525.Az

Bakıda türkiyəli gənc rəssamın sərgisi açıldı - Fotolar


 

GÜNAY ƏFƏNDİYEVA: "AZƏRBAYCANLA TÜRKİYƏNİN QARDAŞLIQ ƏLAQƏLƏRİ YARADICI İNSANLARA XÜSUSİ İLHAM VERİR"

Bakıda türkiyəli gənc rəssamın sərgisi açıldı - <b style="color:red">Fotolar </b>

Dünən Türkiyənin Azərbaycandakı səfirliyində türkiyəli gənc rəssam Alp Gürhan Yalçınerin əsərlərindən ibarət "Bir millət, iki dövlət" adlı sərgisi açılıb.

Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə reallaşan sərgidə rəsmi şəxslər, deputatlar, mədəniyyət xadimləri iştirak ediblər.

Sərginin açılışında çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbəri olduğu qurumun üzv dövlətlərindən olan Azərbaycan və Türkiyə arasında tarixi-mədəni münasibətlərdən danışıb. Günay Əfəndiyeva türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün "Nə mutlu türküm deyənə" və Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamlarının müasir dövrdə iki qardaş respublika arasında münasibətlərin məzmununu və yönünü aydın göstərdiyini bildirib. O, Azərbaycan və Türkiyə qardaşlıq əlaqələrinin bu gün iki ölkənin prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən uğurla inkişaf etdirildiyini xüsusi vurğulayıb. İki ölkənin qardaşlıq əlaqələrinin yaradıcı insanlara xüsusi ilham verdiyini söyləyən Günay Əfəndiyeva gənc rəssam Alp Gürhan Yalçınerin "Bir millət, iki dövlət!" adı altında çəkdiyi silsilə rəsmlərin belə sənət əsərlərindən olduğunu qeyd edib: "Adət-ənənəsi, mədəniyyəti, dili, dini eyni olan iki qardaş xalqın dostluğunu əks etdirən rəsm əsərlərində bu bağlılıq hər dəfə fərqli rakurslardan göstərilir. Alpın ilüstrasiyaları şəkilli, izahlı lüğətə bənzəyir ki, bu da bir növ maarifləndirmə xüsusiyyəti daşıyır. Rəssamın bu sərgisindəki bütün əsərlərində iki dost- azərbaycanlı və türk uşaqlarını görürük. Alp qəhrəmanları vasitəsilə yalnız onların duzlu söhbətlərini müxtəlif məkanlarda təsvir etmir, eyni zamanda, iki xalq arasındakı dostluq münasibətlərinin təməlinin uşaqlıqdan qoyulduğunu göstərir".

Sərgidə çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iki qardaş ölkə arasında əməkdaşlığın bütün sahələrdə yüksələn xətt üzrə inkişaf etdiyi bildirib, ikitərəfli əməkdaşlığın yalnız regionda deyil, onun hüdudlarından kənarda da sülh və inkişafın təmin olunmasına xidmət etdiyini vurğulayıb. İki ölkənin mədəni əlaqələrindən söz açan nazir ortaq türk mədəniyyətinin inkişafında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rolunu xüsusi vurğulayıb, təşkilatın həyata keçirdiyi layihələrin əhəmiyyətindən söz açıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə ilə Azərbaycan arasında qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib. Türkdilli ölkələr arasında mədəni əlaqələrin vacibliyini vurğulayan nazir bu istiqamətdə fəaliyyət göstərən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun beynəlxalq aləmdə uğurla təmsil olunduğunu diqqətə çatdırıb.

Sərgidə iştirak edən millət vəkili, akademik Nizami Cəfərov, "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyə səfirliyinin Mədəniyyət müşaviri İrfan Çiftçi, rejissor Elvin Mirzoyev və başqaları sərgi ilə tanış olub, gənc rəssama uğurlar arzu ediblər.

Sonda gənc rəssam Alp Gürhan Yalçıner çıxış edərək iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərini uşaqların gözü ilə rəsm əsərlərində göstərməyə çalışdığını vurğulayıb və yaradıcılığına göstərilən diqqətə görə sərginin təşkilatçılarına təşəkkürünü bildirib.

Şahanə MÜŞFİQ

 





21.12.2017    çap et  çap et