525.Az

Sözün və səsin böyük Mirzələri - Fotolar


 

GÖRKƏMLİ ƏDİBİMİZİ VƏ TƏKRARSIZ MÜĞƏNNİMİZİ XATIRLARKƏN...

Sözün və səsin böyük Mirzələri - <b style="color:red">Fotolar</b>

Ötən əsrdə ədəbiyyatımızın klassiklərindən biri kimi şöhrət qazanmış Xalq yazıçısı, görkəmil nasir və dramaturq, akademik, ictimai xadim Mirzə İbrahimovun iki yubiley təntənəsinin iştirakçısı olmuşam.

O tədbirlərin birində yubilyar özü də iştirak edirdi. 1971-ci ilin, gərək ki, payızı idi. Tələbəsi olduğum M.F.Axundov adına Azərbaycan Xarici Dillər İnstitutunda Mirzə İbrahimovun anadan olmasının 60 illiyi ilə bağlı görkəmli sənətkarla görüş keçirilirdi. Yazıçı görüşə qızıyla -  sevimli bəstəkarımız Sevda xanım İbrahimova ilə gəlmişdi. İnstitutun rektoru, professorları yazıçının keçdiyi şərəfli ömür yolundan, zəngin yaradıcılığından danışdılar. Əsərlərindən parçalar səsləndi, pyeslərindən səhnələr göstərildi. Tələbə qızlar möhtərəm yazıçıya təzə-tər gül dəstələri təqdim etdilər. Gül dəstələrini köksünə sıxan Mirzə müəllim kövrəlmişdi. Bəlkə də Mirzə müəllimi kövrəldən, nə qədər təzə-tər olsalar da, o dəstələrdəkinin də elə payız gül-çiçəkləri olması idi... Sənətkar öz kövrəkliyini gizlətmək üçün özünə xas yumorla zarafata keçdi:

- Qızım Sevda hərdən mənə xəbərdarlıq edir ki, ata, daha qocalırsan, yazı-pozu ilə özünü çox yorma, səhhətinə fikir ver...

Sonra da Mirzə müəllim üzünü Sevda xanıma tutub təbəssümlə dedi: - Heç qoca kişiyə də qızlar bu qədər gül-çiçək təqdim edərlər?!

Dopdolu zal yazıçının bu sözlərini hərarətli gülüşlərlə, coşqulu alqışlarla qarşıladı.

...2011-ci ilin bir xoş yaz günündə, bu dəfə bizim Şabranda, şəhər mədəniyyət sarayında Mirzə İbrahimovun anadan olmasının yüz illiyi keçirilirdi və o tədbirə paytaxtdan adlı-sanlı qələm adamları ilə birgə qızı Solmaz xanım, gəlini və nəvələri də gəlmişdi.

Məruzə və çıxışlardan sonra söz görkəmli sənətkarın doğmalarına, ailə üzvlərinə verildi.

Solmaz xanımın atası ilə bağlı şirin xatirələrini böyük maraqla dinləyən şabranlıların diqqətindən onun rusdilli olması da yayınmadı, çıxışından bunu sezmək olurdu. Sənətkarın yaradıcılığı ilə yanaşı, tərcümeyi-halına da bələd olanlar bilirlər ki, Mirzə İbrahimov həm də görkəmli dövlət xadimi olub, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində işlərkən ana dilimizin dövlət səviyyəsində qorunması uğrunda milli təəssübkeş kimi böyük  fədəkarlıq göstərib, "Azərbaycan dili" adlı kitab yazaraq çap etdirib. Elə bütün bunlara görə də millətçilikdə günahlandırılıb, təqiblərə məruz qalıb, vəzifəsindən kənarlaşdırılıb.

Solmaz xanım elə bil zaldakıların ürəyindən keçənlərdən xəbər tutubmuş kimi, bir anlığa duruxub susdu, sonra da dərindən köks ötürüb, kövrək səslə qəmli bir tarixçə danışdı: "Moskvanın atamı millətçilikdə ittiham etdiyi vaxtlar idi, 37-ci illərin məsum kabusu yenə də hər an onun başı üzərində peyda ola bilərdi. Mən məktəbə - birinci sinfə gedəcəkdim. Belə günlərin birində atam fikirli-fikirli: "Məni həbs etməsələr də, Azərbaycandan sürgün edə bilərlər, - dedi, - ona görə də məcburam ki, Solmazı hələlik məktəbdə rus bölməsinə yazdırım. Sürgün olunsaq, oralarda rus dili sarıdan çətinlik çəkməyəsən..." Bax, bu da mənim rus dilli olmağımın tarixçəsi..."

Ancaq görkəmli ədibimizin məcburiyyət üzündən seçdiyi bu yol Solmaz xanımın taleyi və ədəbi mətbuatımızın tarixi baxımından çox maraqlı, əhəmiyyətli oldu. İndi Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanlarından birinin - "Literaturnıy Azerbaydjan" jurnalının baş redaktoru olan Solmaz xanım İbrahimova bu sahədə ən dəyərli, peşəkar qələm sahiblərindən biri kimi tanınır. O, ədəbiyyatımızın rus dilində təbliği, daha geniş oxucu auditoriyasına çatdırılması kimi şərəfli bir missiyaya layiqincə xidmət edir.

lll

Ötən əsrin altımışıncı illərinin sonu, yetmişinci illərinin əvvəlləri və yayın qızmar bir günü, necə deyərlər, günortanın dolusu idi. Bizim Şabran şəhərində yerli kinoteatrda axşam konsert olacaqdı. Bakıdan - Filarmoniyadan adlı-sanlı sənətkarlar gəlmişdi, unudulmaz müğənnimiz Mirzə Babayev də onların arasındaydı. Bu o vaxtlar idi ki, Rəşid Nəsiboğlunun Adil Rəsulun sözlərinə qoşduğu məşhur "Limanda" mahnısı dillər əzbəriydi. Hər gün öz-özümə, dodaqaltı oxuduğum mahnılardan bəlkə də birincisi bu həzin, lirik mahnı olurdu. Mirzə Babayevin əvəzsiz ifasında bu mahnıya qulaq asmaqdan doymurdum. Elə özümü də, sanki tək-tənha o limanda dayanıb gözləyən bilirdim.

Bəli, həmin günortanın dolusunda konsert veriləcək kinoteatrın qarşısındakı krandan üzünə, boynuna su vurub sərinləyən Mirzə müəllimlə qəfil rastlaşdım. Həyəcan içində yaxınlaşıb "Xoş gəlmisiniz" dedim. Sənətkarın həlim münasibətindən ürəklənib, bir az da sadəlövhlüklə, sanki minnət qoyurmuş kimi: - Mirzə müəllim, axşamkı konsertə mən də bilet almışam, - dedim, - özü də məhz sizi, "Limanda" mahnısını dinləmək üçün...

Mirzə müəllimin qaşları çatıldı.

- Yox, konsert zalınızda olmuşam, o zalda bu mahnını oxumaq mümkün deyil. Akustika yoxdur...

Mirzə müəllim mənim o zaman yaxşı başa düşmədiyim başqa ifadələr, terminlər də işlətdi.

Kefimin pozulduğunu görən həssas sənətkar ətrafa boylandı, ətrafda seyrəklik, sakitlik olduğunu görüb:

- Bir halda ki, konsertə bu mahnıma görə bilet almısan, istəsən, elə burdaca o mahnını sənin üçün ifa edə bilərəm, - dedi.

Çaşqınlıqla üzünə baxdığımı görən Mirzə müəllim zarafatından da qalmadı: - Pulun niyə batsın ki...

Sənətkar qəfil ciddiləşdi, əməlli-başlı səhnə tərzi alıb ahəstə oxumağa başladı:

Bir səhər sən idin,
bir liman, bir də mən...
Sən getdin,
tək qaldıq
bir liman, bir də mən...
O gündən göy sular
göy nəğmə oxudu.
O gündən ürəyim
limanda uyudu.
Bir  səhər bəlkə sən
limana dönərsən
Gözlərik yolunu
bir liman, bir də mən...

Doğrudan da, Mirzə müəllim dünyamızdan getdi və onun sənətinin vurğunları kimi bizim hər birimiz onsuz qaldıq. Ancaq Mirzə Babayevin o ifası həmin gündən mənim üçün ömürlük xatirəyə çevrilib, unudulmaz olub. Və indi də az qala hər gün qulaqlarımdadır onun təkrarsız səsi və avazı.

 





13.12.2017    çap et  çap et