525.Az

Xanəndə Aydın Niftalıoğlunun 70 yaşı qeyd olundu


 

Xanəndə Aydın Niftalıoğlunun 70 yaşı qeyd olundu<b style="color:red"></b>

Azərbaycanın tanınmış xanəndələrindən olan, muğam ifaçılığı sənətimizin dəyərli nümayəndəsi Aydın Niftalıoğlunun 70 illik yubileyi qeyd edilib. Yubileydə ölkənin tanınmış mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, muğam sənitinin vurğunları iştirak ediblər.

Aydın Niftalıoğlunun doğma torpağı olan Ağdam rayonun ictimaiyyət nümayəndələri və rayon icra hakimiyyətinin təmsilçiləri söz alaraq yubilyarı təbrik edib, ona xoş arzularını bildiriblər. Çıxışlarda xanəndənin regionda muğam sənətinin təbliğində, yeni nəsil muğam ifaçılarının yetişdirilməsindəki önəmli rolu, bu sahədə əvəzsiz fəaliyyəti xüsusi vurğulanıb və yüksək dəyərləndirilib.

Tədbirdə Ağdam ziyalılarından QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli çıxış edərək Aydın Niftalıoğlunun müasir muğam sənətimizdəki mövqeyini, gənc nəsildə muğama marağın oyadılması və cavan xanəndələrin yetişməsindəki əməyini, muğam sənətinə verdiyi töhfələri təqdirəlayiq cəhətlər kimi diqqətə çatdırıblar. Bildirilib ki, A.Niftalıoğlu paytaxtda yaşamasa da, bütün ölkədə, xüsusən Qarabağda və Abşeronda tanınan, sayılıb-seçilən xanəndələrdəndir. O, uzun müddətdən bəri muğam sənəti sahəsində pedaqoji fəaliyyətlə də məşğul olaraq, gənc ifaçıların yetişməsində özünəməxsus rol oynayıb. A.Niftalıoğlu hər zaman muğamlarımızı, o cümlədən, “Şahnaz”ı, “Segah”ı çox böyük şövqlə, ürəklə ifa edib, onun səsi gücü və əzəmətilə indi də seçilir. Çıxışlarda xanəndənin bu yubiley gecəsinin əsl muğam bayramı kimi yaddaşlarda qalacağına əminlik ifadə olunub.

Tədbir muğam ifaları ilə davam edib. Yeni nəsil xanəndələr arasında xüsusilə fərqlənən Əməkdar artistlər Səbuhi İbayev, Babək Niftəliyev, Opera və Balet Teatrının solisti Elnur Zeynalov, yubilyar xanəndənin sənətini uğurla davam etdirən övladı Elşad Aydınoğlu, eləcə də digər ifaçılar istedadlı tarzən Altay Niftəliyev və kamançacı Araz Ağaverdiyevin müşayiətilə bir-birindən gözəl çıxışlarla məclis iştirakçılarına xoş saatlar yaşadıblar.

Aydın Niftalıoğlu özü də cavan həmkarlarıyla bərabər muğamların ən mürəkkəb, zil şöbə və guşələrini elə məharətlə oxuyub ki, məclisdəki gənc xanəndələr bu ifaların onlar üçün növbəti bir dərs olduğunu dilə gətiriblər.

Biz də, öz növbəmizdə, Aydın Niftalıoğlunu 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!

Şahanə MÜŞFİQ

 





19.12.2017    çap et  çap et