525.Az

"... Mailin ünvanı vətəndir"


 

ŞAİR VƏ ALİM HACI MAİL YAD EDİLİB

"... Mailin ünvanı vətəndir"<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Xəzər bölməsinin təşkilatçılığı ilə, Buzovna qəsəbəsində yerləşən Ruhulla Axundov adına Mədəniyyət Evində mərhum qəzəlxan, klassik şeir ənənələrinin təbliğatçısı, şair və alim Hacı Mailin xatirə gecəsi keçirilib.

Gecədə Hacı Mailin ömür yolundan, yaradıcılığından, alim kimi klassik ədəbiyyatımızın tədqiqi sahəsində gördüyü işlərdən danışılıb və onunla bağlı unudulmaz xatirələr söylənilib.

Bildirilib ki, 20 ildən artıq Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışan Hacı Mail, Məhəmməd Füzuli "Divan"ının müxtəlif ölkələrdə qorunub saxlanılan ən qədim nüsxələri üzərində tədqiqatlar aparıb. "Füzuli "Divan"ının tekstoloji tədqiqi və elmi-tənqidi mətni" əsərini yazan Hacı Mail 1997-ci ildə müdafiəsiz filologiya elmlər namizədi elmi dərəcəsinə layiq görülüb. "Məcməüs-şüəra" ədəbi məclisinin bərpaçısı, "Füzuli" ədəbi məclisinin təşkilatçısı və sədri olub.

Diqqətə çatdırılıb ki, alim, eyni zamanda, mindən çox qəzəlin, qəsidə, tərcibənd, qitə, təxmis, qoşma və digər şeirlərin müəllifi kimi tanınır.

Tədbirdə AYB Xəzər Bölməsinin üzvləri arasında keçirilən şeir müsabiqəsinin nəticələri də açıqlanıb. Müsabiqənin formatına əsasən, Hacı Mailin şeirlərinə nəzirələr, təxmislər yazılıb və onlar arasında 3 şeir mükafata layiq görülüb. Qaliblərə hədiyyə və diplomlar təqdim olunub.

Sonra şairin yaradıcılıq nümunələri əsasında muğam ifaları təqdim edilib.

XƏDİCƏ

 





13.12.2017    çap et  çap et