525.Az

Bakıda Əmək Miqrasiyası İdarəçiliyinə dair seminar


 

Bakıda Əmək Miqrasiyası İdarəçiliyinə dair seminar <b style="color:red"></b>

“Bu gün Azərbaycanda miqrasiya prosesləri dövlət nəzarətindədir”. 

“APA-Economics” xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə Bakıda keçirilən Əmək Miqrasiyası İdarəçiliyinə dair seminarda deyib.

Onun sözlərinə görə, Azərbaycanda bu gün əcnəbilərin müraciətləri elektron qaydada qəbul edilir. “Bu istiqamətdə aparılan işlərin şəffaflığının təmin edilməsi üçün bütün proseslər ASAN xidmət vasitəsilə həyata keçirilir. Əmək miqrasiyasının idarə olunması Azərbaycan üçün çox vacib məsələlərdən biridir. Əməkçi miqrantların idarə olunması prosesi bir neçə qurum tərəfindən həyata keçirilir. Bu qurumlardan biri də Dövlət Miqrasiya Xidmətidir. Azərbaycana gələn miqrasiya proseslərinin idarə olunması çərçivəsində turistlər istisna olmaqla ölkəyə gələn əcnəbilərin əksəriyyəti Azərbaycanda yaşayıb işləmək həvəsindədirlər. Təbii ki, Azərbaycan əmək miqrasiyasının idarəedilməsi istiqamətində bir sıra qanunvericilik aktlarına dəyişikliklər qəbul edilib. Dövlət Miqrasiya Xidməti bu proseslərin idarə olunmasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər dövlət qurumları ilə yaxından əməkdaşlıq edir. Bu sahədə Azərbaycan hökuməti əməkçi miqrantların və ailə üzvlərinin hüquqlarının qorunması ilə bağlı dörd ildən bir hesabat hazırlayıb BMT-yə təqdim edir”, - deyə P. Musayev bildirib.

P. Musayev qeyd edib ki, bu gün əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əməkçi miqrantların işlə təmin olunması kvota ilə həyata keçirilir: “Ötən il kvota üzrə 7290 nəfər üçün iş icazələrinin verilməsi nəzərdə tutulub. Kvotanın keçməsinə yol verilməməsinə ciddi nəzarət olunur. Məqsəd Azərbaycan vətəndaşlarının müvafiq işlərlə təmin olunmasıdır. Əgər həmin iş üçün Azərbaycan vətəndaşı iddia etmirsə, o zaman həmin işə əcnəbi vətəndaş cəlb edilir”.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib ki, Azərbaycan əhalisinin 70%-i əmək qabiliyyətlidir: “Bu zaman əsas məsələ əmək bazarının və  məşğulluğun qorunmasıdır. Miqrasiya proseslərin təmin olunmasında əsas məsələ isə miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunmasıdır. Bununla bağlı Azərbaycan 2000-ci ildən bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında konvensiyaya qoşulan ölkələrdəndir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bundan sonra da beynəlxalq miqrasiya təşkilatı ilə sıx əməkdaşlı edəcək”.

Qeyd edək ki, seminarda miqrasiya və inkişaf arasında qarşılıqlı əlaqələr, iqtisadi inkişaf məqsədləri və əmək miqrasiyası siyasəti, əmək yerdəyişməsini tənzimləyən sistemlər kimi mövzularda təqdimatlar edilib, müzakirələr aparılıb. Seminarda nazirlik və dövlət idarələrinin nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edir.

 





19.12.2017    çap et  çap et