525.Az

Xoreoqrafiya Akademiyasında Heydər Əliyevə həsr olunmuş elmi sessiya


 

Xoreoqrafiya Akademiyasında Heydər Əliyevə həsr olunmuş elmi sessiya <b style="color:red"></b>

Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi sessiya keçirilib.

BXA-dan 525.az-a verilən məlumata görə, sessiyanı açıq elan edən Bakı Xoreoqrafiya Akademiyasının rektoru, professor Timuçin Əfəndiyev “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda məruzə ilə çıxış edib. 

T.Əfəndiyev məruzəsində qeyd edib ki, Azərbaycan mədəniyyətinin davamlı inkişafı ümummilli liderin siyasi fəaliyyətinin mühüm tərkib hissəsi olub.

Heydər Əliyev özünün bütün həyat və fəaliyyətini Azərbaycan xalqının və respublikamızın hərtərəfli inkişafına və çiçəklənməsinə, azərbaycançılıq ideyasının milli şüurda qərarlaşmasına, dövlət quruculuğuna, müstəqil dövlətçiliyin möhkəmlənməsi və yüksəlməsinə, Azərbaycan mədəniyyətinin və incəsənətinin bütün dünyada tanınmasına həsr edib, bu sahədə misilsiz xidmətlər göstərib. 

Professor vurğulayıb ki, Azərbaycanı yüksəltmək, dünyada tanıtmaq və onun əbədiliyini qorumaq üçün Heydər Əliyev bütün ömrü boyu çalışıb. Bu yolda bədii ədəbiyyatımızın, incəsənətimizin və bütövlüklə mədəniyyətimizin böyük imkanlarına əzmlə güvənirib. 
  
H.Əliyevin zəngin mənəvi irsindən danışan natiq, qeyd edib ki, azərbaycançılığı milli ideologiya kimi irəli sürüb, o, mədəniyyətimizi, mənəvi dəyərlərimizi təkcə milli varlığımızın deyil, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirib. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə dönməz məhəbbət duyğuları ilə yaşayan siyasətçi həm də bu dəyərlərin qoruyucusu və hamisi kimi ürəklərdə yaşayır. 
  
Heydər Əliyev milli mədəniyyətimizi, xalqımızın qiymətli sərvətlərini qoruyub saxlamaq üçün bir çox əhəmiyyətli addımlar atıb. Dünya romantizminin görkəmli nümayəndəsi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının banisi Hüseyn Cavid həmişə Heydər Əliyevin diqqət mərkəzində olub. 

1982-ci ildə H.Cavidin nəşini uzaq Sibirdən gətirməsi və doğma Naxçıvan torpağında dəfn etdirməsi, təkcə Cavidə deyil, ümumən Azərbaycan ədəbiyyatına, bədii-ictimai fikrinə dərin hörməti idi. 
  
Bununla yanaşı, Azərbaycanın görkəmli sənətkarları sovet dövründə məhz Heydər Əliyevin qayğısı nəticəsində Sosialist Əməyi Qəhrəmanı kimi SSRİ-nin ən yüksək fəxri adını alıblar. Heydər Əliyev yazıçıların, bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin, məzmunlu nitqi ilə iştirakçıların rəğbətini qazanırdı. Onun hər çıxışı mədəniyyətin bir sahəsinin gələcək inkişaf proqramına çevrilirdi.

Heydər Əliyev özü də incəsənət meylli şəxsiyyət idi. Elə gəncliyində də incəsənətə gəlmək, memar olmaq istəyirdi. Amma zaman onu siyasi memara çevirdi. Çünki bu xalqın belə siyasət xadiminə çox böyük ehtiyacı var idi.

Ölkəyə rəhbərliyinin birinci dövründə Heydər Əliyev Azərbaycanda mədəniyyətin maddi-texniki bazasının möhkəmlənməsinə xüsusi diqqət yetirirdi. Təkcə o dövrdə Azərbaycanın 17 şəhərində dövlət teatrları açılmışdı. Bir çox kinoteatrlar, teatr binaları, muzeylər inşa olunub, görkəmli şəxsiyyətləri heykəlləri ucaldılıb, mədəniyyətimizin kadr potensialı gücləndirilib. 

Ölkəyə rəhbərliyinin ikinci dövrü həm onun özü, həm də bütün Azərbaycan xalqı üçün böyük tarixi, siyasi və iqtisadi sınaqlar dövrü kimi yadda qalıb.

1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni bir tərəfdən amansız müharibədən, digər tərəfdən isə xalqı sosial-iqtisadi tənəzzüldən qurtarmalı idi.

İşgüzar, yaxud qeyri-rəsmi səfərləri zamanı Heydər Əliyev Azərbaycanın Qarabağ və ondan doğan digər problemləri ilə yanaşı, bu problemlərin Azərbaycan mədəniyyətinə vurduğu zərbədən, tarixi abidələrin talan olunmasından, müharibə şəraitinin mədəniyyətin inkişafına göstərdiyi mənfi təsirindən mütləq söz açır və dəlil-sübutlar təqdim edirdi.

O, torpaqlarımızın azad olunmasının, oradakı abidələrin yenidən bərpasının nə qədər vacib olduğunu dəfələrlə çıxışlarında ürək ağrısı ilə vurğulayırdı. Heydər Əliyev öz ölkəsinin xilasını təkcə silahda, hərbi gücdə deyil, eyni zamanda həmin torpaqda yaradılmış qədim və bənzərsiz mədəniyyəti xalqa qaytarmaqla, onun milli ruhunun dirçəldilməsində görürdü. 

Məruzəsinin sonunda rektor qeyd edib ki, Azərbaycanın bugünkü tarixi, siyasi, iqtisadi və mədəni uğurlarının mövcudluğu və davamlılığı prezident İlham Əliyevin məhz Heydər Əliyevin siyasi kursuna sadiqliyi, Heydər Əliyev ideyalarının daim yaşadılması nəticəsində mümkün olub. 

Daha sonra sessiyada Xalq rəssamı, professor Ağaəli İbrahimov, Azərbaycan Dövlət Musiqi Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, professor Əlikram Tağıyev, Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru, professor Sevda Sadıxbəyova, Elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Sonaxanım İbrahimova, Beynəlxalq əlaqələr üzrə prorektor, Xalq artisti Təranə Muradova və Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, professor Vəfa Əliyev Heydər Əliyevin mədəniyyət və incəsənətin müxtəlif sahələrindəki, elm və milli təhsil sistemi sahələrinin inkişafındakı rolu barədə danışıblar.

Sessiya H.Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən video-süjetin nümayişi ilə sona çatıb.

 





13.12.2017    çap et  çap et