525.Az

"Pensiya xərcləri inkişaf etmiş ölkələrin göstəricisinə uyğundur"


 

"Pensiya xərcləri inkişaf etmiş ölkələrin göstəricisinə uyğundur"<b style="color:red"></b>

"Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində dərc olunmuş yazılarda adambaşına pensiya xərcləri üzrə Azərbaycanın guya inkişaf etmiş ölkələrdən təxminən 20 dəfə geri qalması barədə əksini tapan fikirlər mövzunun tam araşdırılmamasının nəticəsi kimi qiymətləndirilə bilər. Bu qəbildən olan yazılarda pensiya xərclərinin ümumi daxil məhsulda xüsusi çəkisi ilə bağlı natamam təhlillər, eləcə də ölkəmizdə pensiya təminatına dair mənbəyi bəlli olmayan məlumatlar cəmiyyəti çaşdırmağa, ölkəmizin sığorta-pensiya sistemində qabaqcıl dünya təcrübəsinə uyğun aparılmış islahatların müsbət nəticələrini gözdən salmağa yönəlib".
 
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.
 
Şöbə müdiri qeyd edib ki, BMT-nin 2017-ci il üçün proqnozlarına əsasən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) dövlət pensiya sisteminin dominant rola malik olduğu üzv ölkələrindən Polşa, İspaniya, Avstriya, Belçika, Fransa, Almaniya, İtaliya üzrə yaşı 60 və yuxarı olanların əhalinin ümumi sayında xüsusi çəkisi Azərbaycanın eyni göstəricisindən 2,4-2,9 dəfə çoxdur: "Digər tərəfdən, sadalanan ölkələrdən bəzisinin əhalisinin sayının Azərbaycan əhalisinin sayından 4-8 dəfə (Polşa, İspaniya, İtaliya, Fransa və Almaniya) çox olması da nəzərə alınmalı olan vacib amildir. Aydındır ki, bütün bunlar ölkələr üzrə pensiya sistemi benefisiarlarının sayının və nəticə etibarı ilə pensiya xərclərinin həcminin, eləcə də bu xərclərin ÜDM-ə nisbətinin ciddi şəkildə fərqlənməsini şərtləndirir. Meydana çıxan belə fərqlər isə ölkələrin pensiya təminatı vəziyyətinin müqayisəli qiymətləndirilməsində yaşlı əhali kateqoriyalarının əhalinin ümumi sayında xüsusi çəkisinin hər 1 faizinə düşən pensiya xərclərinin ÜDM-ə nisbətinin daha məqsədəuyğun göstərici olduğunu ortaya qoyur".

E.Babayevin sözlərinə görə, OECD üzrə ən son açıqlanan məlumatlar əsasında hesablamalar göstərir ki, yaşlı əhali kateqoriyalarının əhalinin ümumi sayında xüsusi çəkisinin hər 1 faizinə düşən pensiya xərclərinin ÜDM-ə nisbəti Polşada 0,43 faiz, İspaniyada 0,46 faiz, Avstriyada 0,54 faiz, Belçikada 0,41 faiz, Fransada 0,53 faiz, Almaniyada 0,36 faiz, İtaliyada 0,56 faiz olmaqla Azərbaycan üzrə eyni göstəriciyə (0,5 faiz) yaxındır və göründüyü kimi, hətta bəzi hallarda aşağıdır: "Bu isə respublikamızda yaşlı insanların əhalinin strukturundakı payının hər 1 faizinə ÜDM-in 0,5 faizi həcmində düşən pensiya xərcinin dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrinin göstəricisinə uyğun olduğunu əyani şəkildə təsdiqləyir".

Şöbə müdiri vurğulayıb ki, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının ötən ilin yekunları üzrə statistikasına əsasən, orta aylıq pensiyanın orta aylıq əmək haqqına nisbətinə görə postsovet ölkələri arasında ilk ikilikdə yer alan Azərbaycan 42,8 faizlik yaşa görə pensiya üzrə əvəzetmə əmsalı ilə 1-ci yerdə qərarlaşıb.

"Hazırda ölkəmizdə dünyada ən sadə və hər kəsin öz fərdi hesabına ödədiyi sosial sığorta haqlarının formalaşdırdığı bir pensiya sistemi fəaliyyət göstərir və beynəlxalq təşkilatlar tərəfindən bu sahədə aparılan islahatlar yüksək qiymətləndirilir. Eyni zamanda, pensiya islahatlarının baza prinsip və əsaslarını özündə ehtiva edən 2014-cü ildə təsdiq olunmuş Konsepsiyaya uyğun olaraq müəyyən edilmiş istiqamətlər üzrə mütərəqqi islahatların davam etdirilməsi, bu əsasda məcburi dövlət sosial sığorta haqqı normativinin strukturunun təkmilləşdirilməsi, könüllü sosial sığortalanmaya söykənən müasir pensiya alətlərinin, o cümlədən, qeyri-dövlət pensiyalarının tətbiqi nəzərdə tutulur"- deyə şöbə müdiri bildirib.

C.ABASOV

 





13.12.2017    çap et  çap et