525.Az

“Aqrar mütəxəssis” 80 illiyinə hazırlaşır


 

“Aqrar mütəxəssis” 80 illiyinə hazırlaşır<b style="color:red"></b>

“ƏKİNÇİ” ƏNƏNƏLƏRİ DAVAM ETDİRİLİR 

Bu günlərdə Azərbaycan Dövlət Aqrar Universitetinin rektorluğu, professor-müəllim və tələbə heyəti 80 il ərzində aybaay, ilbəil qocaman elm ocağının tarixini yazmış, sevimli qəzetinin yubileyini qeyd etməyə hazırlaşır.

Keçən əsrin 20-ci illərində əsası qoyulmuş və respublikamızın aqrar elm məbədi kimi tanınan Azərbaycan Dövlət Aqrar Universiteti özünün əsl intibah dövrünü yaşayır.

Ulu öndər Heydər Əliyevin tövsiyəsi kimi  inkişaf edən, ölkə başçısı İlham Əliyev cənablarının hər zaman diqqət və qayğısı ilə əhatə olunmuş müasir ADAU-nun 7 tədris korpusunda bu gün 4 mindən artıq tələbə təhsil alır.

Aqrar Universitetinin bir əsrə yaxın fəaliyyəti dövründə 70 mindən artıq kənd təsərrüfatı mütəxəssisi yetişdirilib, onların içərisində 33 akademik, tanınmış partiya və dövlət xadimləri olub.

1931-ci ildə institut Bakıdan Gəncəyə köçürülüb, 1933-cü ildən etibarən alimlərin təşəbbüsü ilə təhsil müəssisəsində “Za selskoxozyaystvennıe kadr”, sonradan “Kadr uğrunda” adı altında (hazırkı “Aqrar mütəxəssis”) qəzet çap edilməyə başlayıb. Arxiv mənbələrindən əldə etdiyimiz məlumatlara görə nəşrin ilk redaktoru Süleymanzadə, məsul katibi isə Əsgərova olub.

Əslində milli  mətbuatımızın tarixi aqrar sahə ilə bağlı olan “Əkinçi” qəzetindən başlandığından elə “Aqrar mütəxəssis”  (keçmiş “Kadr uğrunda”) qəzetini də onun varislərindən hesab etmək olar. Vaxtilə Moskva Dövlət Universitetində alimlik dərəcəsi almış, Azərbaycan maarifçilik ideyalarının yayılmasında əvəzsiz rolu olan Həsən bəy Zərdabinin və onun yaratdığı “Əkinçi” qəzetinin o dövrdə təsis edilmiş digər mətbu nümunələrlə bərabər gələcək “Kadr uğrunda” nəşrinin də yaranmasında ideya-təsir rolu olub.

“Aqrar mütəxəssis” hansı tarixi missiyanı həyata keçirib 

Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Demokratik Respublikası yarandığı ilk gündən kənd təsərrüfatı kadrlarının hazırlanmasına xüsusi əhəmiyyət verirdi. 1918-ci il mayın 28-də Tiflisdə yaranan Xalq Cümhuriyyəti Gəncəni paytaxt elan etdikdən sonra həmin il iyunun 17-də ilk toplantısını məhz ADAU-nun yerləşdiyi tarixi binada keçirdi. Məhz bu binada taleyüklü sənədlər, həmçinin torpaq məsələsi  ilə bağlı qərarlar qəbul edildi.

1918-ci ildə Fətəli Xan Xoyski hökuməti ölkədə kənd təsərrüfatı üzrə təhsil ocağının təşkilinə dair qərar vermişdi. O dövrdə 100 istedadlı gəncin xaricdə təhsil almağa göndərilməsi qərarı  görünməmiş hadisə idi. Lakin bu qabiliyyətli gənclərin əksəriyyəti, o cümlədən İtaliyada təhsil almış seleksiyaçı alim Ə.C.Rəcəbli, Almaniyada biliyini artıran Hüsü Nağıyev və başqaları sonradan repressiya qurbanlarına çevrildilər.

Azərbaycan Dövlət Himninin müəllifi, universitetimizin 1931-1934-cü illərdə dillər kafedrasının yaradıcısı və professoru olmuş şair Əhməd Cavadın acınacaqlı taleyi isə hər bir azərbaycanlıya yaxşı məlumdur. Bu tarixi şəxsiyyətlər qəzetə çox yaxın olmuş, elmi, iqtisadi və mədəni sahələrdəki aktual çıxışları ilə yanaşı, qısa bir ömür yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü fədakar işlərin tələbə-gənclər arasında təbliğ edilməsində əvəzsiz rol oynamışlar. O dövrdə neçə-neçə görkəmli professorlar, kafedra müdirləri, hətta qəzet redaktoru mənəvi-fiziki işgəncələrə məruz qalmış və sürgün edilmişlər. Ümumilikdə 29 nəfər adlı-sanlı ziyalımız repressiya qurbanı olmuşdu.

Qəzetin tarixi missiyalarından biri də ondan ibarət olub ki, onun səhifələrində akademiklərdən Həsən Əliyev, Validə xanım Tutayuk, Məmmədtağı Qəniyev, İmam Mustafayev, İlyas Abdullayev, Firuz Məlikov, Ağaxan Ağabəyli, Cəbrayıl Hüseynov, Həsən Seyidov, Cahangir Axundov, Rəhim Hüseynov, Ələkbər Quliyev, Yusif Məmmədəliyev, Siddiqə Məmmədova, Məmmədtağı Cəfərov və digər bu kimi nəhənglər vaxtaşırı çıxış etmiş, bu nəşri özlərinə ən yaxın, ən doğma tribuna kimi qəbul etmişlər. Bu gün “Aqrar mütəxəssis” öz tarixi müəllifləri ilə fəxr edə bilər.

“Aqrar mütəxəssis”in illərdən bəri qorunub- saxlanmış, saralmış nüsxələrini vərəqlədikcə, zamanın ağır süzgəcindən keçmiş problemlərlə, kənd təsərrüfatına dair sərgilənmiş dəyərli yazılarla üzbəüz dayanırsan.

20 məzunumuzun Sovetlər dönəmində Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görülməsi o dövr üçün ən böyük göstərici idi. Elə ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov da institutun hazırlıq kursunu yarımçıq qoyub könüllü cəbhəyə gedən tələbələrimizdən olub. Bu faktlar, qəhrəmanların göstərdikləri rəşadət və əldə etdikləri nailiyyətlər “Aqrar mütəxəssis”in səhifələrində davamlı təbliğ olunub.

Qəzetimizin yaşadığı ən şərəfli dövr isə 1979-1980-ci illərə təsadüf edir. 1980-ci ilin dekabrında ulu öndər Heydər Əliyev institutun bayrağına “Şərəf nişanı” ordenini sancmış və təntənəli mərasimdə təhsil ocağının fəaliyyət proqramı ilə bağlı tarixi fikirlərini söyləmişdi. Həmin tarixi məqamlar universitet qəzetinin hazırki fəaliyyətində əsas istiqamətverici xəttdir.

Qarabağ savaşı dövründə “Aqrar mütəxəssis” erməni düşmənlərə qarşı ölüm-dirim mübarizəsinə qalxmış kollektiv üzvlərinin qəhrəmanlıq və şücaətini daim diqqət mərkəzində saxlayıb. Onlarla tələbə və əməkdaşımızın Vətən uğrunda döyüşlərdə həlak olaraq şəhidlik zirvəsinə yüksəlməsi qəzetin yaradıcı heyətinin yazdığı hər bir sətirdə həyəcan hissilə oxucuya təqdim edilir. İki tələbəmizin – İxtiyar Qasımov və Şahlar Allahverdiyevin Milli Qəhrəman adına layiq görülməsi isə qəzetin yaşadığı ən həyəcanlı anlardır. “Aqrar mütəxəssis”in sabiq redaktoru, professor Eynəddin Məmmədovun universitet şəhidlərinə həsr etdiyi kitabı bu baxımdan ən dəyərli nəşrlərdən hesab etmək olar.

 

80 illik tarixin bəhrəsi

 

Qəzet 80 illik tarixi dövründə aqrar elmin inkişafında və yüksəkixtisaslı kənd təsərrüfatı kadrlarının yetişdirilməsində müstəsna xidmətlər göstərib. “Aqrar mütəxəssis”in səhifələrində kənd təsərrüfatı işçilərinə dəyərli məsləhətlər verilməklə yanaşı, Azərbaycan kəndinin mövcud problemləri geniş şəkildə öz əksini tapıb, aqrar sahədəki yeniliklər, elmi nailiyyətlər, tədqiqat işləri lazımınca işıqlandırılıb. Qəzet kamil, intellektual cəhətdən tam yetişmiş, öz peşəsinə dərindən bələd olan həqiqi vətəndaş və ziyalı ordusunun yaradılmasında əsl fədakarlıq nümunəsi göstərib.

Bu gün “Aqrar mütəxəssis” qəzeti rəngli formatda, keyfiyyətli kağızda, müasir dizayn və tərtibatda öz daimi oxucularına – tələbə və professor-müəllim heyətinə təqdim edilir. Müasir Azərbaycan gəncinə özünürealizə üçün geniş imkanlar yaratmaq, onların elmi-tədqiqat işlərinə stimul vermək, tələbələri müasir dünyanın elmi nailiyyətlərinə uyğun şəkildə irəli çəkmək kimi vəzifələr qəzetimizin əsas ana xətti, perspektiv inkişaf proqramıdır.

Bu gün qəzet həm də elektron variantda oxucularına təqdim edilir. Redaksiyamızın qapısı hər bir gənc tələbə, hər bir əməkdaş üçün açıqdır. Heç bir maraqlı yazı, elmi-fəlsəfi fikir, yenilik, universitetin inkişafına təkan verən dəyərli məlumat və xəbər, keçirilən tədbirlər, şəhər həyatı ilə bağlı hadisələr diqqətdən kənarda qalmır.

Qəzeti daha maraqlı, məzmunlu və canlı etmək, geniş oxucu auditoriyasına müasir kontekstdə çatdırmaq qarşıda duran əsas vəzifələrdəndir.

Mən, qəzetin baş redaktoru olaraq, 80 illik tarixini yaşayan nəşrimizin bütün oxucularını, ilk növbədə universitetin rektorluğunu və ictimai təşkilatlarını, alimlərimizi, tələbələrimizi, hazırda kənd təsərrüfatının müxtəlif sahələrində çalışan məzunlarımızı, bir sözlə, “Aqrar mütəxəssis”i sevən və daim mütaliə edən bütün insanları bu əlamətdar yubiley münasibətilə təbrik edirəm!

Bu qəzet, bu tarix, bu yubiley hər birimizə məxsusdur. Bu tarix həm də respublikamızın kənd təsərrüfatı sahəsində çalışmış və çalışan minlərlə insan talelərinin tarixidir. İllərin dolanbac yollarından keçib gəlmiş qəzeti yaşatmaq isə onu yaradıb-yazanların işi və həm də müqəddəs vəzifəsidir.

80 yaşın mübarək, “Aqrar mütəxəssis”! 

Maarif RZAYEV
ADAU-nun “Aqrar mütəxəssis”
qqəzetinin baş redaktoru

 





07.06.2013    çap et  çap et