525.Az

İxrac missiyalarının yekunlarına dair mətbuat konfransı


 

İxrac missiyalarının yekunlarına dair mətbuat konfransı <b style="color:red"></b>

Dünən İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Dubay və Səudiyyə Ərəbistanın Ciddə şəhərinə təşkil edilmiş ixrac missiyalarının yekunlarına həsr olunan mətbuat konfransı keçirilib.

Nazirlikdən verilən məlumata görə, tədbirdə qeyd olunub ki, Dubay şəhərinə təşkil olunan ixrac missiyasında Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, quru meyvə, konservləşdirilmiş məhsullar, ət və ət məhsulları, bal, çay, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edib.

Missiya çərçivəsində meyvə-tərəvəz istehsalı və ixracı sahəsində fəaliyyət göstərən şirkətlərimiz Yaxın Şərq ölkələrində ən iri meyvə-tərəvəz sərgisi olan "WOP Dubai"də də iştirak ediblər. Sərgi çərçivəsində "Azərbaycanın meyvə-tərəvəz məhsullarının ixrac potensialı" mövzusunda seminar keçirilib. Seminarda xarici sahibkarlara rəqabətqabiliyyətli və ixracyönümlü məhsullarımız, "Made in Azerbaijan" brendinin təşviqi məqsədi ilə həyata keçirilən tədbirlər barədə məlumat verilib, ixrac missiyasında iştirak edən şirkətlərin fəaliyyətləri barədə təqdimatlar keçirilib. Sərgidə Azərbaycan məhsulları nümayiş olunub. Meyvə-tərəvəz məhsullarımız tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və Azərbaycan meyvələrinin Hindistana ixracına dair razılıq əldə edilib.

Mətbuat konfransında bildirilib ki, Səudiyyə Ərəbistanın Ciddə şəhərinə təşkil olunmuş ixrac missiyasında da meyvə şirələri, quru meyvə, konserləşdirilmiş məhsullar, bal, çay, ət və süd məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri iştirak ediblər.

İxrac missiyası çərçivəsində sahibkarlar AZPROMO-nun və Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki nümayəndəsinin birgə təşkilatçılığı ilə keçirilən ikitərəfli görüşlərdə iştirak ediblər. Görüşlərdə yerli məhsullarımız barədə məlumat verilib, məhsullarımızın market və bazarlarda satışı imkanları və distributorluq məsələləri müzakirə olunub.

Görüşlərdə Azərbaycan məhsullarına, xüsusi ilə bal, ət və süd məhsullarına böyük maraq göstərilib.

Mətbuat konfransında, həmçinin, "Made in Azerbaijan" brendinin təşviqi ilə bağlı 2018-ci ildə nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.

Qeyd edək ki, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi dekabrın 3-dən 7-dək Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində və dekabrın 6-dan 8-dək Səudiyyə Ərəbistanının Ciddə şəhərində ixrac missiyası təşkil edib.

CEYHUN

 





19.12.2017    çap et  çap et