525.Az

Rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə: Azərbaycan təcrübəsi"


 

Rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə: Azərbaycan təcrübəsi" <b style="color:red"></b>

13-14 dekabr 2017-ci il. Müəllif Hüquqları Agentliyi Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə birgə Bakıda növbəti tədbirini keçirdi.

"Müəllif hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə" adlı ikigünlük beynəlxalq konfrans Azərbaycan Hökuməti və ÜƏMT arasında imzalanmış "Əqli mülkiyyət sahəsində əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun icrası ilə bağlı Fəaliyyət Planı çərçivəsində təşkil edilmişdi. Adından da göründüyü kimi, son dərəcə aktual mövzuya həsr olunmuş tədbirdə ÜƏMT-nın təmsilçiləri, tanınmış beynəlxalq ekspertlər, ilk dəfə olaraq Qazaxıstan, Qırğızıstan və Özbəkistandan gələn mütəxəssislər, eyni zamanda, dövlət və hökumət nümayəndələri iştirak etdilər.

Adətən, hər hansı tədbirdən əvvəl iştirakçılara görülən işləri, gündəmdəki mövzu ilə bağlı məlumatları, yenilikləri əks etdirən kitab və broşürlər, materiallar təqdim olunur. Konfransdan əvvəl foyedə həmin materialların sərgiləndiyi masaların önündəki növbə diqqətimi çəkdi. Mən də növbəyə durdum və konfrans zalına əlimdə xeyli kitab və broşürlə daxil oldum. Tədbir başlayana kimi fürsəti qaçırmadan onları nəzərdən keçirdim. "Azərbaycan milli müəllif-hüquq sistemi 20 ildə", "Azərbaycan son 10 ildə: rifah və kreativlik yolu ilə", "Davamlı inkişafda bilik və mədəni ənənələrin qorunması: əqli mülkiyyət hüququnun rolu", "Əqli mülkiyyət dünən, bu gün və sabah", "Terrorizm multikulturalizmə qarşı" seriyasından "Öz-özünü təkzib edən "erməniçiliyin müəllif hüququ", "Azərbaycanda əqli mülkiyyət hüquqlarının təminatının təkmilləşdirilməsi zərurəti", "Kütləvi informasiya vasitələri və müəlliflik hüququ: imkanlar və problemlər", "İnternet və müəlliflik hüququ: maraqların toqquşması və kompromisin axtarışı", "Elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat və onun qarşısının alınması yolları", "Erməni müəlliflərinin kitablarındakı uydurmalara "müəlliflik hüququ", "Erməni tarixi uydurmalarının tarixinə giriş", "Azərbaycan musiqi alətlərinin qorunması və inkişafı haqqında"... Sözün düzü, heyrətimi gizlədə bilmədim. Səbəb nəşrlərin çoxluğu deyildi. Gərgin zəhmət və araşdırmaların bəhrəsi olan (sadaladığım və sadalamadığım - F.N) bu kitabların hamısı son illərə aid idi və bir müəllifi vardı: professor Kamran İmanov - Müəllif Hüquqları Agentliyinin sədri. Bu sahədəki yenilikləri, tədqiqatları sistemli şəkildə nəşr etdirərək cəmiyyətə çatdırması, maarifləndirici missiyası alimin, həm də böyük vətənpərvərliyi ilə bağlıdır. MHA sədrinin ən mühüm xidmətlərindən biri bütün bilik və bacarığı ilə erməni plagiatçılığına qarşı mübarizəsi, hay-erməni saxtakarlıqları və uydurmalarının önünə "sipər" çəkməsi, bədnam qonşularımızın Azərbaycana məxsus mənəvi sərvətlərə, əqli mülkiyyət nümunələrinə sahiblənmək arzusunu qədim mətnlərə və klassik mənbələrə söykənərək, tarixi sübutlar, elmi dəlillər və danılmaz faktlarla ifşa etməsidir... 

Yeni statusda ilk beynəlxalq konfrans...

Prezident İlham Əliyevin iradəsi ilə Azərbaycan getdikcə yeniləşir, iqtisadi islahatları böyük uğurla reallaşır, innovativ inkişafa yol açan dövlətə çevrilir. Müstəqil siyasət yürüdən, özünə hörmətlə yanaşan, tolerantlıq və multikultural ənənələri ilə səciyyələnən ölkəmiz dünyadakı nüfuzunu artırır, etibarlı tərəfdaş imicini möhkəmləndirir, mötəbər beynəlxalq tədbirlərin məkanına çevrilir. Reallıqlar qlobal reytinq göstəricilərini də dəyişir. Dünya İqtisadi Forumunun 2017-2018-ci illər üçün Qlobal Rəqabətqabiliyyətlilik İndeksinə əsasən, Azərbaycan 37-ci yerdən 35-ci yerə yüksələrək bir sıra inkişaf etmiş ölkələri üstələyib və MDB-də şəriksiz liderdir.

İslahatlar əqli mülkiyyət sahəsinə də müsbət təsir göstərir. Rəqabətqabiliyyətlilik İndeksinin "Əqli mülkiyyətin qorunması" alt göstəricisi üzrə 4,8 bal toplayan Azərbaycan 37-ci yeri tutur. Bu göstərici üzrə MDB ölkələri sırasında liderlik mövqeyini qoruyur, "İnnovasiyalar" mövqeyi üzrə isə MDB məkanında liderdir.

Prezident İlham Əliyevin institusional islahatları nəticəsində MHA yeni konfransda yeni statusla iştirak edirdi. Agentlik, artıq dövlət başçısı tərəfindən təsis edilən, dövlət və ictimai əhəmiyyət kəsb edən, işçiləri dövlət qulluqçularına bərabər tutulan və mərkəzi icra hakimiyyəti orqanı statusunda təminatları olan, əqli mülkiyyət hüquqları sahəsinin inkişafını təmin edən, bu sahədə vahid tənzimləməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən publik hüquqi şəxsdir. Bunu qürurla diqqətə çatdıran MHA-nın sədri, professor Kamran İmanov ölkəmizin əqli mülkiyyət sisteminə davamlı diqqət və qayğısına görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi.

Bu gün Azərbaycanın "ƏMH təminatı və piratçılığa qarşı mübarizə" haqqında Qanun da daxil olmaqla, 5 qanundan, 100-ə qədər normativ-hüquqi sənəddən ibarət müasir müəllif-hüquq bazası mövcuddur. Ölkəmizin kreativ iqtisadiyyatının - müəlliflik və əlaqəli hüquqlara əsaslanan sənayesinin ÜDM-dəki payı 5%-i ötüb, dünyanın orta səviyyəsindədir, hətta bir sıra inkişaf etmiş ölkələri geridə qoyur. Piratçılığa qarşı tədbirlər nəticəsində 2005-ci illə müqayisədə piratçılığın səviyyəsi kitab satışı sahəsində 61%-dən 29%-ə, audio-video məhsul bazarında 90%-dən 65%-ə, proqram təminatında 96%-dən 75%-ə düşüb.

MHA indi dünyanın tanınan və seçilən agentlikləri sırasındadır, Azərbaycan bütün beynəlxalq müqavilələrdə iştirak edir, ÜƏMT-nin Rəhbər Koordinasiya və Büdcə Komitələrində təmsil olunur, qurumun sədri Müəllif hüququna dair ÜƏMT-nin Müqaviləsi Assambleyasının vitse-prezidenti seçilib, Agentliyin əməkdaşları beynəlxalq ekspert səviyyəsində çıxış edir - bu, müstəqil Azərbaycanın 24 illik inkişaf yolu keçən müəllif-hüquq sisteminə dünyanın verdiyi qiymətdir. 

Əqli mülkiyyət hüquqlarının müdafiəsi - MHA bu vacib məsələni yenidən beynəlxalq müstəvidə müzakirəyə çıxardı... 

Əqli mülkiyyət hüququna hörmətin aşılanması, əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması, rəqəmsal mühitdə müəlliflik hüququ və əlaqəli hüquqların pozulması hallarına, piratçılığa, kontrafaktçılığa qarşı mübarizə sahəsində atılan addımlara dəstək verilməsi, həmçinin, əqli mülkiyyət hüquqlarının müdafiəsi sahəsində məhkəmə təcrübəsi, beynəlxalq əməkdaşlıq, perspektivlərin müzakirəsi, müvafiq təkliflərin hazırlanması - beynəlxalq konfrans bu məsələləri gündəmə gətirmişdi.

Açılış mərasimində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının keçid iqtisadiyyatlı və inkişaf etmiş ölkələr üzrə departamentinin bölmə rəhbəri İlya Qribkov Azərbaycanın konfransa ev sahibliyini, Müəllif Hüquqları Agentliyinin təşkilatçılığını, hər dəfə mühüm və aktual mövzuları müzakirəyə çıxarmasını, yeni ideyalar, yeni təkliflərlə çıxış etməsini yüksək qiymətləndirdi. Müəllif hüquqlarının qorunması istiqamətində beynəlxalq səviyyədə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini vurğuladı. İlya Qribkovun sözlərinə görə, rəqəmsal mühitdə müəllif hüquqlarına hörmət edilməsi bütün dünyada olduqca vacibdir və Azərbaycanın bu məsələyə xüsusi diqqəti tədqirəlayiqdir.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov işğal altında olan ərazilərimizdəki tarixi, mədəni abidələrimizin ermənilər tərəfindən özününküləşdirilməsinin qarşısının alınması, eləcə də yeni əsərlərin, kəşf və yeniliklərin qeydiyyatı sahəsində MHA-nın mühüm fəaliyyətindən danışdı. Mədəniyyət nümunələrimizin UNESCO və ISESCO çərçivəsində qeydiyyatının aparılmasında Heydər Əliyev Fondunun fəaliyyətinə də diqqət çəkdi. "Ermənilərin zaman-zaman torpaqlarımızda yerləşdirilmələri, yaşamaları və onların xalqımızın, türk xalqlarının mədəniyyətini, məişətini, adət-ənənələrini özününküləşdirmələri regional xarakter daşıyır, Azərbaycan torpaqlarında yaşayan mənfur qonşularımız bundan sui-istifadə ediblər" deyən millət vəkilinin fikrincə, ermənilərin saxta qeydiyyatlarına qarşı daha ciddi mübarizə aparılmalıdır. Siyavuş Novruzov müəllif hüquqlarının qorunması üçün qeydiyyat məsələsinin çox önəmli olduğunu da vurğuladı.  

Texnoloji dəyişikliklər, yeni çağırışlar, reallıq, pozulan hüquqlar və çıxış yolları...  

Dövrün texnoloji dəyişiklikləri, əqli mülkiyyətin qarşısına qoyulan çağırışlar, yeni reallıq bütün sahələrdə "rəqəmli imperativ"in, rəqəmsal inqilabın nəticələrini nəzərə almağı tələb edir. Əqli mülkiyyətin dövriyyəsinə aid üsullar və alqoritmlər, hüquqların müdafiəsi ilə bağlı ənənəvi tədbirlər rəqəmli mühitdə mexaniki surətdə tətbiq oluna bilmir. Üstəlik, qorunan ənənəvi əsər və rəqəmsal şəklə çevrilən, yəni qorunan kontent arasında fərq var. Bir tərəfdən, kontent informasiya təbiətinə görə özünə xas olan dövriyyəni təşkil edir və qaydalarla yaşayır, digər tərəfdən isə müəlliflik hüququ ilə qorunan əsərin forması zəifləyir və kontentin mahiyyətinə uyğun olaraq, əsərin məzmununun rolu artır. "İnternetin açıqlığı - ƏMH-nın qorunması" sistemində müasir texnologiyalar da tarazlığı pozaraq, istifadəçilərin mövqelərinin üstünlüyünə, hüquq sahiblərinin isə zəifləməsinə gətirib çıxarır. Bu səbəbdən piratçılığa qarşı beynəlxalq səviyyədə illər boyu aparılan mübarizə, dünya miqyasında atılan hüquqi addımlar hələ ki istənilən səmərəliliyi vermir: hüquqlar pozulmaqda davam edir. Müəllif Hüquqları Agentliyinin sədri, professor Kamran İmanovun fikrincə, konfrans bütün bunların çıxış yollarını axtarmalıdır. 

Azərbaycana gəldikdə isə: "MHA-nın hüquq sahiblərinə əsərlərinin istifadəsi ilə bağlı həyata keçirdiyi tədbirlərin təməlində Prezident İlham Əliyevin formalaşdırdığı sosial yönümlü siyasət durur. Bu isə o deməkdir ki, müəlliflərə qonorar vaxtında, dəqiq və şəffaf formada verilməlidir. Əsərlərin istifadəçi təşkilatların qonorar ödəmədən yayılmasına və mütləq şəkildə müəlliflərin haqqına hörmətlə yanaşmasına hökumətin yeniləşmiş qərarı xidmət edir. Bu qərar müəllif əsərlərinin bütün istifadə məkanlarına aiddir. Agentlik tərəfindən mediada bir sıra izahedici məqalələr, TV verilişləri təşkil edilib, restoran və toy meydançaları üçün xüsusi bukletlər hazırlanıb. Müəlliflərə əsərlərindən istifadənin dəyəri qaytarılmalıdır, əsərləri istifadə edən təşkilatlar qonorar yığan müəllif təşkilatları ilə lisenziya sazişləri bağlamalı, onlara riayət etməlidir. Bu təşkilatlara yardım məqsədilə də Agentlik tərəfindən İnternetdə rəqəmli hüquqların idarə edilməsi sistemi də yaradılıb və istifadəyə verilir. Hazırda bu sistemin təkmilləşdirilməsi məqsədilə blokçeyn texnologiyasına əsaslanan xüsusi platforma yaradılır. Bu müasir texnologiya kollektiv idarəetmədən daha əlverişli və ədalətli olan əsərlərin fərdi idarəetməsinə müasir texnoloji imkanlar əsasında qaytarılması deməkdir". Sitat professor Kamran İmanovdandır.

Professor Kamran İmanov: "Bu tendensiya çox xatalıdır, beynəlxalq cəmiyyətin firavan gələcəyi üçün təhlükəli və problemlər yaradan bir fəsaddır..." 

Professor Kamran İmanov məruzəsindən əvvəl diqqəti daha bir erməni saxtakarlığına yönəltdi: "Cənubi Koreyada Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin iclasında dolma Azərbaycan milli mətbəxinin nümunəsi, "Köçəri" rəqsimiz isə Ermənistana məxsus rəqs kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib. "Köçəri" türk mənşəli Azərbaycan rəqsidir, bunu tarixi faktlar təsdiq edir, biz elə təkcə erməni mənbələrinə istinadən bunu sübut etməyə hazırıq. Ermənilər bu saxtakarlığa nail olmaq üçün də müxtəlif yollara əl atıblar. Onlar Azərbaycana qarşı əməlli-başlı mədəni genosid elan ediblər, biz bu genosidə qarşı mübarizəmizi davam etdirəcəyik".

"Xarici qonaqların konfransda iştirakını nəzərə alaraq, Azərbaycanın rastlaşdığı xüsusi növ piratçılıqdan danışmaya bilmərəm, söhbət erməni-hay plagiatçılığı, mənimsəmə və özününküləşdirməsindən və saxtakarlıqlarından gedir" deyən alim məruzəsində məsələni daha qabarıq şəkildə diqqətə çatdırdı. Əcdadlarımızın bizə vəsiyyət etdiyi zəngin mədəni irsin təhriflərdən, mənimsəmə səylərindən müdafiəsi məsələsi bu gün maddi-mənəvi dəyərlərin qorunması çərçivəsindən çıxaraq, siyasi-hüquqi problemə çevrilib. Odur ki, maddi-mənəvi dəyərlərin, qədim mədəniyyət nümunələrinin mənimsənilməsi faktları qloballaşma prosesini müşayiət edən "zərərsiz plagiat" cəhdləri kimi dəyərləndirilməməlidir. Ermənilərin azərbaycanlılara xas qədim abidələrin, folklorun, xalq musiqisinin, mətbəx nümunələrinin, xalçaların, rəqslərin, eləcə də musiqi alətlərinin məqsədli şəkildə mənimsənilmə cəhdləri heç də "mədəniyyətlərarası inteqrasiya prosesi"nin təzahürü deyil. Bu səylərin arxasında siyasi maraqların dayanması birmənalıdır. Məqsəd bu nümunələri özününküləşdirməklə, hayların guya Cənubi Qafqaz regionunun "avtoxton", "ən qədim köklü sakinləri" olmasına, "Böyük hay mədəniyyəti", "Böyük Ermənistan" xülyasının gerçəkləşdirilməsinə dair saxta "faktoloji materiallar" toplamaq, bu barədə beynəlxalq ictimaiyyətdə yanlış rəy yaratmaqdır. Professor Kamran İmanovun fikrincə, erməni plagiatının kökləri ərazi iddiaları ilə sıx bağlıdır, işğal edilmiş Azərbaycan torpaqlarını imkan çərçivəsində özündə saxlayaraq, digər torpaqlara göz dikməkdədir. Bu tendensiya çox xatalıdır, beynəlxalq cəmiyyətin firavan gələcəyi üçün təhlükəli və problemlər yaradan bir fəsaddır. Odur ki, bunun qarşısına sipər çəkilməlidir və çəkilir.

Agentliyin sədri onu da bildirdi ki, 2003-cü ildə folklor nümunələrimizin hüquqi cəhətdən qorunması haqqında analoqu olmayan qanun qəbul edilib. Həmin qanuna əsasən, xarici dövlətlərin hüquqi və fiziki şəxsləri bu nümunələrdən istifadə üçün mütləq Müəllif Hüquqları Agentliyindən icazə almalıdır. Agentlikdə, həmçinin, zəngin "Folklor" elektron məlumat bazası yaradılıb, folklor nümunələrinin qeydiyyatı ilə bağlı qaydalar hazırlanıb. MHA-nın Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş yeni Nizamnaməsində vacib fəaliyyət istiqaməti kimi "əqli mülkiyyət hüquqları obyektlərinin, o cümlədən, Azərbaycan xalqına məxsus olan folklor nümunələrinin (ənənəvi mədəni nümunələrin), ənənəvi biliklərin və digər qeyri-maddi mədəni irs nümunələrinin hüquqi qorunmasının təmin edilməsi, onların mənimsənilməsinin və onlardan istifadə ilə bağlı hüquqların pozulmasının qarşısının alınması və bununla bağlı müvafiq tədbirlər görülməsi" nəzərdə tutulub. Ölkəmiz DƏMT-in folklor nümunələrinin qorunması haqqında konvensiyasının tezliklə qəbul edilməsinin də tərəfdarıdır.  

"Piratçılıq və kontrafaktçılıq əqli mülkiyyətin qeyri-qanuni əldə edilməsi və istifadəsi ilə bağlı oğurluq formasıdır..." 

Konfransda "Rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə: Azərbaycan təcrübəsi" mövzusunda da professor Kamran İmanov çıxış etdi. Aparıcı beynəlxalq təşkilatların piratçılığa və kontrafaktçılığa yanaşmasından danışan alim bildirdi ki, hüquqların pozulması dünya iqtisadiyyatına böyük zərbə vurur, milyardlarla ölçülən vəsaitləri qanuni iqtisadi fəaliyyətdən sıxışdırır, gizli iqtisadiyyata yardım etməklə vergi yükünü artırır, yüz minlərlə iş yerinə mənfi təsir edir, istehlakçıları təhlükəli və qeyri-effektiv məhsullarla üz-üzə qoyur, məqsədyönlü şəkildə obyektlərin təzminat ödəmədən istifadəsinin növləri arasında fərqləri ört-basdır edir. Kamran İmanov piratçılıq və kontrafaktçılığın miqyasının mənzərəsini rəqəmlərlə təsvir etdi. Onun sözlərinə görə, piratçılıq və kontrafaktçılıq əqli mülkiyyətin qeyri-qanuni əldə edilməsi və istifadəsi ilə bağlı oğurluq formasıdır və onların sosial, iqtisadi ziyanı digər oğurluq növləri ilə, məsələn, şəxsi sərvətin oğurlanması ilə eynidir. Bu oğurluq əqli mülkiyyət hüquqlarını pozaraq innovasiyalara stimulları zəiflədir, uzunmüddətli dövrdə isə iqtisadi artıma mənfi təsir edir.

Müəllif hüquqlarının qorunmasına gəlincə isə alim hesab edir ki: "Əqli mülkiyyət hüquqlarına artan tələblərin idarəçiliyi yeni informasiya-texnologiya qərarlarının tapılmasındadır. Bu fikrimizin reallığını təsdiqləyən bir misal üzərində dayanmaq istərdim: yeni şəraitdə əqli mülkiyyət hüquqları ilə bağlı yaranan sistemli çətinliklərindən biri olan əqli mülkiyyət hüquqlarının əldə edlməsi üçün yeni texnologiya, məmulat, xidmət və ya müəlliflik hüququ obyekti barədə müəyyən məlumatların publik açıqlanması tələbi, yəni transparentlik prinsipi, yeni texnologiya olan "blokçeyn" vasitəsilə təmin edilə bilməsidir. Bu texnologiyanın müəlliflik hüququ sahəsində istifadəsinin böyük potensialı mövcuddur. "Blokçeyn" əqli mülkiyyət obyektlərinin lisenziyalaşmasının bütün sahələrində tətbiq edilə bilər. Beləliklə, biz görürük ki, müəlliflik hüququnun məqsədi yeni texnologiyaların yaratdığı mədəni mübadilədən əsərlərin yaradılması və yayılması ilə bağlı fayda götürən hər bir texnologiyalarla əməkdaşlıqdan ibarətdir. ÜƏMT-nın baş direktoru, doktor Frensis Harrinin sözləri ilə desək, "müəlliflik hüququnun məqsədi biznesin korporativ maraqlarını təşviq etmək yox, mədəni dinamizmə təkan verməkdir".

MHA-nın sədri ölkəmizdə əqli mülkiyyət mədəniyyətinin formalaşması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə sahəsində görülən tədbirləri də nəzərə çatdırdı. Bu məsələ Agentliyin diqqət mərkəzində saxlanılır, müvafiq dövlət orqanları ilə birgə piratçılıqla mübarizənin gücləndirilməsi, onun səviyyəsinin azaldılmasına yönəldilən tədbirlər görülür, ölkədəki vəziyyətin monitorinqi aparılır. Həmçinin, beynəlxalq səviyyədə əks-səda doğuran layihələr, o cümlədən, yayımlanan Copyright obyektləri ilə bağlı nəzarət markalarının istifadəsi layihəsi reallaşdırılıb. Sonuncu layihə ilə əlaqədar ilyarım ərzində Avropa İttifaqının bir sıra ölkəsinin ən görkəmli mütəxəssisləri ilə birgə böyük beynəlxalq rezonans yaratmış TWINNING layihəsi həyata keçirilib. Agentlikdə kollektiv idarəetmə sistemində blokçeyn-texnologiyaların istifadə olunması imkanlarına da baxılır. Bu texnologiyaların tətbiqi əqli mülkiyyətin vasitəçisiz qeydiyyatı və yayımlanması üçün yeni imkanlar açır... 

Dəyirmi masa, səmərəli müzakirə və təkliflər... 

Konfransda əqli mülkiyyət hüquqlarının təminatına balanslaşdırılmış yanaşma, onlayn piratçılığın mahiyyəti və digər məsələlərlə bağlı təqdimatlar oldu. ÜƏMT-nin keçid iqtisadiyyatlı və inkişaf etmiş ölkələr üzrə departamentinin bölmə rəhbəri İlya Qribkov "ÜƏMT-nin xidmətlərinin ümumi icmalı"nda əqli mülkiyyət və müəllif hüquqları sahəsində qəbul olunmuş beynəlxalq konvensiyalar, müəllif hüququna hörmətin aşılanması, rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizədə üzv dövlətlərlə əməkdaşlıq məsələlərinə toxundu. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının hüquq məsələləri üzrə müşaviri Tomas Dillon əqli mülkiyyət sahəsində cinayətlərin beynəlxalq icmalını təqdim etdi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının London Hakimlər Palatasının barrister-vəkili Qvillim Harbotl "Hüquqi müdafiənin mülki tədbirləri" haqqında çıxış etdi. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin sədri Rəşad Rzayev "Müəllif hüquqları sahəsində Azərbaycan məhkəmələrinin təcrübəsi"ni bölüşdü. Qazaxıstan Respublikası Ədliyyə Nazirliyinin baş mütəxəssisi Aygül Əhmədova, Qırğızıstan Respublikası Hökuməti yanında Əqli Mülkiyyət və İnnovasiya üzrə Dövlət Xidmətinin Seleksiya nailiyyətləri və ənənəvi biliklər sektorunun müdiri Gülcamal Baymonolova, Özbəkistan Respublikası Əqli Mülkiyyət Agentliyinin eksperti Bobur Bazarov əqli mülkiyyət hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa qarşı mübarizədə öz ölkələrində görülən işlərdən danışdılar.  

Konfransın "dəyirmi masa"ları da faydalı müzakirə və səmərəli təkliflərlə yadda qaldı. Azərbaycanda müəllif hüququ industriyasının vəziyyəti və rəqəmsal mühitdə əqli mülkiyyət hüquqlarının müdafiəsində MHA-nın rolu yerli nümayəndələrlə birgə müzakirə olundu. Kamran İmanovun bir fikrini də xatırlatmaq yerinə düşür: "MHA tam kompüterləşmiş, tərkibində müasir texnologiyaları və avadanlığı, SMART-təlim distant sistemi, nəzarət markaları ilə əqli mülkiyyət məhsullarını təchiz edən Hüquqların Təminatı Mərkəzi və Rəqəmli Hüquqların İdarəolunması xidməti, yeni tələblərə uyğun olan mətbəə ilə təchiz edilmiş və "Elektron Hökumət" portalına qoşulmuş, 5 növ dövlət xidmətlər həyata keçirən strukturdur. Agentlikdə bütün müraciətlərə vaxtında cavab verilir. Hər bir müəllif öz hüquqlarının qorunması ilə bağlı quruma müraciət edə bilər, əmin ola bilər ki, onun hüquqları qorunacaq".

Ümumiyyətlə, professor Kamran İmanov konfrans boyu müzakirələrə mükəmməl reaksiyaları, maraqlı şərhləri, suallara qanuna söykənən səlis cavabları ilə də diqqəti çəkir, beynəlxalq mütəxəssislərin də ona xüsusi rəğbəti aydın hiss olunurdu. Bu, "ev sahibi"nə, təşkilatçıya olan hörmət-izzət deyildi, Azərbaycanın əqli mülkiyyət, müəllif hüquqları sahəsində ciddi uğurlara imza atan, dünya əqli mülkiyyət sisteminin nüfuzlu alimləri sırasında yer alan professor Kamran İmanova olan münasibət idi.

Böyük məmnunluq doğuran bir amil isə Azərbaycanın əqli mülkiyyət sistemindəki uğurlarının beynəlxlaq təşkilatlar tərəfindən etiraf olunması, təcrübəsinin dünyaya nümunə kimi təqdim olunmasıdır. Bu isə heç şübhəsiz, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Azərbaycanın müəllif-hüquq sisteminin davamlı inkişafı üçün həyata keçirilən islahatlarla bağlıdır.

Beynəlxalq konfransın bağlanış mərasimində İlya Qribkov "Azərbaycanla əməkdaşlıqdan məmnunuq, inanıram ki, bu səmərəli əməkdaşlıq davam edəcək", Tomas Dillon "Ümid edirəm ki, bu, gözəl Azərbaycana səfərlərimin birincisi olacaq" dedi. Əcnəbi qonaqların dilindən ölkəmizin inkişafı, Bakının əsrarəngizliyi haqqında eşitmək də, təbii ki, çox xoş idi...

Beləliklə, MHA 2017-ci ilə daha bir mötəbər beynəlxalq konfransla yekun vurdu. Ümumilikdə, yola salmağa hazırlaşdığımız il qurumun tarixində uğurlar və yeniliklər ili kimi qalır. Qarşıdan isə daha məsuliyyətli işlərin planlaşdırıldığı yeni təqvim il gəlir. Uğurlu gəlsin və uğurlar gətirsin...

 





20.12.2017    çap et  çap et