525.Az

Məramı işıqlı yazılar: Səmədağa Ağamalıoğlunun publisistikası


 

Məramı işıqlı yazılar: <b style="color:red">Səmədağa Ağamalıoğlunun publisistikası</b>

XIX əsrin sonlarında siyasi fəaliyyətə açıq imkan verilmədiyi dönəmlərdə xalqla ünsiyyəti mətbuatda görən M.Ə.Rəsulzadə, N.Nərimanov, S.M.Əfəndiyev, Qarabəy Qarabəyov, T.Ş.Simurğ kimi Səmədağa Ağamalıoğlu da qələmə sarılır, siyasi publisistika ilə məşğul olurdu.

Öz xatirələrində jurnalistikaya gəlişinin 1890-cı illərin ikinci yarısından başladığını qeyd edən bu mübariz şəxsiyyətin ilk yaradıcılığının hansı mövzuları əhatə etdiyini müəyyən etmək bir qədər çətindir. Bu faktın həmin dövrün mətbuat səhifələrində araşdırılmasına ehtiyac var. Amma xatirələrinə istinad etsək, S.Ağamalıoğlu 1890-cı illərdə Gəncədən Qazaxa, öz doğma kəndinə qayıtdıqdan sonra mətbuatla əməkdaşlığa başladığını qeyd edir. O, əvvəlcə Tiflisdə rusca nəşr olunan qəzet və jurnallarla əlaqə saxlayır. Xəlil Nəcəfovun araşdırmasına görə, S.Ağamalıoğlu dövrün bəzi ədəbi məsələləri, problemləri ilə bağlı 1911-ci ildə "Zaqafqazskaya reç" qəzetinin 153-cü sayında ədəbi dilin vacibliyi barədə geniş təhlili yazı ilə çıxış edib. Xalqın öz dilində əsərlər yazılmasını əsas şərt hesab edən S.Ağamalıoğlu vahid ədəbi dilin formalaşması istiqamətində də mübarizə aparır, bu yöndə məqalələr yazırdı. O, ədəbi dili yabançı sözlərdən, xarici təsirlərdən uzaqlaşdırmağı, hər bir azərbaycanlının başa düşdüyü dillə yazmağı yazıçıların qarşısında duran mühüm vəzifə hesab edirdi.

Həyata və real tarixi faktlara söykənən bədii əsərlərin elmi təfəkkürün süzgəcindən keçirilməsinin gərəkliyini qeyd edən S.Ağamalıoğlu yazıçıların bir sıra tələblərə əməl etmələrini irəli sürürdü: "Ədəbiyyat xalqın milli-mənəvi zənginliyidir, iftixarı və qüdrətidir, tarixi həyat yolunu işıqlandıran bir məşəldir. Ədəbiyyatda xalqın tarixi, həyatı, kədəri, əməlləri, sevinci əksini tapmalıdır". O yazırdı ki, ictimai idealsız həqiqi ədəbiyyat yaratmaq olmaz. Böyük siyasi, ictimai-iqtisadi və mədəni hadisələrin baş verdiyi dövrdə bəzi müəlliflərin əsərlərindəki sönüklük, dini ehkamlara aludəçilik, anlaşılmaz ərəb-fars sözlərindən istifadə S.Ağamalıoğlunun təbirincə yazıçını xalqdan, müasir dövrdən uzaqlaşdırır. Fikirlərinin sübutu kimi o, M.Müctəhidzadənin "Riyazül-aşiqin", M.S.Ordubadinin "Qəflət", "Vətən və hürriyyət" kitablarındakı dil qüsurları, elmi təfəkkürlə həyat faktlarındakı uyğunsuzluq tənqid olunur.

"Musulmanskaya qazeta"nın 23 fevral 1914-cü il tarixli sayında "Molla Nəsrəddin" dərgisinin  xalqın həyatında oynadığı pozitiv rolu dəqiq ifadə edən S.Ağamalıoğlu yazırdı: "... Ölüm sükutu çökmüş bu "Zülmət səltənəti" içərisində ancaq "Molla Nəsrəddin" dərgisi Valpurgiya gecəsinə baxaraq dəlicəsinə gülür..."

"Molla Nəsrəddin"in bu acı gülüşü, istehzasının dərin ictimai-siyasi və fəlsəfi mənası vardır. Dərginin  böyük missiya daşıyıcısı olduğunu qeyd edən müəllif belə bir qənaətə gəlirdi ki, "Molla Nəsrəddin" Yaxın Şərqdə, o cümlədən, Azərbaycanda xürafata, fanatizmə, savadsızlığa, cəhalətə böyük ağır zərbə vurmaqla cəsarətli mövqe nümayiş etdirir.

S.Ağamalıoğlunun jurnalist, naşir kimi fəaliyyətinin ən böyük örnəyi Tiflisdə nəşr olunan menşevik sosial-demokrat fəhlə firqəsinin yayım orqanı olan, 1918-ci ildə nəşrə başlayan "Gələcək" qəzetidir. Qəzetin "Heyəti-təhriyyə" imzası ilə nəşr olunmasına baxmayaraq, əksər mətbuat tarixçiləri, "Gələcəy"in S.Ağamalıoğlunun rəhbərliyi ilə çap edildiyini yazır. Onun özü də xatirələrində bu faktı təsdiqləyir.

Gürcüstanda nəşr olunan anadilli mətbuat orqanlarının tədqiqi ilə məşğul olan M.Çobanlı isə "Gələcək" və "Probujdeniya" qəzetlərinin S.Ağamalıoğlu və Əziz Şərif tərəfindən redaktə edilib, çapa hazırlandığını yazır.

Həftədə iki dəfə işıq üzü görən bu partiya qəzeti 1918-ci il iyunun 27-də çap olunan ilk sayında özünü fəhlə və kəndlilərin maraqlarının müdafiəçisi olduğunu elan edirdi.

Maliyyə çətinliyi ilə üzləşən və ağır vəziyyətdən qurtulmaq üçün ümidini "əzilən sinfin" nümayəndəsi olan fəhlə və kəndlilərə bağlayan "Gələcək" bu yöndə bütün təbliğat imkanlarından yararlanaraq yazırdı: "Fəhlə, kəndçi qardaşlar! Sizin qəzetəniz "Gələcəy"in yaşamağı bağlıdır Sizə. Sizin maddi və mənəvi köməyiniz olmasa qəzetə yaşaya bilməz".

"Gələcək" təkcə maliyyə, mətbəə və siyasi problemlərlə üzləşmirdi, Tiflisdə müxtəlif anadilli mətbuat orqanlarında çalışan qələm sahiblərinin Azərbaycan Cümhuriyyətinin paytaxtı Bakıya köçməsi də kadr baxımından çətinliklər yaradırdı.

Bu səbəbdən fikir və mülahizələrini yazmaq bacarığı olan azərbaycanlıları əməkdaşlığa dəvət edən qəzet yazırdı: "Vətəndaşlar, fəhlə, əkinçi qardaşlar! Əmələ yoldaşlar! Bu "Gələcək" qəzetəsi Sizin öz qəzetənizdir. Bu qəzetə fəhlə qəzetəsidir. Buraya məqalələr yazın və öz dərdlərinizi idarəyə söyləyin ki, qəzetə nəşr olunsun. Hər nə sözünüz olsa, bu qəzetənin vasitəsilə deyə bilərsiniz. Hər nə dərdiniz olsa, bu qəzetənin vasitəsilə dərman tapa bilərsiniz. Öz fəhlə məişətinizdən, xahişlərinizdən, amallarınızdan "Gələcək" qəzetəsi idarəsinə məlumat verin... Siz bir neçə saatlığa öz zəhmətinizdən əl çəkib, öz halınızı düşünün. Hər nə sözünüz olsa, yazıb idarəyə verin". Təbii ki, bu çağırışda siyasi-ideoloji çalarlar olsa da, qəzetin səhifələrində gedən materiallardan  da açıq görünür ki, redaksiya yaradıcılıq baxımdan xeyli kasaddır. Yaradıcılıq imkanlarını fəhlə və kəndli müxbirlərinin səyi ilə genişləndirməyə çalışsa da, buna nail ola bilmir.

"Hümmət" menşevik partiyasının əsas təbliğat maşını olmasına baxmayaraq, "Gələcək" müstəqil xəbər siyasəti həyata keçirməyə çalışırdı. "Azərbaycan xəbərləri", "Gürcüstan xəbərləri", "Erməni həyatı", "Xarici xəbərlər", "Daxili xəbərlər" rubrikalarında müstəqil cümhuriyyətlərini yenicə quran ölkələrdə baş verən hadisələrə daha geniş yer verirdi. Xəbər sayına görə, qəzet üstünlüyü əsasən Azərbaycana verirdi. "Müsavat"ın siyasi yönümü və istiqamətini menşevik "Hümmət"çilər" qəbul etməsələr də,  Azərbaycanın müstəqilliyini müdafiə edirdilər. Özlərini xalqçılıq ideyasının daşıyıcıları hesab edənlər "Müsavat"ın dövlətçilik sistemində avropaçılıq ideyasını qəbul etməyərək qəzetin 1918-ci il 13 noyabr tarixli 19-cu sayında yazırdılar: "Azərbaycanda xalqçılıq və ya beynəlmiləl sosial-demokrat fikri getdikcə müvəffəqiyyət qazanmağa başlayır. Müsavat firqəsinin sol tərəfi və sosialist bloku axır zamanda səhvlərini anlamaq üzrədirlər. Bu firqələr anlamışlardır ki, Avropa mədəniyyəti olmamış məmləkətdə Avropa üsul və qaidələri bərpa etmək qeyri-mümkündür. Və bunu da bildilər ki, Azərbaycan Cümhuriyyəti bütün mənası ilə müstəqil bir cümhuriyyət olmasa millətlər ailəsinə qəbul oluna bilməyəcək".

"Gələcəy"in həftədə iki dəfə nəşri Azərbaycanla bağlı xəbərlərin zamanında oxuculara çatdırılmasına mane olurdu. 1918-ci ilin iyul-sentyabr ayları ərzində Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin tanınması üçün İstanbulda fəal iş aparan Məhəmməd Əmin Rəsulzadənin xarici ölkə səfirləri, nümayəndələri ilə görüşünə işıq salan "Gələcək" iki ay sonra hadisələri oxuculara çatdırırdı. Qəzet 13 noyabr 1918-ci il sayında M.Ə.Rəsulzadənin Bakının Almaniya və müttəfiq, bitərəf dövlətlərin nəzarətində neytral bölgə olması barədə Brest-Litovski sazişinə gizli əlavəni pisləməsi barədə bəyanatı və notası barəsində yazırdı:

"Sentyabrın ortalarında İstanbul qəzetələrində Azərbaycan heyəti-mürəxxəsəsinin sədri Məhəmməd Əmin Rəsulzadə cənabları tərəfindən Almaniya səfirinə, qüvvələrində mərkəzi və bitərəf dövlətlərə verilmiş Bakı haqqında bir notası dərc olunmuşdur. Almaniya Brest əhdnaməsinə əlavə olan müahidə mövcubunca Bakının bolşeviklərə verilməsi haqqında tarazlıq etmək ilə notada Bakının tarixi-nöqteyi nəzərincə, coğrafi, iqtisadi və bir çox dəlillər əsasilə Azərbaycana mütəlliq etdiyi söylənilir".

"Gələcək" M.Ə.Rəsulzadənin Bakının ürfan, mədəniyyət cəhətincə də Azərbaycan ilə bağlı olduğunu, Azərbaycan türklərinin ictimai, iqtisadi, dini milli və xeyriyyə idarələrinin bu şəhərdə yerləşdiyini əsas gətirərək Almaniya hökumətinə rəsmi nota verdiyini yazırdı.

Qəzetin həmin sayında Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin açılacağı xəbəri də verilirdi: "Bu günlərdə Azərbaycan parlamenti yığılıb hökumətin gələcək tərz-idarəsi və tazə seçki məsələsini müzakirə edib qurtaracaqdır. "Gələcək" millətin həqiqi idarəsinin yığılmasını təbrik edir və müvəffəqiyyətlər dilər".

Qəzetin 30 noyabr 1918-ci il tarixli 21-ci sayında "Azərbaycan xəbərləri" rubrikasında eyni mahiyyətli və bir-birini tamamlayan üç xəbər çap olunub. 1918-ci ilin noyabrın 17-dən sonra Bakıya daxil olan ingilis komandanı general Tomsonun fəaliyyətinə aid olan bu xəbərlərdə əsasən Biçeraxovun rəhbərlik etdiyi kazak hərbi dəstələrinin törətdikləri qanunsuzluqlardan bəhs olunur: "Alınan xəbərlərə görə, Biçeraxov dəstəsi tərəfindən Bakıya girəndə əhali haqqında təcavüzlər olubdur. İngilislərə bu hərəkət xoş gəlməmişdir". Bu məlumatın davamı olaraq qəzet Tomsonun tədbirləri barədə məlumat verərək yazır: "Gəncədən gələn bir adam xəbər verir ki, Biçeraxov dəstəsinin soldatları şəhərə girən kibi əhalini talan etməgə başlamış, bir çox müsəlman mağazinləri talan olunmuş isə general Tomson qarışıb soldatları tərk-silah olunmasını tələb edib, soldatları tərksilah ediblər: "Türk-müsəlman əhaliyə qarşı nifrətini heç vaxt gizlətməyən Biçeraxovun Azərbaycanı tərk etməsi barədə kiçik xəbərdə isə deyilir: "Noyabrın 26-da Tiflisə xəbər gəlmişdir ki, general Tomsonun əmri ilə Biçeraxov dəstəsi Bakıdan çıxarılır. Bu xəbərin səhihliyi idarə tərəfindən təhqiq olunmamışdır".

S.Ağamalıoğlunun və əqidədaşlarının çətinliklə nəşr etdikləri "Gələcək" mənsub olduğu siyasi qüvvələrin maraq və mənafelərini öndə tutur, firqə ilə bağlı məlumatları da oxuculara çatdırırdı. "Yeni qəzetə" başlıqlı yazıda Tiflis menşevik "Hümmət"çilərinin "Gələcək"lə yanaşı, rus dilində qəzet nəşr edəcəkləri xəbər verilirdi: "Şənbə günü oktyabrın 26-dan "Hümmət" firqəsi rusca olaraq "Probujdeniya" adlı qəzetə çıxarır. Qəzetənin məqsədi Gürcüstan cəmiyyətini Zaqafqaziya müsəlmanlarının həyatı ilə tanış etmək və Zaqafqaziya millətlərinin ittihadına çalışmaq olacaqdır".

Tiflisdə yaşayan müsəlmanların hüquqlarının qorunması baxımından da S.Ağamalıoğlunun rəhbərlik etdiyi "Hümmət"çilərinin gördükləri işlər, həyata keçirdikləri tədbirlər barədə "Gələcəy"in səhifələrində materiallar var. Qəzetin 30 noyabr 1918-ci il sayında birinci səhifədə çap olunan xəbərdə bolşeviklərin müsəlmanlara qarşı törətdikləri qanunsuzluğa etiraz edilirdi: "Firqəyə xəbər gəlir ki, xırda alış-veriş edən əhali Krasnı Qvardiyası və milisəsi tərəfindən talan olunur. Həbs olunur və onlardan cürbəcürə bəhanələr ilə cəbr-rüşvət alınır". Bu halla üzləşən müsəlmanlardan xahiş olunurdu ki, bu haqsızlıqla üzləşənlər partiyanın mərkəzi qərargahına müraciət etsinlər. Cinayətdə əli olanların qanun qarşısında cavab verməli olduğunu qətiyyətlə bildirən partiya Gürcüstan hökumətindən belə hallara son qoymaq üçün tədbirlər görülməsini istəyirdi.

Nəşr müddətində baş verən siyasi hadisələrə aktiv müdaxilə edən "Gələcək" qəzetinin ideoloji yönü barədə tədqiqatçı Müşfiq Çobanlı yazır: "Gələcək" qəzeti Zaqafqaziyada hökm sürən hərc-mərcliyi, millətçilik və şovinizm siyasətini pisləmiş, Qafqazda xalqlar dostluğunun möhkəmlənməsinin tərəfdarı olmuşdur: "Bu mətbuat orqanı bolşeviklərin yürütdüyü siyasəti bəyənmiş, onlara mənfi münasibət bəsləmişdir".

"Gələcək"lə "Probujdeniya" qəzetlərinin vahid  siyasi mövqe nümayiş etdirdiyini arxiv sənədləri və qəzet nümunələri ilə təsdiqləyən M.Çobanlı tədqiqatçı M.Ağacanova istinadən bəzi maraqlı faktlar sadalayır: "Bu qəzetlərin səhifələrində Müsavat hökumətinin millətçilik siyasəti bəzən kəskin tənqid edilirdi. Bununla birlikdə qəzet bolşeviklərə və Sovet hökumətinə böhtanlar yağdırırdı". (M.Çobanlı. "Ziya"dan "Çənlibel"ədək Gürcüstanda Azərbaycan mətbuatı (1878-1998). Bakı-2000. səh.21-22).

(Ardı var)

 





19.12.2017    çap et  çap et