525.Az

Qarabağ fədaisi, Azərbaycan sevdalısı


 

Qarabağ fədaisi, Azərbaycan sevdalısı<b style="color:red"></b>

... Ərazisində savaş gedən yad məmləkətdə həqiqətləri daha dərindən öyrənərək baş verənləri obyektiv şəkildə dünyaya çatdıran, canlı reportajdan tutmuş məqalə, sənədli povest, salnamə, hərbi foto-albom şəklində ortaya qoyan, bədənində savaşın güllə yarasını gəzdirən bu fədakar, yaradıcı insanın, tanınmış qələm sahibinin bənzəri yoxdu.

Söhbət həyatını və fəaliyyətini Azərbaycan davasına həsr etmiş latviyalı jurnalist-yazıçı Tatyana Çaladzedən gedir.

Tatyana Çaladze! O, artıq aramızda yoxdur. Qarabağ müharibəsi barədə həqiqətləri dünyaya çatdıran ilk əcnəbi jurnalistlərdən idi, bu mövzuda dəyərli kitablar yazmışdı. Topladığı saysız-hesabsız sənəd və sübutlar əsasında cinayətkar erməni silhlı birləşmələrini ilk dəfə Beynəlxalq Məhkəməyə verməyə nail olmuşdu. 

İsmi rus, soyadı gürcü olsa  da, özü latış idi. Avtomobil qəzasında həlak olan gürcü həyat yoldaşının soyadını daşıyırdı, yazılarını əsasən rusca qələmə alırdı. Ötən əsrin 90-cı illərindən etibarən Latviya mətbuatında Azərbaycana qarşı birtərəfli, qərəzli yazıların getməsinə etiraz əlaməti olaraq respublikamıza səfər etmiş və o zaman ermənilərin Qarabağın tarixini saxtalaşdırmalarına qarşı kəskin məqalələr yazmışdı. Sonralar həmin yazılar Qarabağla bağlı həqiqətləri əks etdirən dəyərli kitablarda toplandı, albomlarda yerləşdirildi. Bütün bunlardan savayı, Tatyana azyaşlı qızı Cəmilə ilə uzun müddət Bərdədəki qaçqın düşərgəsində yaşayıb sənəd topladı. Qaçqınların başına gətirilən müsibətlər barədə sənədlər əldə edən T.Çaladze ermənilərin vəhşilikləri ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciətlər etmiş və buna  nail olmuşdu. Mərhum prezident, Ümummilli lider Heydər  Əliyev onu gördüyü işlərinə görə tanıyır və dəyərləndirirdi. Çox məğrur qadın, könlü, gözü tox insan idi. Hər əziyyətə qatlaşır, amma çətinlikləri heç zaman dilə gətirmirdi. Son illər sağlamlığında ciddi problem yaranmışdı. Hərbi jurnalist kimi Qarabağda döyüşlərdən birində ayağından yaralanmışdı. Sözün əsl mənasında Fədakar İnsan idi. TRT telekanalı onun haqqında ayrıca film çəkmişdi. Müalicə almaq üçün Türkiyəyə dəvət olunmuş, amma o, imtina  etmişdi. Azərbaycana çox bağlı idi. Onu heç vaxt taleyindən şikayətlənən görmədim. Amma bir dəfə zarafatla dedi ki, məni ermənilər öldürə bilməsə də, bəzi məmurların biganəliyi öldürəcək...

Vaxtilə "Qarabağda nələr baş verir" - sorağı ilə Azərbaycana gələn əcnəbi qadın jurnalisti Bakıda qonaqpərvərlik göstərib geriyə yola salmaq istəmişdilər. Amma o, təkidlə döyüş bölgələrindən birinə-Ağdərəyə getmiş, orda əsl müharibəni görmüşdü. Döyüşə girəcək gənc əsgərlərlə söhbətləşib, o anları fotoya köçürmüşdü. Həmin gənc döyüşçülərin yarısı 10  dəqiqədən sonra həyatla vidalaşmışdı. Onların arasındakı 18 yaşlı əsgərin Tatyananın gözlərinin içinə baxaraq "Siz əcnəbi jurnalistlər onsuz da burda gördüklərinizi yox, istədiklərinizi yazacaqsınız" - deməsi onu təsirləndirmişdi.   

Hamının həmdərdi  

Qarabağa səfərlərindən birində ayağından ağır yaralandı. Cəbhədəki canlı reportajlarını, gördüklərini fərdi prizmasından keçirib redaktoru olduğu "Latviyas laiks" qəzeti üçün silsilə məqalələr hazırladı. O illərdə Azərbaycanda görüb şahidi  olduğu hadisələri, eləcə də burda keçirdiyi həyatını sonralar bir neçə kitabında qələmə aldı. Bu kitablar Ermənistanla Azərbaycan arasındakı münaqişənin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırmaqdan ötrü tutarlı sənədlər idi.

"Mən bu kitabı yetim uşaqların göz yaşlarının, qaçqınların əzab-əziyyətlərinin və valideynlərin kədərinin mərkəzi olan Azərbaycanda yazmağı qərara aldım". Bakıda, "Azərbaycan" nəşriyyatında rusca işıq üzü görmüş "Sostradaniye" ("Həmdərd") ilk sənədli-publisistik əsəri bu sözlərlə başlayırdı. Bu sənədli povest, eləcə də sonra yazdığı əsərləri, təəssüratları  geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdu.

Tatyana Çaladze Latviyanın paytaxtı Riqa şəhərində doğulub. Riqa Dövlət  Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. 1991-92-ci illərdə ölkədə iqtidar partiyası olan Latviya Xalq Cəbhəsinin "Baltika zamanı" qəzetinin Rusiya müxbiri kimi çalışıb. 1992-ci ildə "Azad Avropa" radiosu onu Latviyanın ən yaxşı jurnalisti elan edib. Almaniyada peşə təcrübəsi keçməyə dəvət olunan Tatyana ordan qayıtdıqdan sonra latış və rus dillərində çıxan "Latviyas laiks" qəzetinin baş redaktoru kimi fəaliyyətə başlayıb. 1992-ci ildən etibarən bu qəzetin xəttilə Azərbaycanın müharibə bölgələrinə səfərlər edir, canlı reportajlar hazırlayırdı. Qarabağ həqiqətlərini mütəmadi olaraq Baltikyanı və qonşu Avropa ölkələrinə yayan ilk jurnalistlərdən olan T.Çaladze gerçəkləri yazdığına görə öz ölkəsində erməni lobbisinin dəfələrlə təqib və təzyiqlərinə məruz qalıb. 1992-ci ildə azyaşlı övladı ilə Azərbaycana köçən jurnalist taleyini ölkəmizlə bağlayır. Onun Latviya və Avropa mediasında 100-dən artıq publisist yazıları dərc edilib, 7 kitabın müəllifidir. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2010-cu ildə Tatyana Çaladze "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.

"Terrorçular təkcə müsəlmanlar deyil" 

2013-cü ilin dekabr ayında Litvanın Slaptai.lt portalında "Axı terrorçular təkcə müsəlmanlar deyil" adlı məqalə dərc edilmişdi. Bu məqalədə erməni terror təşkilatları tərəfindən 1973-1987-ci illərdə Parisdə, Berlində, Melbrunda, Torontoda, Vyanada, Lissabonda, Frankfurtda və Brüsseldə türkiyəli diplomatlara, tarixçilərə və jurnalistlərə qarşı törədilmiş terror aktlarından söhbət açılır.

Litvalı məşhur jurnalist, tarixçi Gintaras Visotskas bu mövzuda yazılarını davam etdirərək həmin portalda "1993-cü il Azərbaycan üçün nə ilə əlamətdar olmuşdur?" sərlövhəli məqalə dərc etdirir. Litvalı jurnalist Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən hazırlanmış "Erməni terror və quldur dəstələrinin bəşəriyyət əleyhinə cinayətləri (XIX-XX əsrlər)" adlı Qısa Xronoloji Ensiklopediyaya istinadla Türkiyənin və Azərbaycanın mürəkkəb, faciəli və çox vaxt təhrif edilən tarixini araşdırır. G.Visotskas 1993-cü il fevralın 3-də Riqada jurnalist Tatyana Çaladzeyə müəmmalı sui-qəsd barədə söhbət açaraq göstərir ki, o vaxt "Latviyas laiks" qəzetinin baş redaktoru olan Çaladze Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri barədə yazırdı. Müəllif qeyd edir ki, Tatyana Çaladze erməni terror təşkilatlarının bəşəriyyət əleyhinə törətdiyi cinayətlərə dair məsələni açıq şəkildə qaldırmış ilk əcnəbi jurnalistlərdən idi. Məqalədə jurnalist T.Çaladzenin öz xatirələri də yer almışdı. "Cinayətlər" ensiklopediyasında göstərilir ki, iki erməni gənci "Ayastan" (Ermənistan) qışqıraraq T.Çaladzeyə hücum etmiş və ona azı üç dəfə atəş açmışdı. Çaladzeni sürücüsü xilas etmişdi. Latviyalı jurnalistlərin çoxu başa düşürdü ki, Tatyana Çaladzeyə qarşı terror aktı törədilməsinə səbəb onun Azərbaycanın haqq işini dəstəkləməsi idi. "Qarabağ qətliamı: Məhkum olunmuş Xocalı" ("Karabaxskiy qenosid: Obreçennıy Xodjalı"). Bu, latviyalı publisist Tatyana Çaladzenin yeni işıq üzü görmüş kitablarındandır. Adı Azərbaycan xəritəsi fonunda qan rəngində yazılmış, zil qara rəngə boyanmış bu kitabın dərd yükü kimi çəkisi də ağırdır... İri formatda, 850 səhifə. Kitabı fərqləndirən cəhətlərdən biri də sənədli olması, məhz rəsmi sənədlər əsasında yazılıb, şərh olunmasıdır. Kitabın 850 səhifəsinin 650-si sənədlərə ayrılıb.

On fəslə bölünmüş kitabın hər bir bölümündə elmi, tarixi mənbələrə, tarix kitablarına, çap olunmuş qəzet və jurnal materiallarına, sənədlərə, fotoşəkillərə istinad olunur. Kitabın ilk səhifəsi müəllifin "Xocalı... Bu, qətliamdır" ön sözü ilə başlayır, son cümləsi isə belə bitir: "Xocalılılar indiyə qədər bilmirlər ki, onlar kimdirlər: qaçqın, yoxsa məcburi köçkün? Onlar özlərini sadəcə olaraq, ölümün əlindən qurtulanlardan sayırlar..."

Müəllif, həmçinin, qondarma "erməni soyqırımı"nın yaranma tarixini nəzərdən keçirir. T.Çaladze 1915-ci ildə Türkiyədə erməni xalqının "ürəksarsıdıcı iztirab və qətllərini" qələmə alan müəllifləri ifşa edir. Bu müəlliflər bir-birindən sitat gətirir, eyni bir hadisəni təkrar- təkrar təsvir edirlər. Bu zaman onlar ustalıqla müxtəlif variasiya və interpretasiyalardan istifadə edirlər. Bəhs olunan məsələ ilə bağlı müəllif ortaya məntiqi fikir atır. "Niyə erməni soyqırımı" məhz 1915-ci ildə, Türkiyə Rusiya ilə müharibə apardığı illərdə baş verdi?" (Axı, ermənilər Türkiyədə uzun illərdən bəri yaşayırdılar). Sualın obyektiv cavabını müəllif fransız Jorj de Molevill, ingilis Stenford C.Şou kimi tarixçilərin mənbələrinə əsaslanmaqla tapır. T.Çaladze o illərdə baş verən hadisələrə toxunaraq Rusiyanın Türkiyədəki gizli manevrləri nəticəsində ermənilər arasında iğtişaş salındığı, bunun ətraf kəndlərə yayıldığı, sonralar ermənilərin Dağlıq Qarabağdakı əməlləri ilə eyniyyət təşkil etdiyini bildirir.

Xanım Çaladze ingilis tarixçisi Stenford C.Şounun kitabından misal gətirib yazır ki, əksəriyyəti erməni könüllülərindən ibarət olan Rusiya ordusu 14 mayda Van gölü ərazisinə çataraq bir gün ərzində yerli müsəlmanlara qarşı hücuma keçib kütləvi soyqırımı törətdilər. Kitabda dərc olunan sənədlər əsasında geniş və müdhiş bir mənzərə açılır. "1992-ci ilin 25 fevralı Azərbaycan tarixinə əbədi faciəvi gün kimi daxil olub. Ümidvaram ki, bizi Xocalının dinc sakinlərinin qətliamı ilə əlaqədar yeni beynəlxalq istintaq və məhkəmə prosesləri gözləyir, çünki qətliam cinayətinin müddəti, tarixi olmur. Politoloq və tarixçilər hələ bu dramatik zamanın ayrı-ayrı mərhələlərini, anlarını açacaqlar. Tarix hadisələrin ardıcıllığını, erməni terrorizminin bütün gizli hərəkətlərini müəyyən edəcək və hər kəs əməlinə görə cavab verəcək. Erməni terrorçularının düşünülmüş və şüurlu şəkildə törətdikləri cinayətlər erməni milləti üçün əbədi qara ləkə olacaq.  Bu da mümkündür ki, səmimi etiraf və mütəəssirlik  erməni xalqına fayda gətirsin. Hitlerdən sonra Almaniya yenidən dirçəlmədimi? Bunu zaman göstərər. Sağlıq olsun!"   

"Onlara mənəvi məhkəmə qurmuşam" 

"Xocalı siyasi maraqların qurbanı oldu" - söyləyən T. Çaladze kitabında bu məsələni ətraflı şərh edir, xalqın faciəsinə bais olan günahkarların adlarını çəkir. Bunlar: Qorbaçov, Sarkisyan, Köçəryan, Starovoytova, Qukasyan, Balayan, Saxarov, Y. Əlixanyan (Bonner)dır. Əlləri günahsız uşaqların qanına bulaşmış bu adamları kitabında mühakimə edərək belə yazır: "Mən hakim deyiləm, məhkəmə qurmaq fikrim də yoxdur. (bunun üçün müvafiq instansiyalar var) Onları kitabımda mənəvi mühakiməyə cəlb edib məhkəmə qurmuşam..."

Xocalı soyqırmının dünyada tanıdılması üçün çox işlər görülüb. Amma indi əsas məsələ bu soyqırımı törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasıdır. Tatyana Çaladze Xocalı şəhidlərinin ailələrini dinləyib, onlar haqqında sənədləri toplayaraq böyük bir kitab halına salıb. Bu sənədlər bizə əsas verir ki, cinayətkarları beynəlxalq məhkəməyə verək və onlar layiqli cəzalarını alsınlar. Onun gördüyü bu işlər, yazdığı kitablar ermənilərin yalançı təbliğatına əsl hüquqi cavabdır. Məlum hadisələrin iştirakçısı, canlı şahidi kimi araya-ərsəyə gətirdiyi kitabları rus və erməni mətbuatının həqiqətləri təhrif edən, yalan informayalarına qarşı sənədli mübarizə vasitəsidir.

"Jurnalistik, əsl həqiqətdə, xüsusi peşədir və biz ancaq Tanrı qarşısında cavab verməliyik" - söyləyən hərbi  jurnalist, Qarabağ fədaisi, Azərbaycan sevdalısı Tatyana Çaladze artıq haqqın dərgahındadı. Uzun müddət Bərdə rayonundakı qaçqın düşərgəsində yaşamış Tatyana Çaladze bu müddət ərzində "Üçüncü minilliyin soyqırımı salnaməsi" adlı layihə üzərində işləyib. Kitabının ikinci hissəsini yazmaqla yanaşı, azərbaycanlılara qarşı əsil soyqırımın aparılması faktını təsdiqləyən canlı sübutları görüb və qələmə alıb. Qaçqınların başına gətirilən müsibətlərlə bağlı sənədlər toplayan Tatyana Çaladze Avropa İnsan Haqları Məhkəməsinə ermənilərin vəhşilikləri ilə bağlı müraciətlər edir...

P.S. Onu 20 ilə yaxın idi tanıyırdım, sıx dostluq münasibətlərimiz vardı. Tatyana həmişə bu fikirdə olub ki, ermənilər törətdikləri əməllərin cəzasını almalıdırlar. Bəli, vaxt gələcək onlar tarixi "Hürnberq məhkəməsi"ndə olduğu kimi məhkum olunacaqlar. O, bu işə başlayanda çoxları inanmırdı. Onun tərtib etdiyi 1.500 sənəd Avropa Hərbi Məhkəməsinə təqdim olunub və müsbət rəy alınıb. 

Pərvanə MƏMMƏDLİ 

 





21.12.2017    çap et  çap et