525.Az

Tərtərdə yeni su təchizatı sistemləri istismara verildi


 

Tərtərdə yeni su təchizatı sistemləri istismara verildi<b style="color:red"></b>

Tərtərin 11 yaşayış məntəqəsində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.

"Azərsu" ASC-dən verilən məlumata görə, yeni su təchizatı sistemlərinin istismara verilməsi münasibətilə Tərtər rayonunun İsmayılbəyli kəndində açılış mərasimi keçirilib.

Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov son illər rayonda həyata keçirilən sosial infrastruktur layihələri barədə məlumat verib. O qeyd edib ki, cəbhə xəttinə yaxın ərazidə yerləşən Tərtərdə içməli su ilə təminat həmişə aktual olub. Tərtərin əsas su mənbələrinin işğal altında olması səbəbindən rayonun su ilə təminatda çətinliklər olurdu. Bu baxımdan sudan əziyyət çəkən kəndlərdə icra olunan layihə sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına səbəb olub.

"Azərsu" ASC-nin sədr müavini Seymur Seyidov isə regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində 47 şəhər və rayon mərkəzində, həmçinin, 300-dən çox kənddə içməli su layihələrinin icra olunduğunu diqqətə çatdırıb. S.Seyidov bildirib ki, 2016-cı ildə Tərtər şəhərində içməli su və kanalizasiya sistemləri yenidən qurulub: "Artıq şəhər sakinləri fasiləsiz və keyfiyyətli içməli su və mərkəzləşdirilmiş kanalizasiya xidmətləri ilə təmin olunurlar. Tərtər şəhərində yeni yaradılmış su təchizatı sistemləri bəzi ətraf kəndlərin də su təminatının yaxşılaşmasına imkan yaradıb. Rayonun Seyidimli, Hacıqərvənd, Buruc, Səhləbad, Əskipara, Düyərli, Yenikənd, Sarıcalı, Qarağacı kəndlərinə içməli su Tərtər şəhərinə çəkilmiş yeni magistral kəmərdən və şəhərin su şəbəkəsindən verilib. Rayonun Cəmilli kəndinin su təchizatı isə subartezian quyusu hesabına təmin ediləcək. İsmayılbəyli kəndinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 6,1 kilometr su xətti çəkilib, 10 ədəd bulaq quraşdırılıb. Bununla da kəndin 1600-dək sakininin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb".

Qeyd edək ki, "Azərsu" ASC cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. 2012-ci ildə Tərtər rayonunun Qazyan və Qapanlı kəndlərində layihə icra edilib və bu kəndlərdə 1300-dək sakinin içməli su təchizatı yaxşılaşdırılıb.

CEYHUN

 





19.12.2017    çap et  çap et