525.Az

Aşqarlar Kimyası İnstitutu İstanbul Texniki Universiteti ilə əlaqələrini genişləndirir


 

Aşqarlar Kimyası İnstitutu İstanbul Texniki Universiteti ilə əlaqələrini genişləndirir<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Aşqarlar Kimyası İnstitutunun (AKİ) direktoru, akademik Vaqif Fərzəliyev və direktorun müavini Elman Zülfiqarov Türkiyənin İstanbul Texniki Universitetində (İTU) olublar.

AKİ-dən verilən məlumatda bildirilib ki, Türkiyəyə səfər ötən il bu qurumlar arasında imzalanmış əməkdaşlıq haqqında memoranduma əsasən reallaşdırılıb. Sənəddə iki elmi müəssisə arasında elm və texnologiyanın təşviqi istiqamətində birgə tədbirlərin həyata keçirilməsi, mütəxəssislər arasında müştərək tədqiqatların aparılması, təcrübə mübadiləsi üçün qarşılıqlı səfərlərin təşkili nəzərdə tutulub.

Səfər çərçivəsində İTU-nun professoru Gurkan Hızal ilə keçirilən görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub. Tərəflər gələcəkdə əməkdaşlığın əsasən üzvi kimya və bioloji kimya istiqamətlərində genişləndiriləcəyini bildiriblər. Bundan başqa, AKİ-nin gənc mütəxəssislərinin İTU-da təcrübə keçmələrinə dair razılıq əldə olunub.

Azərbaycanlı alimlər, həmçinin, universitetin kimya bölümü üçün alman mütəxəssisləri tərəfindən yeni tikilən, müasir tələblərə cavab verən, lazımi cihaz və avadanlıqla təchiz edilən üzvi, qeyri-üzvi, bioloji, yüksəkmolekullu birləşmələr və fiziki-kimyəvi analitik kimya laboratoriyası ilə tanış olublar.

S.QARAYEVA

 





06.12.2017    çap et  çap et