525.Az

Meltem Miraloğlu: “Azərbaycan yuxu kimi bir ölkədir”


 

Meltem Miraloğlu: “Azərbaycan yuxu kimi bir ölkədir”<b style="color:red"></b>

Noyabrın 16-dan 20-dək keçirilən III “Türk Filmləri Həftəsi”lə bağlı Bakıda qonaq olan türkiyəli aktrisa Meltem Miraloğlu ilə sənəti, çəkildiyi filmlər, Azərbaycan səfəri haqqında söhbət etdik.

Türkiyənin Diyarbakır şəhərində doğulan Meltem Miraloğlu iki yaşından İstanbulda yaşayır. Hələ uşaq yaşlarından aktrisalığa həvəsi olduğundan Müjdat Gezenin İncəsənət Akademiyasında təhsil alıb, müxtəlif uşaq teatrlarında səhnə arxası və səhnə önündə beş il çalışarkən, bir tərəfdən də təhsilini davam etdirib. İlk dəfə “Həyatı oğurlanan uşaqlar” sosial reklamda rol alıb. Ondan sonra 2008-ci ildə “Bir bulud olsam”, 2011-2012-ci illər arasında “Həyat davam edir” seriallarında çəkilib, 2013-2014-cü illərdə “Adını qəlbimə yazdım” serialında Diclə, böyük xalq ozanı Aşıq Veysəlin həyatından bəhs edən “Aşiq” filmində Əsma xarakterlərini canlandırıb. Zaman-zaman zəhmətinin qarşılığını aldığını, gördüyü işlərin təqdir edildiyini deyən aktrisa “İlin ən yaxşı qadın oyunçusu”, “İlin ən yaxşı qadın örnək oyunçusu”, “İlin ən yaxşı dramatik serialı” kimi müxtəlif mükafatlara layiq görülüb.

Aktrisalığın həyatındakı rolundan söz açan M.Miraloğlu peşəkar səviyyədə olmasa da, hər kəsin müəyyən müddət bu sənəti öyrənməli olduğunu dedi, gələcək arzularından danışdı: “Mənim üçün sənət çox dərinlərdə yaşama səbəbim, səhnə isə kitabxanalar olmadığı zaman ailəmizin, məktəblərin belə bəzən bizə öyrədə bilmədikləri mövzularda gələcəyə işıq tutan sehirli bir məkandır. Sənətin yanlışları dəyişdirə biləcəyinə, insanın qəlb gözünün açılmasına və öz sahəsi xaricində dünyaya baxışına səbəb olduğuna, bizə bir çox göz ərməğan etdiyinə inanıram. Çünki teatr birliyi, insanların önündə doğru və gözəl danışmağı öyrədir, düşüncəni əmələ çevirmək istedadını inkişaf etdirir, öyrənməkdə problemi olan insanlar üçün faydalıdır və anlama qabiliyyətini yaxşılaşdırır. Peşəsi səhnə ilə bağlı olmayan insanların belə qısa zaman üçün səhnə təhsili almağının gərəkli olduğunu düşünürəm. Hazırda qərarlaşdırılmış bir layihəm yoxdur. Bir serialda rol almağı, doğru karyera planı ilə irəliləməyi çox istəyirəm. İndi serial təklifi gələrsə, oradan qazanacağım gəlirlə universitetdə oxumaq istəyirəm. Səsimə aktrisalığım qədər güvənməsəm də, bu sahədə də təhsil alıb özümü inkişaf etdirməyi düşünürəm. Musiqili tamaşalarda iştirak etmək, mahnı oxumaq istəyirəm. İmkan olduqca dublyajla da məşğul olmağa çalışıram”.

Sənətçi media ilə münasibətindən də bəhs etdi, onun üçün gözəllik anlayışının idman, sağlam həyat və motivasiya olduğunu dedi: “Təbii ki, medianı özümdən uzaq tutmuram. Çünki sənətimin göz önündə, ekranda olduğunun fərqindəyəm, işlərimiz Türkiyə və dünyaya media vasitəsilə çatdırıldığı üçün media ilə tərəzidə bir bütün olaraq irəliləməyimiz lazımdır. Mənim üçün şəxsi həyatımdansa, gördüyüm işlərlə gündəmə gəlmək daha önəmlidir. Əksinə, medianın marağını həmişə öz üstümdə hiss etmək istəyirəm. Kameralar və işıqlar məni həmişə xoşbəxt edib”.

Bakıya gəlişinə səbəb olan “Aşiq” filmi və canlandırdığı Əsma xarakteri haqqında danışarkən bu filmin heç də asan başa gəlmədiyini deyən sənətçi, bunun üçün at minməyi, Sivas ləhcəsində danışmağı öyrəndiyini bildirdi: “Film Aşıq Veysəl kimi dəyərli ozanımızın həyatından bəhs edir. Mən isə onun “Anılmazdı Veysəl adı, o sana aşiq olmasa” dediyi ilk həyat yoldaşı Əsmanın 17 və 35 yaşlı çağlarını canlandırıram. Tarixdə güclü qadın xarakerlərini hər zaman örnək almışam. Əsma da məmin üçün qeyri-adi bir qadındır. Filmi rejissor və ssenarist Bilal Babaoğlu çəkdi. Mən seçildikdən sonra məşqlər başladı. İnsan vücudu, beynin düşüncə gücü, xəyal gücü, ən önəmlisi də inancımız Allahın insana verdiyi ən dərin nemətlərdir. Oxumaq və araşdırmaqla birgə gözlərini yumub iç səsinə qulaq kəsiləndə Allah bir çox sualların cavablarını tapmağına kömək edir.

“Aşiq” filmini izlədikdən sonra Bilal Babaoğlu və mən bakılı kinosevərlərlə “Nizami” Kino Mərkəzində görüşə qatıldıq. Tamaşaçıların nümayişi hətta ayaq üstə izləmələri, medianın marağı və dəstəyi bizi həm təəccübləndirdi, həm də sevindirdi. Bakının çox dəyərli, nağıl kimi məkanlarında günə o gözəl insanlarla birgə başlamaq, Mehriban Zəki kimi dəyərli aktrisa ilə “Uzun, incə bir yol” mahnısını səsləndirmək... Hər anı möhtəşəm təcrübələrlə və özəl anlarla doluydu. Orada keçirdiyim günlər yeni şeylər öyrənməyimə və daha çox çalışmağıma səbəb oldu. Zamanın necə keçdiyini anlamırdım və Türkiyəyə geri dönərkən üzgündüm. Çünki sizlər üçün darıxacağıma əmin idim”.

Bakıya ikinci dəfə gəldiyini deyən Meltem Miraloğlu Azərbaycanla bağlı xoş təəssüratlarını, xatirələrini də bölüşdü: “Azərbaycan yuxu kimi bir ölkədir. Tarixi məkanların nağılvari atmosferi, xalqın qonaqpərvərliyi, sənətə, sənətçiyə dəyər verilməsi məni çox məmnun etdi. Ən çox təsirləndirən isə binaların klassik tərzdə inşası oldu.  Kitablardan oxumaqla bərabər bütün dünyanı gəzmək, görmək, doya-doya yaşamaq, mədəniyyətlərini öyrənmək, tarixini bilmək, anlamaq kimi bir xəyalım var. İnşallah, bir gün gerçəkləşəcəyinə ümid edirəm. Ancaq Azərbaycan hər anlamda öyrəşdiyim bir ölkə olduğu üçün hər fürsətdə gedə biləcəyim bir yer oldu. Dostlarıma: “Danışmaqla olmaz, yaşamaq lazımdır” - deyərək əllərindən tutub gətirə  biləcəyim qədər doğma və özümü güvəndə hiss etdiyim bir ölkədir. Film həftəsində Prezidentimizin baş müşaviri cənab Yalçın Topçu ilə birgə qırmızı xalıdan keçmək mənim üçün inanılmaz həyəcanverici bir hiss idi. Onun və Azərbaycanın Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin əlindən mükafat almaq hər kəsə nəsib olmaz. Ənvər Arslanın mənə “qızım” deyə xitab etməsi heç bir zaman unutmayacağım dəyərli an və xatirədir. Bu layihənin belə yüksək səviyyədə təşkilində Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri dəyərli İrfan Çiftçinin zəhməti danılmaz. Hər bir qonaqla tək-tək maraqlanır, heç kəsi diqqətdən kənar qoymurdu. Başda Yerli Düşüncə dərnəyi olmaqla, film həftəsində əməyi keçən hər kəsə sonsuz sevgi, sayğı və təşəkkürlərimi bildirirəm. Açığı, Türkiyə-Azərbaycanın ortaq layihəsində yer almaq, bu vəsiləylə yenidən bu gözəl ölkəyə səyahət etmək istəyirəm”.

Şahanə MÜŞFİQ

 





11.12.2017    çap et  çap et