525.Az

"Azərbaycanda sosial təminat və əmək bazarı sahələrində uğurlar əldə edilib"


 

"Azərbaycanda sosial təminat və əmək bazarı sahələrində uğurlar əldə edilib"<b style="color:red"></b>

Azərbaycanda dayanıqlı iqtisadi inkişafın təmin olunması şəraitində sosial təminat sisteminin gücləndirilməsi, əmək resurslarının səmərəli məşğulluğunun təmin olunması və passiv əmək bazarı proqramlarından aktiv proqramlara keçilməsi istiqamətində görülən işlər beynəlxalq qurumların diqqətini cəlb edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, 2018-ci il üzrə IV Maddə Məsləhətləşmələri çərçivəsində müzakirələr aparmaq üçün Azərbaycana səfər edən Beynəlxalq Valyuta Fondunun (BVF) işçi heyətinin rəhbəri Məhəmməd əl-Qorçi mətbuata bəyanatında bildirib ki, missiya hökumətin struktur islahatları gündəliyinin icrasında əldə etdiyi nailiyyətləri təqdir edir: "Sosial təminat və əmək bazarı sahələrində nəzərəçarpan nailiyyətlər əldə edilib. Bunlara yeni işsizliyin sığortası fondunun yaradılması, pensiya islahatının həyata keçirilməsi və passiv əmək bazarı proqramlarından aktiv proqramlara keçid daxildir”.

Qeyd edək ki, noyabrın 30-dan dekabrın 14-dək Azərbaycanda səfərdə olan BVF-nin işçi heyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də görüş keçirilib. Görüş zamanı ölkəmizdə sosial təminat sisteminin, o cümlədən, sığorta-pensiya sisteminin qabaqcıl dünya təcrübəsi əsasında təkmilləşdirilməsi sahəsində aparılan islahatlar, sosial müdafiə siyasətinin aktiv əmək bazarı proqramları əsasında inkişafına yönələn tədbirlər, o cümlədən, aztəminatlı ailələrin yoxsulluqdan kiçik ailə biznesinə keçidinə yönələn özünüməşğulluq proqramı, həmçinin, yeni qəbul olunan "İşsizlikdən sığorta haqqında" qanun barədə ətraflı məlumatlar verilib. 2018-ci ilin əvvəlindən bu qanunun tətbiqi ilə əlaqədar formalaşacaq İşsizlikdən Sığorta Fondunun ölkədə aktiv əmək bazarı proqramlarının genişləndirilməsində əhəmiyyətli rol oynayacağı diqqətə çatdırılıb.

M.Qorçi bildirib ki, işsizlərə müavinətlərin verilməsi üçün yaradılan yeni sığorta fondu, pensiyalarla bağlı həyata keçirilən islahatlar, fəal əmək bazarı proqramlarına keçid Azərbaycanda sosial müdafiə sahəsində və əmək bazarında müsbət irəliləyişlərə səbəb olub. O vurğulayıb ki, ölkədə fəal makroiqtisadi siyasət və daha üstün neft qiymətləri sayəsində iqtisadiyyat 2017-ci ildə stabilləşib: "Qeyri-neft iqtisadiyyatı əsasən xidmət və kənd təsərrüfatı sektorlarının canlanması nəticəsində artmağa başlayıb".

Yaxın gələcək üzrə ölkəmizdə iqtisadi artım perspektivinin müsbət olduğu da qeyd olunub. Bildirilib ki, 2018-ci ildə dövlət investisiya xərclərinin və sosial xərclərin artdığı şəraitdə qeyri-neft sektorunun 4 faiz yüksəlməsi gözlənilir. Ümumilikdə, 2018-ci il üzrə Azərbaycanda iqtisadi artımın 2 faiz səviyyəsində proqnozlaşdırıldığı diqqətə çatdırılıb.

CEYHUN

 





19.12.2017    çap et  çap et