525.Az

Goranboy və Samuxda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə ev verildi


 

Goranboy və Samuxda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə ev verildi<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Goranboy və Samux rayonlarında inşa etdirilmiş 8 ədəd yeni fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub.

Nazirlikdən verilən məlumata görə, evlərin istifadəyə verilməsi tədbirlərində çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Əminə Seyidzadə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin müasir tələblərə uyğun yeni mənzillərlə təminatı sahəsində nazirlik tərəfindən görülən işləri diqqətə çatdırıb. Qeyd olunub ki, Goranboy və Samux rayonlarında da bu sahədə işlərin davamı kimi, 2015-2017-ci illərdə 25-dək fərdi yaşayış evi inşa olunaraq Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Bildirilib ki, respublikanın bölgələrində bu təbəqələrdən olan insanlar üçün yaşayış evlərinin tikintisi və hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri qarşıdakı dövrdə də uğurla davam etdiriləcək.

Həmçinin, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin maddi təminatlarının gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərdən bəhs olunub, onların Azərbaycan prezidentinin aylıq təqaüdü, pensiya və sosial müavinətlərlə təmin olunduqları, bu sosial ödənişlərin mütəmadi olaraq artırıldığı bildirilib.

Yeni fərdi yaşayış evləri ilə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri sosial təminatlarının mütəmadi olaraq gücləndirilməsi yönündə həyata keçirilən tədbirlərdən razı qaldıqlarını vurğulayıblar. Onlar dövlətin qayğısı ilə əhatə olunduqlarına, həyat şəraitlərinin yaxşılaşdırılması üçün aparılan işlərə, yeni yaşayış evləri ilə təmin edildiklərinə görə prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Daha sonra yeni fərdi yaşayış evlərinə baxış olub. İstifadəyə verilən evlərdə müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb. Evlərdən 5 ədədi Qarabağ müharibəsi əlillərinə, 3 ədədi isə şəhid ailələrinə təqdim olunub.

CEYHUN

 





22.12.2017    çap et  çap et