525.Az

Üçcildlik "Azərbaycan teatr ensiklopediyası"nın təqdimatı oldu - Fotolar


 

Üçcildlik "Azərbaycan teatr ensiklopediyası"nın təqdimatı oldu - <b style="color:red">Fotolar</b>

Dekabrın 26-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında üçcildlik "Azərbaycan teatr ensiklopediyası"nın təqdimatı olub.

Nəfis tərtibatda çap olunan kitabın müəllifi sənətşünaslıq doktoru, professor İlham Rəhimli, layihənin rəhbəri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, əlaqələndiricisi nazir müavini Ədalət Vəliyev, redaktoru Əməkdar mədəniyyət İşçisi Atababa İsmayıloğludur. Redaksiya heyətinə respublikanın tanınmış elm və mədəniyyət mütəxəssisləri daxildirlər.

AZƏRTAC xəbər verir ki, tədbirdə Ə.Qarayev çıxış edərək ensiklopediya haqqında məlumat verib. Bildirilib ki, kitab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanaraq çap edilib. Elmi xarakterə malik, akademik meyarlar əsasında yaradılan bu ensiklopediya kütləvi mahiyyətlidir, geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Nəşrin incəsənətin müxtəlif sahələrində çalışanlar üçün böyük əhəmiyyətə malik olduğunu bildirən nazir qeyd edib ki, burada milli teatr sənətimizin və ümumilikdə, Azərbaycan incəsənətinin şərəfli tarixi ətraflı işıqlandırılıb. O deyib: "Hesab edirəm ki, kitab milli mədəniyyətimizə layiqli töhfədir".

Təqdimat mərasimində Milli Məclisin deputatları, akademiklər İsa Həbibbəyli, Rafael Hüseynov, Nizami Cəfərov və başqaları çıxış edərək kitabın məziyyətləri barədə danışıblar. Bildirilib ki, ensiklopediya uzun müddət teatr işi ilə məşğul olan insanların fəaliyyətinə nəzər salır. Kitabın nəşrini bu peşəyə minnətdarlıq kimi dəyərləndirən natiqlər kitabdakı hər məqalənin arxasında müəllifin gərgin əməyinin nəticəsi olan geniş tədqiqatın dayandığını qeyd ediblər.

Sonda nəşrin müəllifi İ.Rəhimli çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

 





26.12.2017    çap et  çap et