525.Az

Həsən Əliyevin 110 illik yubileyi ilə bağlı tədbir keçirildi


 

Həsən Əliyevin 110 illik yubileyi ilə bağlı tədbir keçirildi<b style="color:red"></b>

Dünən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Nazirlikdən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan nazir Hüseyn Bağırov bütün həyatını Azərbaycan təbiətinin tədqiqinə, mühafizəsinə həsr etmiş və bu misilsiz sərvətin gələcək nəsillər üçün qorunub saxlanılmasının tərənnümçüsü olmuş dünya şöhrətli alimin ekologiya elminə verdiyi müstəsna xidmətlərindən danışıb. AMEA-nın akademik Həsən Əliyevin adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov və digər elm xadimləri görkəmli alim barədə xatirələrini bölüşdükdən sonra tədbir iştirakçılarına akademikin həyat yoluna dair film nümayiş olunub.

Sonda ətraf mühitin, təbii sərvətlərin, biomüxtəlifliyin mühafizəsi və qorunub saxlanılması sahələrində fəaliyyəti ilə fərqlənən 5 nəfər nazirlik tərəfindən təsis olunmuş “Ekologiya və ətraf mühitin mühafizəsi sahələrində əldə etdikləri nailiyyətlərə görə akademik Həsən Əliyev adına mükafat”la təltif ediliblər.

Qeyd edək ki, “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan prezidenti İlham Əliyevin cari ilin fevralın 7-də imzaladığı sərəncamın 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət planına əsasən bir sıra tədbirlər keçirilib.

CEYHUN

 





16.12.2017    çap et  çap et