525.Az

Amerikalı alim ulu Qəbələnin tarixini araşdırır - Fotolar


 

SELİN NUGENT ƏCDADLARIMIZLA BAĞLI MÜFƏSSƏL ARXEOMETRİK BİLGİLƏR TOPLAMAQ ÜÇÜN TƏDQİQATLAR APARIR

Amerikalı alim ulu Qəbələnin tarixini araşdırır - <b style="color:red">Fotolar</b>

2005-ci ildən bəri Qəbələdə aparılan ardıcıl arxeoloji qazıntılar zamanı əldə olunan maddi-mədəniyyət nümunələri SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının dəstəyi ilə Çuxur Qəbələ kəndində tikilən üçmərtəbəli binada yerləşən Qəbələ Arxeoloji Mərkəzində saxlanılır.

Qəbələ Arxeoloji Mərkəzinin üçmərtəbəli binası sərgi salonu, arxeoloji fond, bərpa laboratoriyası, konfrans zalı və arxeoloqların çalışdığı otaqlardan ibarətdir. Qazıntılar zamanı əldə olunan iki minə yaxın eksponat sərgidə nümayiş etdirilir. Aşkar olunan yeni eksponatlar burada ən müasir texnologiyalara cavab verən laboratoriyalarda bərpa olunduqdan sonra qonaqlara təqdim olunur.

ABŞ-ın Nyu-York Universitetinin Qədim Dünyanın Tədqiqatı İnstitutunun (New York University, Institute for the Study of the Ancient World/ISAW) əməkdaşı doktor Selin Nugent ilə də məhz bu laboratoriyada qarşılaşdıq. Bir masanın üstünü tutmuş insan sümükləri ilə tədqiqat aparan xanım doktorla arxeologiya sənəti, özünün fəaliyyəti və Qəbələ də daxil olmaqla Azərbaycanın müxtəlif bölgələrinin tarixinin öyrənilməsində gördüyü işlər barədə ayaqüstü söhbətləşmək imkanı qazandıq.

Selin xanım on bir ildən bəri bu işlə məşğuldur. Daha öncə Türkiyə, Amerika kimi böyük ölkələrdə, Azərbaycanın Naxçıvan və Lerik kimi bölgələrində də tədqiqatlar aparıb. O, uzun müddət Naxçıvan Muxtar Respublikasında (Şərur düzünün tunc dövrü abidələri) və Lerikdə (Piboztəpə antik nekropolu) üzvi tapıntıların izotop analizlərinin aparılması, Azərbaycanın qədim əhalisi barədə arxeometrik məlumatların beynəlxalq elmi dövriyyədə tanıdılması istiqamətində fəaliyyət göstərib.

Türk və Azərbaycan dilini səlis bilən doktor S.Nugentin bu il Ohayo Universitetində müdafiə etdiyi dissertasiyası "Orta tunc dövründə Şərur düzündə maldarların hərəkət dinamikası və məskən komplekslərinin formalaşması" mövzusunda olub. Tədqiqatın əsas hissəsini məhz, Şərur düzü orta tunc dövrü arxeoloji abidələrindən əldə edilmiş tapıntı fraqmentlərinin stronsium, oksigen, karbon və digər çeşidli izotop analizlərinin nəticələri təşkil edib.

Bu zamana qədər üzərində işlədiyi ən qədim nümunənin on min yaşı var. Həmin nümunələr Türkiyənin Çatalhöyük abidəsində yaşayış yerindən aşkarlanıb. Belə ki, həmin dövrlərdə insanlar yaşadığı evlərin içərisində basdırılırlarmış. Burada da Selin xanım hər yaşda və cinsdə olan insan qalıqlarının üzərində apardığı tədqiqatlar sayəsində həmin insanların həyat tərzini, yaşayışını və ən əsası neolit və xalkolit dövrünü öyrənib.

Söhbətimiz əsnasında xanım arxeoloqun bu zamana qədər ən qəribə tapıntı ilə Naxçıvanda qarşılaşdığını da öyrənirik. Dediyinə görə, Naxçıvanda dörd min illik yaşı olan əsgər qəbrindən çıxan nümunələr onu çox təəccübləndirib. Belə ki, qəbirdən əsgərin böyük ehtimalla, döyüşdə kəsilmiş, deşilmiş skeleti ilə yanaşı, silahları, çoxlu müxtəlif bəzək əşyaları, boyunbağılar və diri-diri basdırıldığı güman edilən böyük inək qalıqları da tapılıb. Arxeoloqun sözlərinə görə, bu tapıntılar həmin dövrdə Naxçıvanda yaşayan insanların həyat tərzindən və inancından da xəbər verir. Köçəri həyat tərzi keçirən həmin insanlar maldarlıqla məşğul olmuş və ölümdən sonrakı həyata inandıqlarından ölən insanın heyvanlarını da onunla birgə dəfn etmişlər.

Qəbələ Arxeoloji Mərkəzində hələ yeni çalışmağa başlayan S.Nugent üzərində işlədiyi nümunələrin ötən il aşkarlandığını və 1800 illik bir tarixə, malik olduğunu dedi. Hələlik kiçik bir ərazidən- Səlbirdən tapılan qalıqların hansı cinsə mənsub olması, yaşı və başqa ilkin bilgiləri öyrənir. Onların arasında orta yaşlı bir qadının çanaq sümüyü, uşaqların çənə, kəllə sümükləri, müxtəlif yaşlarda kişilərə aid qalıqlar da var. Daha sonrakı prosesdə isə bu insanların həyat tərzi, yaşadığı dövr, məşğuliyyəti kimi mürəkkəb bilgilər üzərində iş aparılacaq. Selin Nugent hələlik fəaliyyətini Qəbələ və Lerikdə davam etdirməyi düşünür.

Şahanə MÜŞFİQ
Foto: Nofəl ÜMİD

 





21.12.2017    çap et  çap et