525.Az

Azərbaycan və Türkiyə gömrükçüləri arasında məsləhətləşmələr


 

Azərbaycan və Türkiyə gömrükçüləri arasında məsləhətləşmələr <b style="color:red"></b>

Dövlət Gömrük Komitəsində (DGK) Türkiyə Gömrük və Ticarət Nazirliyinin nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.

DGK Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə DGK-nın Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov, Gömrük Risklərinin Təhlili və Audit İdarəsinin rəisi Faiq Seyidov, Xarici Əlaqələr İdarəsinin rəisi Dilavər Fərzəliyev, Türkiyə Gömrük və Ticarət Nazirliyinin İkitərəfli Gömrük Əməkdaşlığı İdarəsinin rəisi Adəm Yazıcı, həmin idarənin mütəxəssisi Cizem Asma Şenel, informasiya texnologiyaları üzrə mütəxəssis Alperen Kethudaoğlu və digər şəxslər iştirak edib.

Görüşdə ölkələrimiz arasında bütün sahələrdə dostluq və qardaşlıq ənənələrinə söykənən strateji əməkdaşlıq münasibətlərindən bəhs olunub. Bildirilib ki, bu münasibətlərin inkişafında hər iki ölkənin gömrük orqanlarının da rolu danılmazdır. O da vurğulanıb ki, son illərdə regionda iki ölkənin təşəbbüsü ilə nəqliyyat və logistika sahələrində həyata keçirilən irimiqyaslı layihələr əlaqələrin bundan sonra da inkişafına öz töhfəsini verəcək.

Daha sonra görüşdə gündəlikdə duran bir sıra məsələlər - "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılmasına dair Saziş"in Texniki Təminat Sənədinin hazırlanması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin gömrük məsələləri, DGK ilə Türkiyənin Gömrük və Ticarət Nazirliyi arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin növbəti 2-ci iclasının gündəliyindəki mövzular və iki ölkə arasında risklərin idarə olunması məsələləri müzakirə edilib.

Həmçinin qeyd olunub ki, iki ölkə arasında hərəkət edən mal və nəqliyyat vasitələri barədə məlumat mübadiləsinin həyata keçirilməsi üzrə texniki işlərə başlanılıb və pilot variantda 2018-ci il mart ayınadək tranzit yükdaşımaları haqqında məlumat mübadiləsi həyata keçiriləcək.

 





26.12.2017    çap et  çap et