. Orası da var ki, hər parlayan qızıl olmadığı kimi hər şeir yazan da şair sayılmaz. Amma Fikrət Sadıq yaradıcılığı çox zəngin poetik bir aləmdir.

İlk tanışlığımızdan Fikrət Sadıq haqqında ilkin təəssüratım şairdə gördüyüm sadəlik, təbiilik, nikbinlik oldu. Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, Fikrət Sadıq əksər vaxtlarda şeirlərinə verdiyi başlıqlarda da, demək olar ki, inam, ümid və nikbinliyə işarələr edir. Məsələn, “Ağ bənövşə”, “Ümid”, “İşıq şeirləri” və sairə.

Quş qanadına inanar,
Kor əl ağacına,
Mən ümidimə.
Quşun qanadı qırıla bilər,
Korun əl ağacı,
Ümidim yox! 

Demək olar ki, şairin nəşr etdirdiyi kitablarına verdiyi adlar da belədir: “Sevgi yağışı”, “İşığın yaşı”, “Ağ cığır”, “Yerdən göyə ümid” və s.

Həyatı zəhmətlə yaşamağı seçən şair haqqında Xalq yazıçısı Elçin belə demişdir ki, “Fikrət çətinliklərdən yazır – özü çətinliklər çəkmişdir, müharibə illərinin ac-yalavac uşaqlığından, yeniyetməliyindən yazır – özü elə bu cür yaşamışdır. İşıqçəkən bir fəhlənin həyatından poema yazır – özü işıqçəkən fəhlə olmuşdur. Fikrətin istedadlı poeziyası belə bir nüfuzlu təcrübəyə arxalanır”.

Fikrət Sadıq (Sadıqov Fikrət Abbas oğlu) 1930-cu ilin xoş bir çağında Azərbaycanın dilbər guşələrindən biri olan Şamaxı şəhərində anadan olmuşdur. O, Xaqani, Nəsimi, Seyid Əzim, Sabir və başqa böyük dahi şairlərin məskəni sayılan Şirvan ədəbi mühitinin istedadlı şairlərindən biri və böyük sənət müəllimlərinin layiqli davamçılarındandır. F.Sadıq da Sabir kimi eyni gündə (fərqli illər), yəni mayın 30-da dünyaya gəlib. Zəhmətkeş insan kimi gündüz dəmir yolunda elektrik montyoru işləyə-işləyə axşamlar oxuyub orta məktəbi bitirmişdir. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuş, 1961-ci ildə oranı bitirmişdir. O, tələbəlik illərindən ədəbi fəaliyyətə başlamış və ilk dəfə “Ana əli” poeması Universitet nəşriyyatının “Gənclik nəğmələri” almanaxında işıq üzü görmüşdür. Sonralar F.Sadığın bir sıra şeirləri Şamaxıda çıxan “Yeni Şirvan” qəzetində, “Ədəbiyyat və incəsənət”, “Azərbaycan gəncləri”, “Azərbaycan pioneri” və s. mətbuat orqanlarında çap olunmuşdur. Xalq yazıçısı” Anar yazır: “O vaxtlar hələ indiki şöhrətlərinə çatmamış Fikrət Sadıqla Fikrət Qocanı bəzən dəyişik salırdılar. “Qoca” sözü Fikrət Sadığa daha uyğun gəlirdi. Ümumiyyətlə, Fikrət Sadığın zahiri görünüşü onu tanıyan insanlarda müxtəlif anımlar oyadırdı. Şairin portretini çəkmiş Toğrul Nərimanbəyov onu gürcüstanlı rəssam Pirosmaniyə bənzədirdi. Qabil israr edirdi ki, zahiri görkəminə, mənəvi saflığına görə Dədə Qorqud roluna məhz Fikrət Sadığı çəkmək lazımdır. Onu gah Balzaka, gah Mopassana oxşadırdılar”.

F.Sadıq onu F.Qocayla dəyişik salınmasına görə “Fikrətdən Fikrətə” şeirində yazır:

Mən tələsib qocalanda demişdin:
“Fikrət Sadıq, sən qocalma qoca var”.
Bir dünya ki, Qocanı da qocaltdı,
Bu dünyadan baş götürüb “qaça” var! 

F.Sadığın “Cığır” adlı ilk şeirlər kitabı 1963-cü ildə nəşr olunsa da daha sonralar iyirmidən çox şeirlər kitabı, bir neçə publisistik toplularını çap etdirmişdir. O, bədii tərcümə ilə də müntəzəm məşğul olmuşdur. Böyük Azərbaycan şairi Şəhriyarın məşhur “Azərbaycan” şeirini farscadan Azərbaycan türkcəsinə çevirən şair haqqında Xalq şairi Qabil yazmışdı: “Şəhriyarın məşhur “Azərbaycan” şeirini Fikrət kimi tərcümə edən ikinci adam çətin ki tapıla”:

Könlüm quşu qanad çalmaz
sənsiz bir an, Azərbaycan!
Xoş günlərin getmir müdam
xəyalımdan, Azərbaycan!
Səndən uzaq düşsəm də mən,
eşqin ilə yaşayıram,
Paralanmış qəlbim kimi qəlbi viran,
 Azərbaycan!...

“İçərişəhər”, “Naxçıvan – 50”, “Süleyman Rüstəm” sənədli filmlərinin, “Cırtdanın yeni sərgüzəştləri” cizgi filminin ssenariləri yazmışdır. Nəsr sahəsində də qələmini sınamışdır: “Xırdaca gəlin”, “Daş balkon”, “İlk məhəbbət haqqında daha bir hekayə” və s. onun qələminin məhsuludur (1962-1987).

F.Sadıq uşaqlar üçün də bir neçə pyes yazmışdır: “Yumaq top” , “Bir parça Vətən”, “Oğul”, “Biri vardı, biri yoxdu” pyesləri tamaşaya qoyulmuşdur.

Hələ yaradıcılığa gəldiyi ilk vaxtlarda F.Sadıq haqqında Mirvarid Dilbazi “Bir gəncin şeirləri haqqında” məqaləsində yazırdı: “Azərbaycan ədəbiyyatı hər il çoxlu pöhrə verən, düymə bağlayan bir gül bağına bənzəyir. Bu pöhrələr, bu qönçələr ədəbiyyatımızın sabahkı ətirli gülləridir... Oxuculara tanıtmaq istədiyim Fikrət Sadıq da bu gənclərdən biridir. Fikrətin “Cığır”, “Bulud” və xüsusilə xalq əfsanəsi əsasında yazdığı “Ana əli” poeması onun gələcəkdə yaxşı bir şair olacağını göstərir”.

Şair sözü yüksək və müqəddəs bir sözdür. Bu sözdə olmayan əbədi bir şöhrət vardır (V.Q.Belinski). Doğrudan da belədir. F.Sadıq həmişə şeirə, poeziyaya yüksək qiymət verib:

Şair də xəyalına arxalanıb
özü yorulanda, xəyalı qalır oyaq,
xəyalı yorulanda – özü.
Qoşa addımlayırlar beləcə
bir ömrün
Enişli-yoxuşlu yollarında.

F.Sadığın yaradıcılığında diqqəti xüsusilə çəkən “Miniatür şeirlər” silsiləsidir ki, o, burada beş, üç, iki və hətta bir misrada az sözlə böyük mənalar ifadə edilir:

Yalan ayaq tutsa da yeriməz deyiblər.
Amma bir yalançını işə gələn
görürəm hər səhər. 

Və ya;

Birisi öləndə gülən var hələ
Birisi güləndə ölən var hələ. 

Düzdür, bəzən heca, əsas etibarilə də sərbəst vəznin geniş imkanlarından yüksək sənətkarlıqla dəyərlənən, öz poetik üslubunu yaratmağa müvəffəq olan, ən aktual və maraqlı mövzulara müraciət etməyi bacaran şairin zaman keçdikcə yazdığı şeirləri dolğunluğa, böyük məna tutumuna görə ilk şeirlərdən fərqini görmək elə də çətin deyil. B.Vahabzadə, B.Nəbiyev, A.Axundov, Ə.Cəfərzadə və b. böyük ədəbiyyat adamları öz məqalələrində F.Sadıq yaradıcılığını müxtəlif aspektdən təhlil etmiş və yüksək qiymətləndirmişlər. Bəxtiyar Vahabzadə yazmışdı ki, “Bu cavan şairin xoşbəxtliyi orasındadır ki, o, nəinki başqalarını, hətta öz-özünü belə təkrar etmir”.

İstedadlı şair və gözəl insan kimi oxucu yaddaşına həkk olunmuş Fikrət Sadığı doğum günü münasibətilə təbrik edirəm. Xalq şairi Qabil yazdığı kimi:

Saçın zirvələrin qarından bəyaz,
Ümman dərinisən – deyilsən dayaz!
Ay qələmi silah, çəliyi dayaq,
Səni çox görməsin xalqıma, Allah! 

Yeganə QURBANOVA

 





07.06.2013    çap et  çap et