525.Az

Azərbaycan-Özbəkistan ədəbi-mədəni əməkdaşlığı yönündə mühüm addım


 

Azərbaycan-Özbəkistan ədəbi-mədəni əməkdaşlığı yönündə mühüm addım<b style="color:red"></b>

Dekabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Əzəli dostluq riştələri: Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələri” mövzusunda elmi konfrans keçirilib.

Əvvəlcə iştirakçılar Ədəbiyyat İnstitutunda, eləcə də Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Daşkənddə son zamanlar özbək dilində nəşr edilmiş kitabların sərgisi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan-Özbəkistan münasibətlərinin çoxəsrlik tarixindən, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın inkişafından söz açıb, son illərdə mədəni-ədəbi əlaqələrin daha da genişləndirildiyini bildirib. Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Babur, Nəsimi, Əmir Teymur və digər ədiblərin Özbəkistan-Azərbaycan əlaqələrindəki rolundan bəhs edən AMEA-nın vitse-prezidenti hər iki ölkənin ədəbiyyatı və mədəniyyətinin bir-biri ilə qarşılıqlı vəhdətdə zənginləşdiyini və inkişaf etdiyini bildirib.

Akademik İsa Həbibbəyli qeyd edib ki, rəhbərlik etdiyi Ədəbiyyat İnstitutunda Özbəkistan ədəbiyyatının nümayəndələrinin yaradıcılığının təbliği istiqamətində mühüm işlər görülür. Ötən il Ədəbiyyat İnstitutunda Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsi fəaliyyətə başlayıb, aparılan tədqiqatlar nəticəsində bir sıra kitablar nəşr olunub, Azərbaycanda yaşayıb-yaratmış özbək ədəbiyyatının tanınmış nümayəndələrinin irsi araşdırılıb.

Konfransda çıxış edən Özbəkistan Respublikasının Azərbaycandakı səfiri Şerzod Fayziyev ölkələrimiz arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini bildirib, müsəlman ölkələri arasında elm, mədəniyyət sahələri üzrə əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Sonra AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universiteti və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında əməkdaşlığa dair üçtərəfli memorandum imzalanıb. Memorandumda Azərbaycan və Özbəkistanın elm, mədəniyyət müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, birgə araşdırmaların aparılması, layihələrin reallaşdırılması, elm, ədəbiyyat sahəsində mübadilənin həyata keçirilməsi və digər məsələlər nəzərdə tutulur.

Tədbirdə Özbəkistan-Azərbaycan mədəni-ədəbi əlaqələrilə bağlı məruzələr dinlənilib.

Daha sonra nümayiş olunan “Əbədi dostluq riştələri” sənədli filminin rejissoru Etibar Məmmədov, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları, filologiya elmləri doktorları Əlizadə Əsgərli və Asif Rüstəmli, tarix elmləri namizədi Cəbi Bəhramov və başqaları çıxış ediblər.

Akademik İsa Həbibbəyli Azərbaycan-Özbəkistan ədəbi-elmi əlaqələrinin inkişafında xidmətlərinə görə dost ölkənin bir qrup tədqiqatçı alim və mütəxəssislərinə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Fəxri fərmanlarını təqdim edib.

XƏDİCƏ

 





10.12.2017    çap et  çap et