525.Az

Xaqan yurdu, xan məkanı


 

NƏ ÜÇÜN TƏBRİZƏ DƏ "GƏNCƏ" DEYİRLƏRMİŞ?

Xaqan yurdu, xan məkanı <b style="color:red"></b>

Yurdumuzun iri yaşayış məntəqələrinin, onların sırasında keçmiş və müasir tariximizin ən möhtəşəm maddi və mənəvi məkanlarından biri, Azərbaycan milli ruhunun aynası olan Gəncə şəhərinin formalaşmasının bir neçə minilliyi keçən tarixə malik olması faktının təsdiqinin dövlətçiliyimiz və ideoloji məsələlər baxımından hansı əhəmiyyəti kəsb etməsinin sübuta ehtiyacı yoxdur.

Bu mənada, sözügedən məsələlərə dair tarixi arqumentlərin elmi ədəbiyyatla yanaşı, sadə insanların daha çox üz tutduğu populyar mətbuatda, həmçinin, “ekran və efir”də  daha ətraflı izahına, onun necə deyərlər, “informasiya dəstəyi”nə ciddi yanaşılmalıdır. Biz də elə bu məqsədlə Qafqaz coğrafiyasında şəhər mədəniyyətinin əmələgəlmə proseslərinin ən qədim nümunələrindən sayılan, son elmi tədqiqatlara görə, tarixi 4 min il bundan əvvələ gedib çıxan Gəncə şəhərinin əski çağlarına həmin “populyar” tərzdə ekskurs etməyi gərəkli saydıq. Xüsusən ona görə ki, bu  şəhərin yaşının qədimliyinin təsdiqi ilə yanaşı, onun adının mənşəyi də çox maraqlı mülahizələrə meydan açır.

Dörd minilliyin Gəncəsi

Əvvəla, vurğulayaq ki, dünyanın Roma, Afina, Kiyev, Sankt-Peterburq, Moskva və s. kimi bir sıra iri şəhərlərin salınması hansısa dövlət, imperiya, eləcə də şəxsiyyətlərlə bağlı olduğundan, onların dəqiq tarixi məlumdur. Bu baxımdan, əlbəttə ki, şərq, xüsusən də Azərbaycan şəhərlərinin o qədər də “bəxti gətirməmişdir” və onların əksəriyyəti ilk növbədə öz coğrafi-iqlim şəraitlərinə görə formalaşmış, daha sonralar müəyyən təkamül dövrünü keçərək, bölgədəki necə deyərlər, tarixi-siyasi həyatda iz qoymuşlar. Bununla belə, bir çox mənbələrdə Gəncənin yaşayış məskəni kimi ən qədim dövrlərdə formalaşmasından bəhs olunur. M.M. Altman “İstoriçeskiy oçerk qoroda Qyandji” əsərində qeyd edir ki, Gəncədə arxeoloji qazıntılar zamanı tapılan bir çox qəbirlər, kurqanlar, qara gildən düzəldilmiş əşyalar, bürünc qılınclar, oxlar, bilərziklər, muncuqlar və s. buralarda qədimdən yaşayış olduğunu sübut edir (bax: Göstərilən əsər, Bakı 1949). Lakin müəllif Gəncənin minillikləri aşan tarixindən bəhs edən mənbələrə müraciət etsə də, onları elmi cəhətdən ümumiləşdirməyib. Və bu hal, yəni Gəncənin tarixinin konseptual baxımdan işlənilməməsi elmimizdə “ağ ləkə” kimi xeyli müddət qalmaqda idi. Mübaliğəsiz demək olar ki, bu sahədə boşluğun aradan qaldırılmasına  gənc alim, tarix elmləri namizədi, dünyadan vaxtsız köçmüş Fərrux Əhmədovun tədqiqatları ilə start verildi. Onun, elmimizin korifeyi, akademik Ziya Bünyadovun birbaşa tövsiyələri ilə işlədiyi, 1998-ci ildə “Şirvannəşr”-də çapdan çıxmış “Gəncənin tarix yaddaşı (tarixi-etnoqrafik araşdırma)” kitabını qədim şəhərimizin ensiklopediyası adlandırsaq, yanılmarıq. Çoxu arxiv materialları olmaqla, minə yaxın mənbəyə istinad edilərək işlənmiş bu elmi əsərdə oxucuya Gəncənin yaşı və onun adının mənşəyi, şəhərin tarixi ərazi yerdəyişmələri, əhalisi və buradakı demoqrafik proseslər, şəhərsalma quruluşunun xüsusiyyətləri, eləcə də Gəncənin qala, meydan və məhəllələri haqda müfəssəl bilgilər verilir. Elə biz də sözügedən mövzuda qarşıdakı mülahizələrimizdə bu mötəbər mənbəyə istinad edəcəyik. Çünki dediyimiz kimi, bu kitab xeyli tarixi qaynaqları ümumiləşdirərək, məntiq süzgəcindən keçirilməsi ilə ərsəyə gəlib.

Tarixi mənbələr Gəncənin hələ Makedoniyalı İsgəndər dövrünəcən, yəni miladdan öncə IV əsrə qədər mövcud olduğu haqda bilgilər verirlər. Bu fakt Azərbaycan SSR Ensiklopediyasında da qeyd olunub. F.Əhmədov sözügedən əsərində şəhərin göstərilən dövrdən də qədimdə salındığını əsaslandırır. Müəllif Gəncənin yaşına dair onlarla erkən, orta, yaxın və müasir çağlara aid mənbələrdən sitatlar gətirir. O, həmçinin, Rusiya işğalıdan sonra Azərbaycan şəhərlərin tədqiqi ilə məşğul olmuş rus mütəxəssislərinin yazdıqlarına (onlar təbii ki, əski, təssüf ki, indiki zəmanəmizə çatmayan qaynaqlara əsaslanıblar) da müraciət edir: “Köhnə Gəncə hələ Makedoniyalı İsgəndərə qədər mövcud idi. Şəhərin gözəlliyi, burada ticarətin geniş inkişafı, onun təbiətinin zənginliyi qonşularının paxıllığına səbəb olurdu. Bərdə hakimi Nüşabə qızğın döyüşlərdən sonra şəhəri bac verməyə məcbur etmişdi” (Lazarev L. “Qyandja”. Sbornik qazeti “Kavkaz” za vtoroe poluqodie 1846 qoda, Tiflis 1847,s.192-193). “Bərdə yaxınlığında Gəncə adlı daha bir şəhər çiçəklənirdi. Fələyin dönük günlərində onlar bir-birini əvəz edirdilər. Onların hər ikisinin yaranışı eyni olmalıdır” (Şopen İ. “Novıe zametki ob istorii Kavkaza i eqo obitateley” S.Peterburq 1866.s.486). “Gəncə Bərdə və Beyləqandan daha qədimdir” (Qaqemeyster Y.A. “Novıe oçerki Zakafkazya” S.Peterburq, 1848. s.87).

Sonra F. Əhmədov bəzi tarixçilərin, o cümlədən, görkəmli ictimai siyasi xadim Abbasqulu Ağa Bakıxanovun da öz “Gülüstani İrəm” əsərində toxunduğu Əhəməni şahı II Keyxosrovun (Kirin) Gəncə qalası yaxınlığında məğlub edilməsi məsələsini araşdırır. O, həmçinin yazır: “Mənbələr Kirin məhz Qafqazda (Albaniyada, Kür boyunda) massagetlərə və onların məliykəsi Tomrisə qarşı müharibə açdığını yazırlar. Herodotun verdiyi bilgiyə görə, “Kirus Arazı keçib, Kür çayına çatır. Burada dar bir dərəyə soxulur (yada salın, güney Gəncəbasarın Dar dərə kəndini-F.Ə.).Məlikə Tomris öz azsaylı qoşunu ilə məharətlə Kirin fateh qoşununu tələyə salıb məhv edir, Kiri qətlə yetirir”.

Müəllif Kür çayının qədim yatağının indikindən cənubdan, müasir Gəncə yaxınlığından axması və onun dağıdıcı zəlzələlər nəticəsində yatağını dəyişməsi haqda geoloq alimlərin fikirlərini (bax: Az. Res.MDTA.f.14,s.1,iş 13, vərəqlər 16, 31) xatırlatdıqdan sonra miladdan öncə 530-cu ildə baş vermiş sözügedən döyüşün məhz Gəncə qalası yaxınlığında olması versiyasını irəli sürür. Patriarxal-quldarlıq quruluşu dövründə iri yaşayış məntəqələrinin yaranması və müəyyən inkişaf səviyyəsinə çatması üçün zəruri zaman kəsiyini də bu tarixə əlavə etmək lazım gəldiyini bildirən müəllif, Gəncənin yaşının 3 minilliyi belə aşdığı qənaətinə gəlir.

Elə bu yaxınlarda Gəncə şəhəri ərazisində aşkarlanan maraqlı tapıntılar da bu qəbildən olan versiyaları qüvvətləndirir. Belə ki, Gəncənin qərb istiqamətində, demək olar ki, şəhərin yaşayış  hüdudlarında, hazırkı Heydər Əliyev parkı ərazisində,  əvvəllər  “Quru Qobu” adlandırılan yerdə  aparılan arxeloji tədqiqatlar zamanı yaşının, ilkin artrfaktların yaratdığı ehtimala görə, 3300 il ətrafında olduğu güman edilən kurqanlar aşkarlanıb və Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya  İnstitutunun ekspedisiyası burada fəaliyyətə başlayıb (Bu haqda ətraflı bax: “Gəncə kurqanlarının tədqiqatına başlanılıb”, “525-ci qəzet”, 30 oktyabr 2017-ci il).

Təbriz və Gəncəni birləşdirən amil - “Xaqanlar iqamətgahı”

Fərrux Əhmədov Gəncənin adının etimologiyası məsələsini araşdırarkən bu qədim şəhərin adının türk mənşəli olduğunu əsaslandıraraq, olduqca diqqətçəkən və cəsarətli bir mülahizə ilə çıxış edir: “Qaynaqlar inamla Kürboyu vilayətlərdə türklərin hökmranlığından xəbər verirlərsə, təbii ki, bu tayfaların hakiminin - xanının (xaqanının, kaqanının) iqamətgahı, baş kəndi olmamış deyildi. Və bu iqamətgahın məhz Gəncə olmasını inkar etmək üçün heç bir əsas yoxdur. Hesab edirik ki, əski çağlarda şəhər “Gəncə” yox, “Qanca” (və ya “Kancə”) adlandırılmışdır. (bax: İbn Xordadbek “Kniqa putey i stran” - kommentarii, issledovaniya, ukazateli i kartı Naili Velixanovoy,Baku,1986,s.78,226)”. Bu sözün ilk komponenti əski türk danışığından gəlmə “qan”, “kaan”, “kağan”, nəhayət “xaqan”, “xan”  hakim, sərkərdə, başçı deməkdir. Sözün ikinci hissəsi olan -ca,-ça (çə, cə) tarixi Azərbaycanın ərazisində çox geniş yayılmaqla məkan, yer, yurd bildirir. Belə qənaətə gəlmək olar ki, “Gəncə”, “Qanca”, “Kancə” sözləri , “kaaan yeri”, “kaqan yeri”, “xan yeri”, “xan məkanı”, “xan yurdu”, “xanın, xaqanın oturduğu yer, onun baş iqamətgahı” anlamını verir. Maraqlıdır ki, XX əsrin əvvəlinə kimi “Qanja” və “Xanyurt” adları yerli əhalinin dilində Gəncənin cənub hissəsindəki dağlıq yerlərdə saxlanmışdı”.

Bu mülahizələrin lehinə işləyəcək sanballı bir faktı qeyd etmək olduqca vacibdir. M.M. Altmanın yuxarıda göstərdiyimiz əsərindəki, fikrimizcə, çox maraqlı olan bu cümlələrə (həmin kitabın 1991-ci ildə Azərbaycan dilinə tərcümə edilmiş parçalarından iqtibasın fotoəksini də tədim edirik) diqqət edin: “Cənubi Azərbaycanda  “Gəncə” adlı qədim mərkəz var idi. Hətta Təbrizə də hərdən “Gəncə” deyirdilər”. Bu, “Gəncə” ifadəsinin baş iqamətgah, hökmdarın taxtının yerləşdiyi məkan, yəni paytaxt mənası daşıdığı haqda F.Əhmədovun versiyasını bir daha təsdiq etmiş olur. Məkanların adının etimologiyası yönündə daha çox doqmatik yanaşmalara söykənən tədqiqatçıların da bu orijinal, eyni zamanda, iti məntiqli “tarixi-linqvistik” üsula diqqət göstərəcəyinə ümid edirik.

Zakir Muradov
Gəncə

P.S. Gəncədə ən çox əkilən və sevilən üzüm yerli sort (!) olan “Təbriz”dir. Gürcülər isə bu üzüm sortuna bilirsiniz nə deyirlər?  “Gəncuri”! Bax belə.

 





25.12.2017    çap et  çap et