525.Az

“Kardeş kalemler”in noyabr sayında...


 

“Kardeş kalemler”in noyabr sayında...<b style="color:red"></b>

Bugünlərdə “Kardeş kalemler” dərgisinin noyabr sayı işıq üzü görüb.

Dərginin bu sayı qazax alimi, professor Rahmankul Berdibayın 90 illik yubileyinə həsr olunub. “Dərgidən” sərlövhəli ilk yazı da elə onunla bağlıdır.

Türkiyədən ilk nümunə şair Ali Akbaşın şeirləridir. Osman Çeviksoy “Bu gün sənə gülənlər”, Erdi Erbeden professor Əkrəm Arıkoğlu ilə “Qırğızca-türkcə lüğət” haqqındakı müsahibəsi ilə bu bölmədə yer alıb. Həmyerlimiz, şair-dramaturq Hidayət Orucovun “İllər və düşüncələr” dəftərindən “Türkiyə, mən sənin nəyini sevdim” adlı xatirələri Seyfəddin Altaylının təqdimatı ilə çap olunub. Türkiyədən son yazı Əzizə Qayanın “Göyüzünü boğan şəhər - Honq-Konq” essesidir.

Qazaxıstandan şair Feyzulla Toltayın tərcümeyi-halı və Banu Nagashbekovanın çevirisində şeirləri, TÜRKSOY-un baş katibi professor Düsen Kaseinovun “Üstün Hizmət ödülü” alması ilə bağlı xəbər yer alıb. Bu bölmənin böyük hissəsi yubilyar Rahmankul Berdibaya həsr olunub. Ferah Türkerin alim haqqındakı məqaləsi, professor Danday Iskakulının Ufuk Tuzmanın tərcüməsində “Rahmankul Berdibay: türk dünyasının yeni dönəmdəki Dədə-Qorqudu” adlı yazısı, Rahmankul Berdibayın “Türk xalqları dastanlarının tarixi, genetik tipologiyası”, Güljazira Amanbayqızının çevirində “Əbədiyyət qarantisi”, “Kökü bir türk dili”, “Qardaşların qəlbini birləşdirən”, “Folklora önəm versək”, “Əbədi məqsədimiz” və digər məqalələri çap edilib.

Batı-Trakyadan Rahmi Ali “Anlarla yaşamaq”, Qırğızıstandan Musalı Ormanbekov “Çokubay” hekayəsi ilə bu sayda çıxış edir. Hekayəni Türkiyə türkcəsinə Reyhan Karkınlı çevirib.

“Kardeş kalemler” dərgisinin Azərbaycan bölməsi isə bu dəfə “525-ci qəzet”in 25 illik yubileyinə həsr olunub. Bu münasibətlə “525”in 25-ci yaşına” adlı rubrika ayrılıb. Burada dərginin yaradıcı heyətinin təbriki ilə yanaşı, Azərbaycan Yazıçılar Birliyinin sədri,  Xalq yazıçısı Anarın, Avrasiya Yazarlar Birliyi başqanı Yaqub Öməroğlunun və yazıçı Pərvinin təbrik yazıları dərc edilib. Yazıları Ülkü Taşlıova uyğunlaşdırıb.

Sonda Avrasiya Yazarlar Birliyinin Ədəbiyyat Akademiyasının 10-cu il atölyə çalışmaları elanı və Qaradəniz Beynəlxalq Simpoziumu haqqında reportaj yer alıb.

Şahanə MÜŞFİQ

 





10.12.2017    çap et  çap et