525.Az

Həyatın qədrini bilən insan


 

Həyatın qədrini bilən insan<b style="color:red"></b>

Tahir Bünyadov respublikamızın təcrübəli mütəxəssislərindən, nüfuzlu ziyalılarındandır. O, 1947-ci ildə Ağcabədidə dünyaya göz açıb. Atası Əlaslan Bünyadov adıçəkilən bölgədə, Qarabağda böyük hörmət sahibi olan ağsaqqalardan sayılıb.

Əlaslan müəllim kiçik qardaşı Əlinağı ilə birlikdə İkinci Cahan savaşında 416-cı Taqanroq diviziyasında alman faşistlərinə qarşı igidliklə vuruşub. Əlaslan müharibəyə tək getməsin deyə, anası Əlinağını da ona qoşmaq qərarına gəlib. Həmin vaxt Əlinağının 18 yaşı tamam olmayıb. Buna baxmayaraq, ananın istəyi baş tutub. Onlar qanlı döyüşlədə birlikdə düşmənə ağır zərbələr vurublar. Lakin həmin döyüşlərin birində Əlinağı qəhrəmancasına həlak olub. Komandanlıq tərəfindən o, Sovet İttifaqı Qəhrəman adına layiq görülsə də, bu barədə SSRİ Ali Sovetinin fərmanını nədənsə əldə etnək mümkün olmayıb. İgid döyüşçünün qəbri hazırda Taqanroq şəhərindədir. Müharibədən sonra Hüsülü kəndindəki kolxoz  onun adını daşıyıb. Qəhrəmanın şərəfinə kolxozun həyətində ucaldılan abidə müstəqillik ikllərində doğulduğu Salmanbəyli kəndinə köçürülüb.

Müharibə qurtardıqdan sonra Ağcabədiyə dönən Əlaslan Bünyadov burada rəhbər vəzifələrdə çalışıb, məktəb direktoru işləyib. O, böyüdüb, boya-başa çatdırdığı 5 övladının hamısına ali təhsil verib. Ailənin böyük oğlu Tahir orta məktəbi müvəffəqiyyətlə bitirərək Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsinə daxil olub. 1970-ci ildə ali təhsilini başa vurub, mühəndis-mexanik ixtisasına yiyələnən gənc mütəxəssis təyinatla Bakı Təcrübə-Sınaq Zavoduna göndərilib. O vaxtlar keçmiş ittifaq tabeliyində fəaliyyət göstərən sözügedən müəssisə SSRİ-nin ən məşhur elmi-tədqiqat mərkəzlərindən hesab olunub. İstedadlı gənc burada əvvəlcə mühəndis-texniloq, sonralar isə birinci kateqoriyalı konstruktor  vəzifəsində çalışıb. Zavodda yaradılmış hərtərəfli şərait onun elmi-tədqiqat işlərinə marağını artırıb. Gənc mühəndis həmin dövrdə müəssisədə istehsal edilən avadanlıq hissələrinin, detalların, kəsici qurğuların hazırlanması və sınaqdan keçirilməsinə rəhbərlik edib. Bu sahədə ona zavodda fəaliyyət göstərən zəngin kitabxananın böyük köməyi dəyib. Kitablardan son mütərəqqi elmi-texniki yeniliklər barədə ətraflı məlumatlar əldə edən mütəxəssis istehsalın bütün sahələrində texnoloji nasazlıqların aradan qaldırılması,yüksək keyfiyyətli məhsul buraxılışı ilə əlaqədar müxtəlif səmərələşdirici təkliflər irəli sürüb.Yekdilliklə qəbul edilən həmin təkliflər  istehsalın həcminin artmasına, əmək tutumunun azalmasına, maya dəyərinin xeyli aşağı düşməsinə səbəb olub və zavoda böyük mənfəətlər gətirib.

T.Bünyadovun dediyinə görə, onun təklif etdiyi yenilklər, keçmiş SSRİ-nin digər istehsal müəssisələrində də geniş tətbiq olunub. Bu səmərələşdirici təkliflər zavod rəhbərliyi tərəfindən yüksək dəyərləndirilib, böyük dəstək alıb. Zavodun direktoru E.Prokovets, baş mühəndis Y.Rüstəmov və baş texnoloq N.Neymətov mütəxəssisə bu sahədə lazımı köməkliklər göstəribər. Təsadüfi deyildir ki, Tahir Bünyadovun səmərəliləşdirci təklifləri Moskva şəhərində gənc mütəxəssislərin iştirakı ilə keçiriləcək elmi-praktik konfransa təqdim olunub. Moskva yaxınlığındakı İstra şəhərində fəaliyyət göstərən tədqiqat institutunun elmi şurası tərəfindən həmin materiallar bəyənilib. Beləliklə, gənc azərbaycanlı mütəxəssis 20-25 may 1975-ci il tarixdə keçirilən konfransa dəvət alıb. Sözügedən konfransda SSRİ-nin ayrı-ayrı yerlərindən olan gənc mütəxəssislərin 37 mövzudan ibarət çıxışlarınn tezisləri kitabça şəklində dərc edilib. Tahirin məruzəsinnin tezisləri də həmin kitabçada yer alıb.Tədbirin ikinci günü onun "Texnoloji proseslərin hazırlanması və tətbiqinin əsas prinsipləri" mövzusunda məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb. T.Bünyadov xüsusi diplom və pul mükafatına layiq görülüb.

Bakıya qayıdıb, çalışdığı müəssisədə bir müddət işini davam etdirən gənc, atasının təkidli tələbləri ilə Ağcabədiyə dönmək məcburiyyəti ilə üzləşib. O, rayon avtomobil təmiri zavodunda mühəndis kimi işə başlayıb. Mütəxəssis sözügedən zavodda da bacarıq və qabiliyyətini nümayiş etdirib, bir çox səmərələşdirici təkliflərini həyat keçirməyə nail olub.Tahir müəllim 1977-1995-ci illərdə rayon avtobazasında baş mühəndis, partiya təşkilatı katibi vəzifələrində işləyib. Həmin dövrdə səmərəli fəaliyyəti, xeyirxah xidmətləri sayəsində kollektivdə, eləcə də rayon əhalisi arasında hörmət və nüfuz qazanıb. 1995-ci ildə rayon avtobazarının özəlləşdirilməsi səbəbindən tutduğu vəzifədən azad olunan T.Bünyadov həmin vaxtdan taleyini pedaqoji fəaliyyətlə bağlayıb. Hərtərəfli bilik və qabiliyyətə malik olan ziyalı Odlar Yurdu Universitetində, Ağdam Kənd Təsərrüfatı Texnikumunda, Ağcabədi rayon şahmat uşaq-gənclər məktəbində öz bilik və təcrübəsini gənclərə həvəslə öyrədib. Hazırda təqaüddə olan bu fədakkar insan elmi araşdırılmalarını,tədqiqat işlərini davam etdirir. O, çox sevdiyi həyatın qədrini yaxşı bilir,yaşadığı bir anın belə,hədər getməsini istəmir.Belə olmağı başqalarına da tövsiyə edir. Boş vaxtlarında bədii kitab oxumağı, şahmat oynamağı xoşlayan ziyalı, dövri mətbuatı izləməyi də unutmur. Qəzet və jurnallardan, internetdən müntəzəm yararlanır. Bu cəhətdən onun keçdiyi  elm, texnika və təhsillə bağlı mənalı ömr yolu bugünkü gənc nəsil üçün əsil örnək hesab oluna bilər.

Tahir müəllim ədəbiyyata, söz sənətinə bağlı bir insan kimi də tanınır. Klassik və çağdaş ədəbiyyatı geniş mütaliyə edən ziyalı həm də söz xiridarıdır. Ara-sıra bədii yaradıcılığla da məşğul olur. Özünün dediyi kimi, bildiklərini, eşitdiklərini qələmə almaq, müdrikliyi ilə köklənən hiss və duyğularını misralara köçürmək ona zövq verir, könül rahatlığına səbəb olur, həyatını daha da zənginləşdirir.

Yəhya PAŞAZADƏ

 





19.12.2017    çap et  çap et