525.Az

Məsum qurbanlar


 

İNSAN ALVERİ QURBANLARININ 26 FAİZİ UŞAQLARDIR

Məsum qurbanlar<b style="color:red"></b>

Bəzən cinayət saydığımız hallar ədalətsiz dünyanın qanunlarına uyğun gəlir. Bu dünyada insanın əxlaqı əxlaqsızlığı yaymağa, hələ idarə etməyə də imkan verir. Nəticədə heç bir məcburedilmə faktı yoxdusa, insan alveri qanuni ticarətə çevrilir. Bəlkə bu da məcburedilmənin bir könüllülük prinsipidir: yuvalarından uçmuş sərçələr şirin-şirin aldadılaraq qəfəslərə salınır. Nəticədə heç bir zor tətbiqindən söhbət gedə bilməz. Bəlkə elə bu da bir təsir vasitəsidir. Ancaq suveren və eyni zamanda mənəvi dəyərlərə hörmət bəsləyən cəmiyyətdə bu cür əxlaqsızlığı asanlıqla əxlaq normalarına çevirmək mümkün deyil.

Nəsə... Danışmağa söz olmayanda bəzən susmaq ən doğrusudur.

İnsan alveri güc işlətmə və ya güc işlədiləcəyiylə hədələmə, məcburiyyət, oğurlama, aldatma, köməksizlikdən sui-istifadə yolu ilə insanların istismar edilməsidir. Təəssüflər olsun ki, azyaşlı körpələr oğurlanaraq kölə kimi məcburi əməyə cəlb olunur, cinsi təcavüzə, zorakılığa məruz qalır və müxtəlif cinayətlər törətməyə məcbur və məhkum edilir. Dövrümüzə olduqca yayğın ticarət kimi gəlib çatmış bu alış-veriş qurbanlarının sayı günü-gündən artır. Təsadüfi deyil ki, dünyada narkotik və silah alverindən sonra üçüncü yer tutan bu cinayətkar sahibkarlıqla mübarizə heç də insan hüquqlarının qorunması baxımından müdafiəyə, kəskin cəza və qarşısıalınma tədbirləriylə müşayiət olunmur. Bir anlıq hər şeyi qoyaq kənara və düşünək: Uşaqlar bizim gələcəyimizdir və eləcə də gələcəyimiz onlardan asılıdır. Belə getsə, gələcək və görəcək günlərimiz hələ qabaqdadır. Xüsusilə məsum körpələri uçurumdan qorumaq, onları müdafiə etmək hər birimizin vəzifəsidir. Çünki dövrümüzün gerçəkliyidir ki, insan alverində əxlaqsızlıqdan tutmuş məcburi əməyə cəlb olunmaya qədər bu məsum körpələr hamısına asanlıqla məcbur edilə və cəlb oluna bilərlər.

Qarşıma çıxaraq məndən çörək pulu dilənən yeniyetmə uşağın taleyi qədər acınacaqlıdır, kimsəsiz körpələrin taleyi. Əlbəttə, ona pul vermədim. Sadəcə pis vərdişlərin aludəçisi olmasından ehtiyat etdim. Onu ərzaq dükanına apararaq qarnını doydursun deyə gücüm çatandan alıb verdim. Söhbət əsnasında o mənə (düz və ya səhv dediyini bilmirəm) internatdan qaçdığını, ona yaxşı baxılmadığını, böyrək xəstəsi olduğunu dedi. Həyatda bir tək bacısı var idi, o da həmin internatda qalır. Çoxlu pul yığaraq bacısı ilə xoşbəxt  həyat yaşamaq ən böyük arzusudu. Ancaq əlindən təkcə oğurluq gəlir. Onu çox başa saldım: “Bu doğru yol deyil, öz həyatını bu yaşında ləkələmə, çirkaba bulaşma”. Ancaq o da çox israrlı idi: “Mən yalnız varlılardan alıb kasıblara verirəm!”. Yadıma nağıllar aləmindən bizə tanış olan kasıb xalqın sevimlisi, varlıları soyaraq yoxsullara əl uzadan nəcib Robin Qud düşdü. Bu zaman bilmədim gülüm, yoxsa bu bədbəxtin məhv olmuş dünyasına acıyım. Faciəvi həyat yaşasa da yenə də dünyaya nağıl kimi baxırdı. Bax budur, taleyin zülmünə əyilməyən, nağıllarda olduğu kimi sonda şər üzərində xeyrin qəlib gələcəyinə inanan məsum uşaq dünyası...

Bir az sərt ol, mərhəmətin olsun! 

Uşaq oğurluğunun qarşısının alınması və eləcə də qul ticarətinin istənilən sahələrində düzgün müdafiə üsullarının seçilməsi üçün qanun daha da sərtləşdirilməlidir. Ancaq qanun da cəmiyyətdə istək və arzudan doğan ali mərtəbədir.

Daxili İşlər Nazirliyinin məlumatına görə ölkədə məcburi əməyə təhkim olunma halı müşahidə olunmayıb. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) İnsan alverinə qarşı mübarizə şöbəsinin açıqladığı hesabatda isə dünyada quldarlığın 26 faiz qurbanlarının 18 yaşına çatmayan uşaqlar olduğu bildirilib. Azərbaycanda isə 39 qurbandan birini körpələr təşkil edir. Ümumilikdə isə bu cinayətin qurbanları milyonlarla ölçülür. Qanun kitabımızda ölkə daxilində insan alveri qurbanları yoxdur. Yalnız, yetkinlik yaşına çatmasından asılı olmayaraq istənilən şəxsin zor gücünə ölkə xaricinə çıxarılması insan alveri hesab olunur. Sözsüz ki, qanun şahdır, əyilməzdir, cinayətkar qarşısında mərhəmətsiz olmalıdır. Lakin qanunun məsum qurbanlaradamı mərhəməti, insafı çatmır?! Bir az sərt ol, mərhəmətin olsun! Zalıma acıma, məzluma rəhm et.

Bircə statistika çatışmırdı...

ATƏT-in insan alverinə qarşı mübarizə üzrə mütəxəssisi Svetlana Svistunova Azərbaycanda baş verən zorakılıq hadisəsi üstündə şəxsin cinayətkar statusunun 2500 manat müqabilində şərti azadlıqla ləğv edildiyini qeyd edib. O, bildirib ki, ümumiyyətlə insan alveri üzrə Azərbaycan qanun məcəlləsində “İnsan alveri haqqında”  və “Cinayətkarlıq haqqında” qanun yer alıb: “Məhkəmə sistemində ikinci qanun işlək vəziyyətindədir. Bu isə cinayətin cəzasının nisbətən yüngül olması deməkdir. Rusiya qanunvericiliyində də bu baxımdan oxşar boşluqlar özünü göstərir”.

S.Svistunova deyib ki, beynəlxalq ictimaiyyətin insan alveriylə mübarizəsi 1905-ci ildə təkcə ağ insanların məcburi əməkdən azad edilməsi haqqında rəsmi sənədin imzalanmasıyla başlayıb. Sözügedən sənəd imzalandığı gündən heç bir əhəmiyyətə malik olmayıb. Ancaq hər bir işin əvvəli olmalıdır, təsir gücü olmasa belə...

Bu baxımdan mütəxəssis qeyd edib ki, 1950-ci ildə insan haqları və təməl haqlarla bağlı Avropa konvensiyasının qəbuluna ehtiyac yaranıb: “Bu qərardan 2 il öncə – 1948-ci ildə Millətlər Təşkilatı yaradılandan bəri onun şüarı – “İnsan dünyaya azad gəlir” qəbul olunub. 2000-ci ildə isə BMT insan alverini transmilli cinayətkarlıq elan edir. Qəbul olunan protokolun əlavəsində bu tip cinayətkarları gözləyən cəzalar da qeyd olunub. 2005-ci ildə isə Avropa Şurası insan hüquqlarına dair yeni konvensiya qəbul edib və Azərbaycan da bu dünyəvi sənədə 2009-cu ildən qoşulub. BMT-nin 1950-ci il konvensiyası isə insan hüquqlarını daha kəskin təbliğ etmədiyi üçün onun təkmilləşmiş forması kimi qitə şurasının sənədinə ehtiyac yaranıb”.

ATƏT-in təqdim etdiyi hesabatda göstərilir ki, insan alverinin qurbanlarının 55 fazini qadın və qızlar, qalanını isə əks cinsin mənsubları təşkil edir. 56 faiz insan öz ölkəsində, 44 faiz isə transmilli  məcburi istismarlığın qurbanı olub. Müasir dövrdə 19,5 mln – 22,3 mln arası insan bu alverin qazanc mənbəyinə çevrilib. Araşdırmalar nəticəsində o da məlum olub ki, insan alverinin qurbanı olan insanlar əksər zaman öldürülür, sağ qalanlar isə özləri haqqında məlumatı gizlədirlər. Bu cür addım atmalarına əsas səbəb isə nə cinayətkar dəstə tərəfindən tətbiq olunmaları, nə də gizli saxlamağa məcbur edilmələridir. Əsas səbəb alver qurbanlarının sadəcə özləri haqda cəmiyyətdə mənfi rəy yaranmasından qorxmalarıdır.

Mütəxəssislərin fikrincə, Azərbaycanda potensial uşaq alveri qurbanları  körpələr evindən çıxan, qanundankənar doğulan, küçədə yaşayan uşaqlardır. Belə uşaqlar yetərli dövlət qayğısıyla əhatə olunmadıqlarına görə asanlıqla alver qurbanına çevrilə bilirlər. Ancaq bununla bərabər xeyli sayda müxtəlif təbəqələrə məxsus azyaşlı uşaqların da qaçırıldığı dünyada yaşayırıq.

Daxili İşlər Nazirliyi 2012-ci ilin ilk 10 ayında Azərbaycanda 85 insan alveri halı aşkarlayıb. 53 nəfər qurban müəyyənləşdirilib ki, onlardan bir nəfəri azyaşlıdır. Dünyada isə bu rəqəm durmadan artır. BMT-nin 2012-ci il üçün Qlobal İnsan Alveri hesabatında bildirilib ki, 2007-2010-cu illərdə dünyada aşkarlanan insan alveri qurbanlarının hər 100 nəfərindən 27-si uşaqlardır. 2003-2006-cı illərdə isə söhbət 20 uşaqdan gedib. Lakin bu o demək deyil ki, əvvəlki dövrlər ərzində uşaq alveri yayğın biznes  kimi formalaşmayıb. Sadəcə bu cinayətkarlığın qarşısının alınmasında boşluqlar özünü göstərib ki, nəticədə alverçilər bütün dünyada rahat şəkildə çirkin əməllərini icra ediblər. Millətlər Təşkilatı bildirib ki, narahatlıq yaradan məqam qurbanlar arasında qızların sayca artımının müşahidə olunmasıdır. Hesabat 132 ölkənin rəsmi faktları əsasında hazırlanıb.

Keçən  ilin on ayı ərzində Azərbaycanda insan alverinin müəyyən edilmiş 53 qurbanından 19-u Türkiyəyə, 12-si İrana, 2-si Birləşmiş Ərəb Əmirliklərinə, 14-ü isə Rusiyaya aparılıb. Bu barədə Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin müavini Vilayət Eyvazovun Milli Məclisə təqdim etdiyi illik hesabatında bildirilib. Bu qurbanlardan 6 nəfər ölkə daxilində istismara cəlb olunub.

Qurbanlardan 4-ü təhsilsiz, 4-ü natamam orta, 45-i orta təhsilli, 35-i subay, 17-si evli, 2 nəfəri isə yetkinlik yaşına çatmayanlar olub. Hesabat xarakterli sənəddə qeyd olunub ki, araşdırmalar Azərbaycanın insan alverinə məruz qalan şəxslər üçün bu gün yalnız mənbə ölkəsi olduğunu göstərir. Yəni, son 2 ildə digər dövlətlərdən olan şəxslərin respublikanın ərazisindən tranzitlə keçirilməsi və ya insan alveri məqsədilə gətirilməsi kimi əməllər qeydə alınmayıb.

Qərbin Şərqə sözü var... 

Avropa İttifaqının Azərbaycandakı səfiri Roland Kobia bildirib ki, biz insan alverinə qarşı mübarizə aparmaq üçün əsasən hökumətlərlə əməkdaşlıq edirik: “Dövlət sərhədlərinin qorunmasına hakimiyyət cavabdehlik daşıyır. Heç bir halda dövlət sərhədlərinin pozulmasına – qanunsuz daxilolma, daşınma və tranzit kimi istifadə olunmasına imkan verilməməlidir. Bununla bərabər biz hökümətə yalnız yardım göstərə bilərik. Birlikdə işləyərək, məlumat mübadiləsi apararaq problemin həllinə nail olmaq olar”.

Dünyamızı özümüz qoruyaq...

Hər halda insan alverinin, xüsusilə də uşaq oğurluğunun sosial və eyni zamanda siyasi mahiyyət daşıdığını və bununla da bir xalqın genefonduna zərbə vurulduğunu yaddan çıxarmaq olmaz. Təbii ki, bunun hesabına digər bir toplumun əhali nüfuzu artırılır. Bu baxımdan dünyanın super gücü – Birləşmiş Ştatların nüfuz dairəsində zənci qulların sələfləri kifayət qədər olmaqla bərabər, onlar immiqrantların hesabına formalaşmış dövlətin gələcəyinin mühüm təməl dayaqlarından hesab olunur. Hal-hazırda da bu proses davam edir. Əksər qüvvələr digər bir dövlətin genefondu hesabına öz nüfuz dairələrini genişləndirirlər. Hakimiyyət, dövlət maraqları da xüsusi təhkim olunmuş insanların hesabına təmin olunur. Tarixdən də bizə məlum olduğu kimi kölələr heç bir hüquqa malik olmayıblar. Bu, indi də belədir, lakin başqa bir formada: heç bir vətəndaş cəmiyyətində qeydə alınmayan şəxsin təbii ki, heç bir sivil hüquqları gözlənilməyəcək. Ona görə də insan alverinə qarşı beynəlxalq mübarizədə toplumsal yanaşma bir millətin gələcəyi üçün ən vacib şərtdir. Gəlin dünyamızı özümüz qoruyaq!

Ceyhun ABASOV

 





09.06.2013    çap et  çap et