525.Az

"Akademik Elizbar Cavelidze və Azərbaycan" Tbilisidə maraqla qarşılandı


 

"Akademik Elizbar Cavelidze və Azərbaycan" Tbilisidə maraqla qarşılandı<b style="color:red"></b>

Gürcüstan Elmlər Akademiyasının həqiqi üzvü, böyük türkoloq və tanınmış şərqşünas alim Elizbar Cavelidzenin anadan olmasının 80 illiyi Tbilisidə geniş qeyd olunub.

Bu münasibətlə keçirilmiş yubiley elmi sessiyasını Gürcüstan Elmlər Akademiyasının prezidenti, akademik Georgi Kvasitadze açaraq görkəmli türkoloq alim, akademik Elizbar Cavelidzenin şərqşünaslıq elminin inkişafındakı xidmətlərindən bəhs edib. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli "Akademik Elizbar Cavelidze və Azərbaycan" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə akademik Elizbar Cavelidzenin çoxcəhətli yaradıcılığına elmi qiymət verməklə bərabər, onun Azərbaycan ədəbiyyatının tədqiqi sahəsindəki xidmətlərinin ölkələrimiz arasındakı elmi-mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə sanballı töhfələr verdiyi qeyd olunub.

Bildirilib ki, Elizbar Cavelidze türk ədəbiyyatının qüdrətli simaları olan Cəlaləddin Rumi, Yunus Əmrə, Aşiq Paşa haqqındakı elmi-tədqiqat əsərləri ilə birlikdə Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmməd Füzuliyə həsr edilmiş sanballı monoqrafiyası ilə dünya füzulişünaslığını daha da zənginləşdirmişdir. Gürcüstan türkologiyasının liderinin orta əsr Azərbaycan şairi Ruhi Bağdadi haqqında yazılmış elmi əsəri bu az tanınmış böyük sənətkardan bəhs edən nadir mənbədir. Akademik Elizbar Cavelidzenin həmkarı Georgi Caculaşvili ilə birlikdə "Kitabi-Dədə Qorqud" dastanlarını gürcü dilinə tərcümə edərək kitab halında nəşr etdirməsi Azərbaycan-Gürcüstan ədəbi-mədəni əlaqələrinin əlamətdar hadisəsidir. Onun İmadəddin Nəsimiyə aid tədqiqatlarında bir çox fərqli elmi məqamlar diqqəti cəlb edir. Akademik Elizbar Cavelidze sufizm və hürufizm cərəyanlarının tanınmış tədqiqatçılarından biridir.

Elmi sessiyada Türkiyədən professor İlyas Üstünyerin "Gürcüstan ədəbiyyatşünaslıq elmində Elizbar Cavelidze mərhələsi" mövzusunda məruzəsi dinlənilib.

Gürcüstan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Roin Metreveli, professor Yelena Cavelidze, Vladimir Minaşvili, Eliko Machitadze, Marika Çikiya, Georgi Ciqauri və başqalarının məruzələrində gürcü türkologiyasının patriarxının çoxcəhətli elmi fəaliyyətinin ayrı-ayrı istiqamətləri geniş təhlil edilərək yüksək qiymətləndirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-przeidenti, akademik İsa Həbibbəyli Gürcüstan səfəri çərçivəsində Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunda olub, qarşılıqlı elmi əməkdaşlıq məsələlərini müzakirə edib. Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunda həyata keçirilən "Şota Rustaveli və Nizami Gəncəvi" layihəsinin icra edilməsində Nizami adına Ədəbiyyat İnstitutunun iştirakı məsələləri ətrafında söhbət aparılıb. Gürcü Ədəbiyyatı İnstitutunun direktoru, professor İrma Ratiani, "Şota Rustaveli və Nizami Gəncəvi" layihəsinin icraçı direktoru, professor Maka Elbakidze görkəmli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Şərq aləmində və Qafqazda intibah mədəniyyətinin yaranması və inkişaf etdirilməsindəki rolundan danışaraq, intibah proseslərinin öyrənilib dəyərləndirilməsində qarşılıqlı ədəbi-mədəni əlaqələrin yenidən araşdırılmasının əhəmiyyətini nəzərə çarpdırıb.

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin əməkdaşları ilə birlikdə görkəmli dövlət xadimi Heydər Əliyevin Tbilisi şəhərindəki heykəli ziyarət olunub.

XƏDİCƏ

 





21.12.2017    çap et  çap et