525.Az

Xeyirxahlığın fəlsəfəsi və fəlsəfəsiz xeyirxahlıq


 

Xeyirxahlığın fəlsəfəsi və fəlsəfəsiz xeyirxahlıq<b style="color:red"></b>

Xeyirxahlıq nədir? Onun tərifi, anlayışı, fəlsəfəsi mövcuddurmu?

Xeyirxah olmaq üçün nə etmək, yaxud nəyi etməmək lazımdır?

Xeyirxahlığı maddi ölçüsündə zənginlik şərtləndirir, yoxsa bu mənəvi məziyyətdir, ruhani ehtiyacdır, qannan, iliknən, tərbiyəynən süzülüb gələn genetik yaddaşın bir qəlpəsidir?

Hər nədirsə, təşnə insanın dodaqları gözü qurumuş bulaqdan umsuq düşdüyü kimi, hamının gözlədiyi bir mətahdır, tərifə, təhlilə, sübuta ehtiyacı olmayan bir mənəvi özünüifadə forması, davranış tövrüdür.

Xeyirxahlıq həm də yaxşılıqdır, mayası insana məhəbbətdən yoğrulmuş humanizmdir, nəciblik, mərhəmət, şəfqət və alicənablıqdır. Məhz bütün bu mənəvi dəyərləri özündə birləşdirməyi bacarmış şəxs Tanrının dərgahında kamil insan sayıla bilər.

Xeyirxahlıq barədə dünya mütəfəkkirlərinin çox qiymətli fikirləri var. Hələ məşhur ispan dramaturqu Servantes deyirdi ki, xeyirxahlıq - artığı ziyan verməyən bir əməldir.

Həzrət Əlidən (ə.s.) də bir iqtibas gətirmək yerinə düşərdi: - Dörd şeydən ikisini yadda saxlayın, ikisini unudun - deyib əleyhüssəlam. - Sizə olunan yaxşılığı unutmayın, etdiyiniz yaxşılığı yaddan çıxarın. Sizə olunmuş pisliyi unudun, etdiyinizi yaddan çıxarmayın.

Əgər birinci halda xeyirxahlıq bir nəticə, nəcib sosial akt kimi təbliğ olunursa, ikinci nöqteyi-nəzər daha çox bu hərəkətin dərin mənəvi-fəlsəfi saxlanclarından xəbər verir, təvazökarlıq, alicənablıq kimi məziyyət cizgilərini, ümumbəşəri əxlaq, etika və nəzakət normalarını təşviq edir.

Xeyirxah olmaq üçün insana nə lazımdır? Bəziləri ilkin şərt kimi maddi imkanı göstərirlər. Müvafiq mənsəb sahibliyini də variant kimi nəzərdən keçirənlər az deyil. Millətin ac-yalavacına, qaçqın-köçkününə əl uzatmaqdan söhbət düşəndə müqəddəs Qurandan misal çəkərək - əvvəl evin içi, sonra çölü - deyən elə imkanlı adamlar görmüşük ki... 

Amma düşünürük ki, xeyirxah olmaq üçün insan ilk növbədə mənən zəngin, böyük ürək sahibi olmalıdır. Elədiyi yaxşılığı ögey-doğmalıq qoymadan, təmənna-minnət gözləmədən, Allah rizasına eləməlidir.

Bu, hər bəndəyə qismət olmayan ilahi bir qabiliyyətdir. İmkanlı kəslər var ki, Tanrı onu xeyirxah olmaq səadətindən məhrum edib... çörəyi yeyilmir, suyu boğazdan keçmir, əməlinin urvatı, parasının bərəkəti bilinmir.

lll

Maraqlıdır, bəlkə də təəssüf doğurandır ki, bizdə imkanlı adamlar daha çox şou əhlinə “əl tutmağı” xoşlayırlar. Özü də ciddi sənətkarlara da deyil, məhz şou əhlinə. Həm də qadınlara... bir də ekranın rənginə uyğunlaşmış kişilərə. Səhnəyə təzəcə ayaq basmış “ətcəbala”lara “atalıq” qayğısı göstərən vəzifə sahibləri var ki, sonradan onların “professional” inkişaflarının da qayğısına qalırlar. Bahalı avtomobillər, zinət əşyaları, villalar, fəxri adlar ...

Amma bir soruşan gərək; öz əhlikef “damazlıqlarından” savayı hansısa savadlı bir gəncin də xaricdə təhsil almasına kömək ediblərmi? Əsla!

Bir yetimə əl uzadıb, bir çarəsizə həyan durublarmı? Bilmərrə!

Bir alimin ideyalarının gerçəkləşməsinə, bir yazıçının kitabının nəşrinə dəstək veriblərmi? Qətiyyən!

Belə çıxmırmı ki, ötən əsrin əvvəllərində yaşamış mesenatlarımız o qədər sadəlövh, yəni “hərif” imişlər ki, milyonlarla pul xərcləyib özgə uşaqlarını xaricdə təhsil almağa göndərirdilər?!

Bunca sadəlövhlüyün bircə təskinliyi vardı - bu adamlar millətini sevir və onun gələcəyini düşünürdülər.

Bugünkü imkanlıları “sələflərindən” fərqləndirən də məhz bu məqamdır; biri millətini, o biri isə ailəsini çox sevir.

Biri Azərbaycanı, o biri isə bu coğrafiyanın hündür barı ilə çəpərlənmiş, sadəcə, ona məxsus həyətini sevir.

Əfsuslar olsun ki, bizdəki imkanlıların bir qismi “kütbeyin, əfəl olsun, ancaq özümünkü olsun” kimi çürük təfəkkürlə “işığı” yalnız öz ətraflarına “saçmağı” prinsipləşdirib.

Hacı Zeynalabdın Tağıyev, Musa Nağıyev ... də milyonçu idilər. Amma ən siftəsi azərbaycanlı idilər. Millət yolunda pul xərcləməyi bu millətin gələcəyinə sərmayə qoymağa bərabər bir iş hesab edirdilər.

Bugünkü milyonçular isə sələflərinin layiqli xələfi ola bilmirlər.

Bacarmırlar!

Görünür,  mənəvi-əxlaqi dəyərlərlə, təfəkkür və istedadla yanaşı, xeyirxahlıq, mərhəmət kimi hisslər də genlərdə kodlaşıb irsən keçə bilmək xassəsinə malik imiş.

Elə isə, heyif  bugünümüzə, təəssüf sabahımıza!

lll

Dünyanın iki ən zəngin insanı - amerikalı milyarder-filantroplar Bill Qeyts və Uorren Baffet öz varidatlarının əhəmiyyətli bir hissəsini xeyriyyə dərnəklərinə bağışlayıblar. Planetin digər bir zəngin şəxsi, meksikalı Karlos Slim hər il ölkəsində humanitar məqsədli layihələrə 5 milyard dollar vəsait ayırır, 160 min nəfərdən artıq tələbə onun təqaüdü ilə təhsil alır.

O gün internetdə də yayıldı ki, bir erməni milyonçusu “tarixi vətənində” yaşayan 1700 gəncin xaricdə təhsilini maliyyələşdirib.

Sonra da təəccüblənirik ki, nədən bizimkilərin əksəriyyəti Vətəndən kənarda yalnız göyərti satmaqla, dönər fırlatmaqla məşğuldur, heç piketə-filana da gəlmirlər?!

Dəbdəbəli imarətlər, bahalı avtomobil və yaxtalar heç vaxt və heç kimin insanlıq meyarına çevrilməyib.

İnsanın zinəti onun ağlı, savadı, tərbiyə və əxlaqı, dəyəri isə əməlləridir.

Əgər xeyriyyəçilərin sayını ölkədəki imkanlı adamların kəmiyyəti ilə müqayisə etsək, Azərbaycan bu sarıdan bəxti gətirməyən ölkələrin sırasında yer alacaq.

Bəs görəsən bizə mane olan nədir?

lll

İnsanın maddi imkanları məhdud, xeyirxah niyyəti nəhayətsiz ola bilər. Yəni maddi sıxıntı heç vəchlə mənəvi zənginliyə kölgə sala bilməz. Xeyriyyəçilik isə müəyyən mənada altruizmlə bağlıdır və onu isbatlamağın yolu mütləq fərdin maddi imkanlarından keçir. Ancaq bu o demək də deyil ki, hər maddi imkanı bol adam xeyriyyəçiliklə məşğul olmağa qadirdir.

Amma nə yaxşı olardı!.. Ölkəmizdə zəngin adam çoxdur. İş adamı da, məmuru da. Doğrusu da, oğrusu da.

Onsuz da xalq öz “qəhrəmanlarını” yaxşı tanıyır, kimin nə ilə “nəfəs” aldığını pis  bilmir.

Nə olardı, belələri Allahın dərgahında günahlarını “yumaq” üçün üç-beş kimsəsizə əl tutaydılar, acların qarnını doyuraydılar, yol tikib, su çəkib, savab iş görəydilər...

Söhbət ondan gedir ki, xeyriyyəçilik pul kisəsinin qalınlığı ilə deyil, ürəyin genişliyi ilə ölçülən bir jestdir, keyfiyyət göstəricisidir.

Bəs indiyədək bizdə çatışmayan nə olub?

Xeyriyyəçilik institutunun, bu sahədə kütləvi təşəbbüsün olmaması!

Azərbaycanda ilk addımı məhz ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva atdı, belə bir xeyriyyəçilik institutunun təməlini qoydu.

Mehriban xanımın zaman etibarilə qısa müddət ərzində Azərbaycan mədəniyyəti, incəsənəti, təhsil və səhiyyəsi üçün etdiklərini yalnız universal bir nazirliyin öhdəsindən gələ biləcəyi iş həcmi ilə müqayisə etmək mümkündür. Onun çoxcəhətli fəaliyyəti mesenatlığın əməli təcəssümü olmaqla qalmayıb, həm də mənəvi zənginliyin, nəciblik və alicənablığın bariz təzahürünə çevrilmişdir.

İnsanlıq naminə həyata keçirdiyi əməlləri ilə YUNESKO və İSESKO kimi nüfuzlu beynəlxalq təşkilatların xoşməramlı səfiri titulunu qazanmış Mehriban xanımın xeyriyyəçiliklə bağlı düşüncələri fəlsəfiliyini saxlamaqla yanaşı, həm də daha praktikdir, əlçatandır: “... xeyriyyəçilik - insanların hər hansı direktiv və göstərişlər əsasında deyil, öz qəlbinin və vicdanının səsi ilə öz vəsaitlərini, qüvvələrini, vaxtını və enerjisini sərf edərək gördüyü xeyirxah işlərdir.

Mənə belə gəlir ki, xeyriyyəçilik fəlsəfəsinin əsası, ilk növbədə, insanların yaxşılıq etməyə çalışması, başqasının dərdinə şərik olmaq, onun halına yanmaq, altruizm, ehtiyacı olanlara kömək əli uzatmaq istəyi kimi insani keyfiyyətlərin və qabiliyyətlərin fundamental xarakterinin qəbul edilməsidir”.

Azərbaycan çapında xeyriyyəçilikdən söhbət düşəndə ilk öncə Mehriban xanımı düşünürük.

Bir gülnən də bahar olarmış.

O, bunu sübut etməyi bacardı!

lll

Xeyirxahlığın bir hüdudu, belə deyək, dayanacağı varmı?

Məgər insanın arzu və istəklərini qapalı bir hücrəyə həbs etmək mümkündürmü?

Nəcibliyin, mərhəmətin, şəfqətin çərçivəsi, qoruq-qaytanı mövcuddurmu?

Vücudu, fitrəti əməlpərvərlikdən, insankeşlikdən yoğrulmuş birinə - Bəsdir! Dayan, dur, əl saxla! - deyə bilərsənmi?

- Əl tutmaq əlidən qalıb! Verən əlin yorulmasın! Allah min əvəzini versin! - kimi ifadələr xalqımızın milli-əxlaqi keyfiyyətlərindən süzülüb gələn şükranlıq, alqış nidalarıdır.

Dini əxlaqda xeyirxahlıq Tanrı ilə qovuşmaq, ruhun xilas edilməsi, rəhmdillik, bir sözlə, qəlbində Allah sevgisi gəzdirən hər bir şəxsin can atdığı ali dəyərlər anlamına gəlir. Dini təsəvvürdən kənarda yüksək əxlaqi dəyərlər dedikdə humanizm, ədalət və məhəbbət nəzərdə tutulur.

Həzrəti-Muhəmməd (s)-dən - İnsanların ən sevimlisi kimdir? - deyə soruşduqda belə cavab vermişdi: “İnsanlara fayda verən xalqın ən sevimlisidir”.

XIV Dalay Lama “Xeyirxahlıq siyasəti” toplusunda deyir ki, dinə inanmaq və inanmamaq mümkündür, insanın yenidən dünyaya gələ biləcəyi fərziyyəsinə inanmaq da olar, inanmamaq da. Fəqət elə bir insan yoxdur ki, xeyirxahlıq və mərhəməti dəyərləndirə bilməsin.

Əxlaqi təfəkkürdə əsl xeyirxahlıq hamı üçün - həm bütövlükdə bəşəriyyət, həm də ayrılıqda hər bir fərdə yönəlik aktdır. Lakin tələb, arzu və fərdi qənaətlərin toqquşduğu dünyada bu xeyirxahlıq abstrakt görünür. Hamı üçün ideal xeyirxahlıq  bəşəriyyətin hərəkət istiqamətini göstərən ideyadır.

lll

Tarix özünü tanıyıb anladığı gündən bəri böyük pullar heç kimə böyük xoşbəxtlik bəxş etməyib.

Pul kütləsinin çoxluğu problemlərin də çoxluğunu şərtləndirib.

Hacı Qaralar, Qarpaqonlar ədəbiyyatda gülüş və satira, həyatda isə kinayə və sarkazm hədəfinə çevriliblər.

Sərvəti ilə deyil, xeyirxah əməlləri ilə zəngin olanlar isə əbədiyaşarlıq və ehtiram qazanıblar.

Azərbaycanda da imkanlı, pullu adamlar çoxdur...

Amma!..

 





18.12.2017    çap et  çap et