525.Az

“Gəncə MDB-nin Mədəniyyət Paytaxtı 2017” layihəsinin bağlanış mərasimi keçirildi


 

“Gəncə MDB-nin Mədəniyyət Paytaxtı 2017” layihəsinin bağlanış mərasimi keçirildi<b style="color:red"></b>

“Gəncə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı 2017” layihəsinin bağlanış mərasimi keçirilib.

Gəncə şəhər İH-dən APA-ya verilən xəbərə görə, mərasimdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Anatoli İksanov və şəhər ictimaiyyəti iştirak edib.

Çıxış edən Gəncə şəhər İH başçısı Elmar Vəliyev tədbir iştirakçılarını salamlayaraq, bu ilin Gəncə şəhəri üçün çox əlamətdar illərdən olduğunu bildirib. O, Gəncənin MDB-nin mədəniyyət paytaxtı olmaqla yanaşı, il ərzində şəhərin çox böyük inkişaf yolu keçdiyini də vurğulayıb.

Səfir Polad Bülbüloğlu iştirakçıları səmimi qəlbdən salamlayıb. Gəncənin hər zaman mədəni şəhər olduğunu vurğulayan səfir MDB ölkələrində keçiriləcək tədbirlərdə Gəncənin hər zaman fəal iştirak edəcəyini söyləyib.

MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Anatoli İksanov "Gəncə - Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı - 2017” layihəsi çərçivəsində Gəncə şəhərinin yüksək templə inkişaf etdiyini deyib. Son illər Gəncədə çoxlu yeni obyektlər istifadəyə verildiyini xatırladan A. İksanov Gəncə Dövlət Filarmoniyasının yeni binasının həm təchizatına, həm də rahatlığına görə nadir binalardan olduğunu bildirib. Daha sonra A. İksanov yüksək təşkilatçılığa və "Gəncə-Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı-2017" layihəsini həyata keçirdiyi üçün E. Vəliyevə "Təşəkkürnamə" təqdim edib.

Rəsmi hissədən sonra "Gəncə - Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı - 2017" layihəsinin bağlanış mərasiminə həsr olunan konsert proqramı keçirilib.

Qeyd edək ki, 2016-cı il sentyabr ayının 16-da Qırğızıstan Respublikasının paytaxtı Bişkekdə keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının 25-ci yubiley sammitində Gəncə şəhəri 2017-ci il üçün “Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı” elan edilib.

 





22.12.2017    çap et  çap et