525.Az

Qarabağin “canlı şəhid”ləri


 

ƏZİZ MÜƏLLİMİM BƏBİR HÜSEYNOVA AÇIQ MƏKTUB

Qarabağin “canlı şəhid”ləri<b style="color:red"></b>

Çox hörmətli Bəbir müəllim!..

İnanıram ki, 85 yaşınıza təbrik məktubumun sərlövhəsinə görə məndən inciməyəcəksiniz. Elə mən özüm də Qarabağın “canlı şəhidi”yəm. Ağdamlı bircə saatım belə yadıma düşəndə gündə yüz dəfə ölüb-dirilirəm...

İndi ağdamlılarla, qarabağlılarla görüşmək də mənə çox, çox çətindir. Onların Ağdamsız, Qarabağsız halını soruşmaq olduqca ağır gəlir mənə. O bəxtəvər günlərdə gördüyüm o bəxtəvər insanların, sevinməyə layiqlilərin gözlərinə çökən kədər yaman dərindir, yaman qaradır. Bir vaxt qürurları ilə öyündüyüm o vüqarlı insanları indi dərbədər, dörd bir yana səpələnmiş, könlü sınıq, pərişan ovqatda, dərd və iztirab içində görmək, yanğılı söz-söhbətlərini eşitmək istəmirəm, Bəbir müəllim... Acı tale ilə göz-gözə, qəm-qüssəylə baş-başa yaşayan bu insanların dumanlı, tutqun əhvalı məni elə Ağdam, Qarabağ nisgili qədər yandırır... Sizi də o görkəmdə, o əhvalda görmək ağırdır mənə... Elə ona görə sizlərlə üz-üzə gəlib kəlmə kəsməkdən qaçıram... Bəlkə də, yanılıram. Bilmirəm... Bildiyim odur ki, vaxt gələcək, bunun peşmançılığını çəkəcəyəm... Çünki sizlərin - Ağdamın sayılıb-seçilənlərinin hər biri canlı tarixdir, salnamədir... Nə isə...

Heç, vallah, 85 yaşınızın tamam olmağına da inanmadım, Bəbir müəllim... İnanmadım... Amma illərə nə var ki! Gün kimi, ay kimi elə çaparaq gəlir ki! Hələ hər şeyin və hər birimizin hakimi olan zamanı demirəm - gül kimi vaxtımızı əlimizdən elə qapır ki!.. O Ağdamlı günlərdə gördüyüm Bəbir müəllimdi hafizəmdəki: şux qamətli, ucaboylu, yaraşıqlı... Mərdanəliyi, kübarlığı, yüksək mədəniyyəti, alicənablığı, gülümsər çöhrəsi, bax eləcə də donub göz yaddaşımda. Hətta o Bəbir müəllimin doğma səsi də, nəzakətli, mülayim danışığı da qulaqlarımda, səs yaddaşımdadır. Bundan daha əvvəl isə...

Ağdam şəhər 8 saylı orta məktəb... İlk müəllimlərimdən biri də siz idiniz, Bəbir müəllim! Yadınızdamı, o balaca uşaqlar... Onların arasındaydım... “Babamız” Leninin dilini öyrədirdiniz bizə. Amma bir şeyi indi də anlaya bilmirəm, Universitetin tarix fakültəsini bitirdiyiniz və yuxarı siniflərdə tarixdən dərs dediyiniz halda, niyə bizə, məhz rus dilini tədris edirdiniz? O məktəb də, o sinif də, o uşaqlar da, o müəllimlər də necə doğma idilər, Allah! Yaddaşımda ilişib qalan bir də, bilirsinizmi, nədir? Sizi digər müəllimlərimizdən seçməyimiz, daha çox istəməyimiz... Əslində, özünüz qazanmışdınız bu sevgini. Hər birimizə məxsusi diqqət göstərər, gündəliyimizə elə bəzəkli-düzəkli, yaraşıqlı “5”lər yazardınız ki! Özü də “5”ləri qırmızı qələmlə yazardınız. O qırmızı “5”ləri sizdən almaq üçün necə çalışardıq, necə canfəşanlıqla oxuyardıq... Özünüzdən xəbərsiz uşaqlığımızın qəhrəmanına dönmüşdünüz, Bəbir müəllim. Sevə-sevə baxdığımız, qürur duyduğumuz, az qala hər kəlməsini ağappaq beynimizə yazdığımız qəhrəmanımız...

Sonralar... Universitetin jurnalistika fakültəsinin tələbəsi kimi Ağdama təcrübəyə gəlib sizi “Lenin yolu” qəzetinin baş redaktoru kürsüsündə görəndə necə sevinmişdim!.. O da yaxşı yadımdadır ki, qəzetin o balaca, amma olduqca doğma redaksiyası, nəinki tələbələrin, hətta Ağdamdan çıxan, taleyini paytaxta bağlayan alimlərin, yazıçıların, söz adamlarının, hər bir qələm əhlinin ata ocağı idi, görüş yeri idi sanki... Kimsə Bakıdan lap elə bir günlüyə olsa da, Ağdama gəlsəydi, mütləq bu ocağa baş çəkməmiş geri qayıtmazdı. Xudu Məmmədovu, Şahmar Əkbərzadəni, Aqil Abbası... çoxlarını ilk dəfə bu redaksiyada görmüşdüm...

...Yenə təcrübədəydik Ağdamda. Və bu təcrübə də əsl məktəb idi. Həm bizi sınayırdılar, həm də biz özümüzü sübut etmək istəyirdik. Bir sözlə, məsuliyyətimiz böyük idi. Məsuliyyət də həmişə adamı diqqətli edir. Belə günlərdən birində tələbə yoldaşım Möhtərəm Rəcəbova (indi “Respublika” qəzetində işləyir - F.N.) ilə məni Şuşaya, Turşsudakı pioner düşərgəsinə yazı hazırlamağa göndərdiniz. Və o gün, bəlkə də, bir aylıq təcrübəyə dəydi, çünki...

Turşsuda Azərbaycanın görkəmli kristalloqraf alimi, böyük vətənpərvər, Qarabağın erməni əsirliyinə dözməyib bu dünyadan vaxtsız köç edən Xudu Məmmədovla, sanballı söz yiyəsi, şair, “Yığışın, ay ellər, anamız ölüb” deyə Qarabağa ağı deyən və elə “Ana”sının həsrəti ilə də dünyasını dəyişən Şahmar Əkbərzadə, Ağdamın sayılıb-seçilən ziyalılarından biri Zeynal Məmmədovla (Allah hər üçünə rəhmət eləsin!) görüşdük, bu görüş indiyədək xatirimdən çıxmır. Onlar da pioner düşərgəsinə, şagirdlərin görüşünə gəlmişdilər. Məktəblilərin istirahəti ilə birgə tanış olduq. Üstəlik, həmin gün hər birimiz Vətənlə görüşün xoşbəxt, unudulmaz anlarını yaşayırdıq - Şuşada, təbiətin bənzərsiz incilərindən birində... O yerlərin, xüsusən yaydakı cah-cəlalını təsvir etməyə söz yetməz... Cavan tələbələr üçün o böyük insanlarla müsahib olmaq, onların söz-söhbətini eşitmək də çox dəyərli idi. Yadımdadır, Xudu müəllim çox az danışırdı, çox az... Amma dörd bir yana, hər ağaca, hər çiçəyə elə həssaslıqla, heyranlıqla, iftixarla baxırdı ki. Sanki Qarabağın füsünkarlığını birdəfəlik gözlərinə hopdurmaq istəyirdi... O, çox sadə insan idi, sadəliyin parlaq nümunəsi idi, onu ilk dəfə görürdüm və xarakterində ən çox diqqətimi çəkən də elə bu sadəlik idi... Həmin gün böyüklərdən daha çox məktəblilərlə ünsiyyətdə oldu. Bu sətirləri yaza-yaza Xudu müəllimin bir fikrini xatırlayır, o ünsiyyətin səbəbini indi anlayıram: “Uşaqlara Vətəni sevməyi öyrətmək lazım deyil. Siz onlara Vətəni tanıdın, özləri sevəcəklər”. O, həmin gün iki daşın arasında da fürsətdən istifadə edib uşaqlara Vətəni tanıtmaq istəyirmiş...

Hər zaman hər yerdə öz millətini, torpağını uca tutan, xalqını ən yüksək səviyyədə təmsil edən, sağ ikən klassiklər sırasına düşən, adı əfsanəyə dönən Xudu müəllim... Onun elmə xidmətlərini isə iki əcnəbi həmkarının fikri ilə yada salmaq istəyirəm. Nobel mükafatı laureatı Con Bernal: “Canlı və cansız təbiəti vəhdətləndirən böyük alim Xudu Məmmədovdur”. Bu isə akademik N.V.Belovun fikridir: “Mən Xuduya bir öyrətmişəmsə, Xududan üç dəfədən çox öyrənmişəm...”

...Şahmar Əkbərzadə isə Xudu müəllimdən fərqli olaraq o görüşdə də od-alov püskürürdü. Ana haqqında yazdığı çox məşhur şeirini də söylədi - “48 ölçüdə qadın paltarı”. Bu şeirdən sonra bir müddət özümüzü toparlaya bilmədik. Bunu nahaq yerə xatırlamıram. Həmin şeiri onu dünyaya gətirib böyüdən Anasına həsr etmişdi Şahmar Əkbərzadə. Sonralar, Qarabağın ağrılı günlərində onun Vətəninə - yaralı, küskün Azərbaycana yazdığı şeirinə rast gəldim. Şeirin, sözün gözümdən düşdüyü bir vaxtda oxuduğum şeir məni yaman tutdu, Bəbir müəllim...

Allah, bu torpağın kəsilib başı,
Quran oxumağa mollası yoxdur.
Kəfən axtarmağa qohum-qardaşı,
Şivən qoparmağa Anası yoxdur! 

Ana torpaq dedik axı ona biz,
Yığışın, ay ellər, Anamız ölüb.
Bizə öz qoynunda yer verənimiz,
Ruzilər yetirən dünyamız ölüb!..
 

Təbii ki, bütün bunlar qəzet üçün gözəl bir oçerkin mövzusu idi. Və ertəsi günü siz qəzetdə Şuşa səfərimizə düz bir səhifə ayırdınız, Bəbir müəllim... Xoşunuza gəlmişdi...

Təcrübəmizlə bağlı bir məqamı da unuda bilmirəm. Sonda bizə verdiyiniz xasiyyətnaməni də qırmızı qələmlə imzalamışdınız, deyəsən, müəllimlikdən qalma xasiyyətinizi dəyişməmişdiniz...

İndi bilmirəm, necəsiniz, Bəbir müəllim? İllər sizi çoxmu dəyişib? Onu da bilmirəm... Tək bir şey mənə gün kimi aydındır: zahiri görkəminiz dəyişə bilər, ancaq mənəviyyatınız yox... Bilirəm ki, qələminiz də əlinizdədir. Demək, 20 illik qəzetçiliyə sadiq qalmısınız. Müəllim də oldunuz, Ağdam rayon partiya komitəsində təlimatçı da işlədiniz, təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsini də daşıdınız... Yox, nə vəzifələrinizi, nə ictimai işlərinizi xatırlatmaq, nə də mükafatlarınızı, təltiflərinizi sadalamaq fikrindəyəm. “Susmayan” qələminiz son işinizə daha çox bağlı olduğunuzu göstərir. Haqlısınız, yazmaya bilməzsiniz. Gör, nələrin şahidisiniz! Bir redaktor kimi Ağdamın o qara, müsibətli günlərindəki jurnalist fədakarlığınız isə elə qəhrəmanlığa bərabərdir, məncə...

Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist Bəbir Hüseynov. Bu imza yenə mətbuatdadır. Bu dəfə qaçqın-köçkünlərin ağrı-acılarını, 6 min şəhid vermiş 160 minlik Ağdamın qan yaddaşını, ağrılı salnaməsini yazırsınız. Kaş müqəddəs QƏLƏBƏdən də yazasınız - özü də qırmızı qələmlə...

...Bu “məktub”da Şükufə xanımı da sizdən ayırmaq istəmirəm, Bəbir müəllim. Rayonda hər kəs ailənizi nümunə sayırdı. Şükufə xanım Ağdamda, eləcə də ətraf rayonlarda həkim kimi də, sözün yaxşı mənasında, ad çıxartmışdı. O qədər insana ata-ana sevinci, valideyn xoşbəxtliyi bəxş etmişdi ki...

Siz “Lenin yolu” qəzetinin baş redaktoru olanda, Şükufə xanım Ağdam doğum evinin baş həkimi idi. Ondan Azərbaycan radiosunun “Natəvan” qızlar klubuna müsahibə alanda demişdi ki: “Ana üçün ən böyük səadət övladlarını bəxtəvər görməkdir...” İndi də qulaqlarımda səslənən bu sözlər yaddaşımı yandırır. İnanmıram, indi Şükufə xanım özünə “bəxtəvər ana” deyə bilsin... Nə yazıq ki, Ağdamın, yurd yerinin, ev-eşiyin itkisi azmış kimi, 33 yaşlı Gündüzünüzün nakam taleyi, vaxtsız gedişi də pərəninizi pozdu, bəxtəvərliyinizi çox gördü sizə... Amma məndən də yaxşı bilirsiniz ki, bu, göylərin hökmüdür, pozulmaz yazıdır... Elə isə qoy, 10 nəvədən, 5 nəticədən eşitdiyiniz “baba”, “nənə” sözü ağrılarınıza məlhəm olsun, ovundursun sizi...

Və... Ailənizin, Ağdamın, Qarabağın müdrik ağsaqqalı, ləyaqətli ziyalısı Bəbir Hüseynovun 85 yaşı münasibətilə hər ikinizi birgə təbrik edirəm... Bəs sizə nə arzulayım, Bəbir müəllim? Çox şey arzulayardım... Amma inanmıram, sizin könlünüzü ala biləcək nəsə deyə biləm... Təbii ki, Ağdam olsaydı, bu yazı tamam başqa cür yazılardı. İndi özümü o cür yazıya kökləyə bilmirəm... Keçmiş xatirələr solmuş halda yadımıza düşəndə bizi ağlatdığı kimi, Ağdamsız Ağdamlı günlərdən danışmaq da əzablıdır... “Kaş son 24 ildə gördüklərimiz acı bir yuxu olaydı... Sonu xoşbəxtliklə bitən nağıl olaydı...” demək keçir könlümdən... Amma indi nağılları da, elə lap yuxuları da yaxşıya yozmaq çox çətindir, bəlkə də, mümkünsüzdür... Elə isə... Tək Ağdamla qol-boyun görüş arzulayıram sizə, Bəbir müəllim... Onsuz da, bizi vaxtsız tərk edən, ürəyimizi yandırıb-yaxan əzizlərimizlə Tanrı dərgahında mütləq görüşəcəyik... Mən buna çox inanıram... Amma təki bu dünyanı neçə-neçə nəslin güvənc yeri, yurd daşı, xatirə, yaddaş ocağı Ağdamla görüşsüz tərk etməyək. Vətən dərdinin ağrısı çox, çox dözülməzdir...

85 yaşınızın ayağı sayalı olsun, əziz müəllimim!..

 





25.12.2017    çap et  çap et