525.Az

Dövlət Miqrasiya Xidmətində ilin yekunlarına həsr olunmuş müşavirə


 

Dövlət Miqrasiya Xidmətində ilin yekunlarına həsr olunmuş müşavirə <b style="color:red"></b>

Dövlət Miqrasiya Xidmətində 2017-ci ilin yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib. 

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xidmətin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib. 

O bildirib ki, 2017-ci ildə ölkəmiz bir sıra uğurlara imza atıb. F. Nəbiyev qeyd edib ki, ilin ən əlamətdar hadisələrindən biri Davos İqtisadi Forumunun yeni hesabatında iqtisadiyyatın qlobal rəqabət qabiliyyəti indeksində Azərbaycanın iki pillə irəliləyərək, 35-ci yerdə qərarlaşması olub. Digər əlamətdar hadisə isə aparıcı beynəlxalq enerji şirkətlərinin konsorsiumu ilə yeni meqaneft müqaviləsinin imzalanmasıdır. DMX rəisi həmçinin qeyd edib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın  həm də vacib regional nəqliyyat mərkəzinə çevrilməsi istiqamətində ciddi işlər aparılır. 

F. Nəbiyev müasir dünyada miqrasiya proseslərinə Azərbaycan reallığı kontekstində ətraflı nəzər salıb. O bildirib ki, miqrasiya məsələlərinin bu gün beynəlxalq aləmdə aktual olduğu vaxtda, ölkəmizdə miqrasiya prosesləri üzərində dövlət nəzarətini həyata keçirən Xidmətin beynəlxalq əlaqələri 2017-ci ildə də genişləndirilib, bir sıra ölkələrlə ikitərəfli və çoxtərəfli əsaslarla münasibətlər inkişaf etdirilib: "Bu il İsveçrə ilə readmissiya Sazişi qüvvəyə minib, Monteneqro ilə readmissiya Sazişi imzalanıb və təsdiq edilib. İmzalanmış readmissiya sazişlərinə uyğun olaraq, artıq  Azərbaycana readmissiyası həyata keçirilmiş vətəndaşların cəmiyyətə sosial-iqtisadi reinteqrasiyası ilə bağlı Xidmət tərəfindən aidiyyatı dövlət orqanları ilə birgə iş aparılır".

Xidmət rəisi qeyd edib ki, Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihənin həyata keçirilməsinə dair 2016-cı ildə imzalanan əməkdaşlıq Sazişi təsdiq edilərək, hazırda icrasına başlanılıb.

F. Nəbiyev deyib ki, əldə olunan uğurlardan biri də odur ki, dövlət xidmətlərinin “ASAN xidmət indeksi”ni təşkil edən meyarlar üzrə qiymətləndirilməsinin nəticələrinə əsasən Dövlət Miqrasiya Xidməti ilk sıralarda yer alıb. Bununla yanaşı, turizmin inkişafı ölkəmizdə prioritet sahə kimi müəyyənləşdirilib və artıq  Azərbaycanda “ASAN viza” sistemi vasitəsilə viza almaq istəyən şəxsə 3 saat ərzində elektron viza verilir. "Əlbəttə miqrasiya orqanları əməkdaşları da çalışırlar ki, ölkəmizə təşrif buyuran əcnəbilərin miqrasiya ilə bağlı məsələləri operativ şəkildə həll edilsin", - deyə Xidmət rəisi bildirib.

Bildirilib ki, hesabat dövründə 2 570 014 halda 1 432 700 nəfər əcnəbinin Azərbaycan ərazisinə girişi, 2 579 004 halda isə 1 439 023 nəfər əcnəbinin ölkədən çıxışı qeydə alınıb. Ölkəyə girişi qeydə alınmış əcnəbilərdən  720 024  nəfəri olduğu yer üzrə qeydiyyata alınıb. Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikası ərazisində olma və yaşama icazələrinin, haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması, qaçqın statusunun müəyyənləşdirilməsi, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitam və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 88 743 müraciət daxil olub. Haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün 7980 əcnəbiyə iş icazəsi, 537 şəxsə müvəqqəti olma müddətinin uzadılması qərarı, 39 940 şəxsə müvəqqəti yaşama icazəsi, 2983 şəxsə isə daimi yaşama icazəsi  verilib. Miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 18 540 əcnəbi və vətəndaşlığı olmayan şəxs barəsində müvafiq qərarlar qəbul edilib. Xidmətin Çağrı mərkəzinə 102.629 zəng daxil olub. Xidmət rəisi qeyd edib ki, görülən tədbirlər ölkəmizin təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyindən bu sahədə aparılan işlər daim ciddi nəzarətdə saxlanılmalıdır.

Müşavirədə müzakirə edilən məsələlərə dair müvafiq qərarlar qəbul edilib.

 





23.12.2017    çap et  çap et