Azərbaycanın 9 bölgəsindən olan məktəblilər və amerikalı sülhməramlı korpus könüllüləri arasında “Sülh kuboku” adlı bilik yarışması uğurla baş tutdu.
İntellektual oyun şəklində həm Azərbaycan, həm də İngilis dillərində keçirilən müsabiqədə suallar Azərbaycan və ABŞ mədəniyyəti, tarixi, coğrafiyası və ölkələrarası münasibətləri əks əks etdirirdi. Mərhələlərarası fasilələr hər iki ölkəni təcəssüm edən canlı musiqi, rəqslər və oyunlardan ibarət idi. Müsabiqənin nəticələrinə görə I yeri Şəki komandası, II və III yerləri isə müvafiq olaraq Tovuz və Siyəzən komandaları tutdu.
Mükafatlandırma mərasimində ABŞ-ın Azərbaycandakı səfirinin xanımı Faith Morningstar, ABŞ Beynəlxalq Təhsil Şurasının direktoru Peter Vanderwol, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Fuad Seyidbəyov, “BİZ” İctimai Birliyinin rəhbəri Aynur Məmmədova, həmçinin layihənin təşkilatçısı Aliyar Hüseynov çıxış etdilər.
Xanım Morninqstar öz çıxışında “CASE” təşkilatına bu kimi sosial layihənin keçirilməsinə görə dərin minnətdarlığını bildirərək, bu cür layihələrin ölkələrarası münasibətlərdə mühüm rol oynadığını qeyd etdi.
Bütün iştirakçılar sertifikat və hədiyyələrlə təltif olundular. Bundan başqa iştirakçılar üçün şəhər gəzintisi və əyləncə mərkəzinə getmələri də təşkil edildi.
Sosial layihə Azərbaycanlı Tələbələrin İnkişaf Koalisiyası (CASE) təşkilatı və Biz İnkişaf Zamanındayıq (BİZ) İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, ABŞ-ın Azərbaycan səfirliyinin, “ALTRO” agentliyinin və “Nar Mobile” şirkətinin dəstəyi ilə 5 – 6 iyun tarixində həyata keçirilib.
çap et