525.Az

Xalq artisti Sona Hacıyevanın 110 illiyi qeyd olundu


 

Xalq artisti Sona Hacıyevanın 110 illiyi qeyd olundu<b style="color:red"></b>

Azərbaycan Teatr Xadimləri İttifaqında görkəmli teatr və kino aktrisası, Xalq artisti Sona Hacıyevanın 110 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib.

Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Akademik Dövlət Milli Dram Teatrının təşkilatçılığı ilə reallaşan tədbirdə görkəmli sənətkarın səhnə və kino fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə Xalq artistləri Hacı İsmayılov, Ağakişi Kazımov və başqaları çıxış edərək Azərbaycanın ilk peşəkar qadın aktrisalarından olan Sona Hacıyevanın sənət yolundan danışıblar. Bildiriblər ki, uzun illər teatr səhnəsində yaddaqalan obrazlar yaradan Sona Hacıyeva 1907-ci il iyunun 25-də Şəkidə anadan olub. Onun anası Əzizə Məmmədova da o dövrün görkəmli aktrisalarından idi. İlk dəfə 13 yaşında Sultan Məcid Qənizadənin "Axşam səbri xeyir olar" tamaşasındakı Çimnaz obrazı ilə səhnəyə çıxan Sona xanımın qabiliyyəti, istedadı o dövrün görkəmli aktyorlarından olan Mirzəağa Əliyev və Hacıağa Abbasovun diqqətini cəlb edir.

Qeyd edilib ki, Sona Hacıyevanın Azərbaycan Dövlət Dram Teatrının səhnəsində ilk rolu 1923-cü ildə oynadığı Əbdürrəhim bəy Haqverdiyevin "Pəri-Cadu" əsərindəki Səlimə rolu olub. Sonralar aktrisa uzun illər bu teatrda çalışaraq müasir və klassik dramaturqların əsərlərinin tamaşalarında müxtəlif obrazlar yaradıb. Sona xanım Opera və Balet Teatrında da çıxış edərkən yaratdığı Leyli, Əsli, Asya, Şahsənəm obrazları maraqla qarşılanır, Azərbaycan qadının ağır taleyini, üzləşdiyi çətinlikləri güclü və emosional şəkildə tamaşaçılara çatdırırdı.

Tədbirdə Xalq artisti, "Şərəf nişanı" ordenli Sona Hacıyevanın yaradıcılığı ən müxtəlif istiqamətlərdən xatırlanıb.

XƏDİCƏ

 





27.12.2017    çap et  çap et