525.Az

Azərbaycanda peşə standartlarından istifadə mövzusunda konfrans


 

Azərbaycanda peşə standartlarından istifadə mövzusunda konfrans<b style="color:red"></b>

Avropa Təlim Fondunun (ATF) təşkilatçılığı ilə Bakıda “Azərbaycanda işçi qüvvəsinin inkişaf etdirilməsi məqsədi ilə peşə standartlarından istifadə olunması” mövzusunda konfrans öz işinə başlayıb.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Avropa İttifaqının Əməliyyat Departamentinin rəhbəri Yeron Villems, ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, yerli və xarici ekspertlər iştirak edir.

Nazirlikdən verilən məlumata görə, S.Müslümov tədbiri giriş sözü ilə açaraq bildirib ki, qabaqcıl dünya təcrübəsi əmək bazarında işçilərin ixtisas biliklərinə və bacarıqlarına olan tələblərin elmi-metodiki əsasa malik ifadəsi kimi peşə standartları modelinin tətbiqinin alternativsiz olduğunu sübut edib: “Çünki peşə standartlarının tətbiqi nəticəsində əmək bazarında işçilərin peşə və ixtisaslarına olan tələblərlə bağlı daimi institutlaşmış informasiya bazası, kadr hazırlığı sistemində bu tələbləri müəyyən etməyə imkan verən mənbə formalaşır”.

Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində ölkəmizdə əldə edilmiş mühüm nailiyyətləri diqqətə çatdıran nazir qeyd edib ki, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun yeni dəyər yaradan sahələrinin inkişaf etdirilməsi əmək bazarında rəqabətqabiliyyətli və ixtisaslı kadrlara olan tələbatı, bununla əlaqədar peşə təhsili sisteminin əhəmiyyətini daha da artırıb: “Bu gün hökumətin sosial inkişaf siyasətində əsas hədəflər sırasında da işçi qüvvəsinin rəqabət qabiliyyətinin yüksəldilməsi, əhalinin əmək bazarının yeni tələbləri əsasında keyfiyyətli peşə təhsili xidmətləri ilə təmin edilməsi mühüm yer tutur. 2010-2015-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dünya Bankı ilə birgə icra etdiyi “Sosial Müdafiənin İnkişafı” layihəsi çərçivəsində beynəlxalq ekspertlərin və yerli mütəxəssislərin iştirakı ilə iqtisadiyyatın müxtəlif sahələri üzrə 289 peşə və 63 kvalifikasiya standartı hazırlanaraq işəgötürənlərin istifadəsinə verilib. 2016-cı ilin əvvəlindən daha 61 adda peşə standartının layihəsi hazırlanıb. Növbəti 3-4 il ərzində 300 mövcud peşə standartının yenilənməsi, 500-dən çox yeni peşə standartının hazırlanması da planlaşdırılır”.

Y.Villems ölkəmizdə qabaqcıl beynəlxalq təcrübə əsasında və ATF-in dəstəyi ilə peşə standartlarının hazırlanması prosesinin həm iqtisadi inkişafın, həm də əmək resurslarının səmərəli məşğulluğunun təmin olunmasında xüsusi önəm kəsb etdiyini, Avropa İttifaqının Azərbaycan üzrə nümayəndəliyinin qarşıdakı dövrdə də bu işlərə dəstək vermək məramında olduğunu vurğulayıb.

Daha sonra Azərbaycanda peşə standartları ilə bağlı Avropa Təlim Fondu tərəfindən aparılmış qiymətləndirmənin nəticələrinə dair təqdimat olub.

Konfrans çərçivəsində Azərbaycanda Peşə Standartlarının gələcəkdə istifadəsi ilə bağlı yol xəritəsinin hazırlanması məsələlərinə dair “Peşə standartlarının təbliğatı - bu standartların istifadəçilərə çatdırılması”, “Peşə standartları üçün hüquqi və institutsional imkanların gücləndirilməsi”, “Peşə standartları üzrə planın hazırlanması”, “Ömürboyu təhsil üzrə peşə standartlarından istifadə” mövzularında plenar-seminarların keçirilməsi nəzərdə tutulub.

C.ABASOV

 





10.12.2017    çap et  çap et