525.Az

Yaxşılıq təkrar olunur


 

"ÖMRÜMƏ YAZILANLAR" SİLSİLƏSİNDƏN

Yaxşılıq təkrar olunur<b style="color:red"></b>

Unudulmaz şairimiz Əliağa Kürçaylının ölməz Səməd Vurğun haqqında belə bir xatirəsi var: "Səməd Vurğun ömrümüzdə".

Həmin xatirə altmışıncı illərin axırında dərc olunmuşdu - "Ədəbiyyat və incəsənət" qəzetində. İşə bax, indi mən də Əliağa müəllim haqqında yazdığım bu sətirləri sizinlə bölüşürkən həmin sərlövhəni seçməkdən özümü zorla saxlayıram. Necə deyərlər, yaxşılıq da tarix kimi təkrar olunur.

Yetmiş birinci il idi. Ata əvəzi böyük qardaşım Həsən (ixtisasca o, həkim idi) bizə gəlmişdi. Bizə deyəndə, evimiz nə gəzirdi. Ortancıl qardaşım Hüseynlə mən onun-bunun qapısında kirayəşin yaşayırdıq. İldə bir ünvan dəyişirdik. Nə maaşımız bir maaş idi, nə də artımımız. Ayı güclə başa vururduq.

Qağam (biz böyük qardaşımıza "qağa" deyirdik) rayonda aptek müdiri işləyən əmioğlu Famildən iki min yüz rubl borc alıb bizə gətirmişdi ki, babat bir ev alaq, qapılardan yığışaq.

O, qayıdandan sonra biz iki qardaş küçələrə düşüb ev axtardıq. Üç günlük axtarışdan sonra Göy məscidin (Əjdər bəy məscidi) altındakı çökəkdə - "Güllü dərə"də bir ev tapdıq.

Ev ümumi həyətdə idi və ikiotaqlıydı. Otaqların biri böyük, biri balaca idi. Sahibi erməniydi. Razılaşıb evi aldıq. Erməni elə həmin günü köçüb getdi. Beləliklə, paytaxtda bizim də evimiz oldu. İki qardaş ikimiz də elə rahatlıq tapmışdıq ki, sevincimiz yerə-göyə sığmırdı.

Bir neçə gündən sonra qeydə düşmək üçün pasportları götürüb getdim Nəsimi rayon pasport idarəsinə. İdarə rəisi Fralova soyadlı bir rus qadını idi. Pasportları arın-arxayın halda arakəsmə sürahinin üstünə qoyub dedim ki, bəs qeydə düşməyə gəlmişəm. Rəis qadın ünvanı soruşdu. Mən də dedim. O, qarşısındakı qalın qovluq - kitabı götürüb vərəqlədi. Xeyli vərəqləyəndən sonra barmaqlarını bir vərəqin üstündə saxlayıb başını buladı. Adi, çox adi halda üzümə baxdı. O adilikdə elə bir soyuqluq duydum ki, mənə bir üşənti gəldi. Dözmədim:

- Nədi? - dedim.

Qadın "olmaz" cavabını verdi və fikrini də belə əsaslandırdı: o dərə bütünlüklə plandadı. Planda olan yerə də qeydə düşmək qəti qadağandı.

Mən sustaldım. Dünya başıma hərləndi. İndi biz neyləyəcəyik? Pulu necə geri alacayıq? Ermənini hardan tapacağıq... Qağama nə cavab verəcəyik?..

Çarəsiz-çarəsiz çinli qadına dil tökməyə məcbur oldum. Şirinlik boyun oldum. Xeyri olmadı. Pasportları sürahinin üstünə qoydu və laqeydliklə - onda gərək mən əvvəlcə ərizəmi yazam - dedi.

Mən evə necə qayıtdığımı bilmədim. Vəziyyəti qardaşıma danışdım. O da qaraldı. Günlər keçirdi. İşə qanıqara gedir, qanıqara da qayıdırdım. Fikirdən başım açılmırdı. Heç kimə də açıb-ağarda bilmirdim. Bütün ümid qapıları da ki, demək olar bağlanmışdı. İşdə nəyi götürüb nəyi qoyduğumu unutmuşdum. Elə tez-tez dəhlizə çıxır, siqareti siqaretə  calayırdım.

Onda mən "Azərnəşr"də kiçik redaktor işləyirdim. Yəni şunu götür, şunu qoy.

Yenə aynabəndin qarşısında dayanıb siqaretə dəm vermişdim. Aynabəndin açıq pəncərəsindən Nizaminin heykəli tərəfə baxır, gözlərimi bir nöqtəyə zilləyib dərin fikrə getmişdim. Birdən pilləkənin aşağısında addım səsləri gəldi. Kim isə pilləkəni çıxırdı. Ani və könülsüz halda dönüb baxdım. Şair Əliağa Kürçaylı idi. Baxışlarımı çəkib yenə də fikirli-fikirli çölə baxdım.

Əliağa müəllim pilləkəni qalxıb dayandı. Salamsız-kalamsız birbaşa məndən soruşdu:

- Nə olub, nə yaman fikirlisən?..

Mən ümidsiz-ümidsiz ona baxdım. Elə bil kirpiklərimdən daş asılmışdı. Fikirli halda gözlərimi yerə dikdim. Ümidsizliyə elə qapılmışdım ki, cavab vermək istəmirdim. Əliağa müəllim qoluma toxundu və israrla bir də soruşdu:

- De görüm nə olub?

Mən bu mehrdən kövrəldim. Dodaqlarım səyridi. Olmuşları güclə ona danışdım. O, heç nə demədən sağ əli ilə sol qoluma girdi və məni pilləkənə doğru çəkdi:

- Gəl!

Küçənin o biri tayına keçənə qədər qolumu buraxmadı. Ayırd edə bilmirdim, bu onun özünə inamı idi, yoxsa mənim üzə düşüb qayıdacağımdan ehtiyatlanırdı.

Küçənin o biri tayında qolumu buraxdı:

- Azad Quliyevlə danışaram, yoluna qoyar, fikir eləmə.

Azad Quliyev respublika pasport stolunun rəisi idi. Özü də şairdi: Azad Talışoğlu! Sadəcə mənim tanışlığım yox idi və mən də buna görə ona müraciət etməyə utanırdım. Həm də ehtiyat edirdim ki, mənə yox deyər, bununla da hər şey bitər.

Nazirliyin binasına çatanda Əliağa müəllim mənə tərəf qanrıldı  və:

- Onun indi fasilədən gələn vaxtıdı, -dedi, - sən bir az arxadan gəl, bizi bir yerdə görməsin.

Mən dala qaldım. Elə bu vaxt Azad müəllim univermağın tinində göründü. Əliağa müəllim:

- Odu gəlir, - deyib irəli yeridi və binanın tinində salamlaşıb qoşalaşdılar. Bir-iki addım atmışdılar ki, Əliağa müəllim arxadan mənə əl elədi. Yəni gəl.

Mən tez qımıldım. Onlar ikinci mərtəbədə dəhlizi burulanda mən pillələri qalxırdım. Dəhlizdə onları görmədim. Hansısa otağa girmişdilər. Mən gözləməli oldum. Elə bu vaxt orta qapı açıldı və bir qız çıxıb məni soruşdu:

- Cavad sənsən?

- Bəli.

- Gəl içəri.

Mən orta otağa girəndə qız sol tərəfdəki qapını mənə göstərdi:

- Keç!

İçəridə iki şair üzbəüz oturmuşdular. Mən bir az irəli yeriyib dayandım. Çəkinəcəkli salam verdim. Azad müəllim eynəyinin altından zəndlə mənə baxdı. Kişinin zəhmi məni basdı. Udqunmağa başladım. Nə yaxşı ki, özü dilləndi:

- Danış görüm nə məsələdi!

Mən əhvalatı olduğu kimi danışdım. O, üzünü Əliağa müəllimə sarı çevirdi:

- Çətin məsələdi. Ora planda olan yerdi. Qeydə götürmək qəti qadağandı. Kollegiyanın qərarı var.

Eynən Fralovanın sözləri. Az qala dizim qatlanacaqdı. Əliağa müəllim geri çəkilmədi.

- Çətindi ki, sənin yanına gəlmişəm də. Asan olsaydı elə özü də həll edərdi.

Azad müəllim yumşalan kimi oldu. Dönüb mənə baxdı və seziləcək bir mülayimliklə:

- Yaxşı, otur bir ərizə yaz - dedi.

Gərginliyim çəkildi. Yalnız bundan sonra sərbəstləşdim.

Tez stul çəkib oturdum. Onun mənə uzatdığı ağ vərəqi havadaca alıb qarşıma qoydum və gözümü ona zillədim. Elə bil imla dərsində oturmuşdum. Deyəsən, bunu ikisi də duydu. Gülüşdülər. Mən bir az da ürəkləndim.

- Nədi, ərizə yaza bilmirsən? - Azad müəllim dilləndi. Mən qızardım. Əliağa müəllim zabit şairin qoluna toxundu:

- Utandığından gör necə qızardı e...

Mən özümü toparlayıb dedim:

- Bilirəm, ancaq buranın formasını bilmirəm.

Azad müəllim "imla"sına keçdi: - Yaz ki, filan-filan qəzetdə, filan-filan jurnalda şeirlərim çıxır. Xahiş edirəm gələcəyimi nəzərə alıb müstəsna hal kimi  məni filan ünvanda, filan mənzilə  qeydə alasınız.

Ərizəni əlüstü yazıb Azad müəllimə uzatdım. O, ərizəni alıb elə oradaca əmr verdi.

- Vəssalam. Üç gündən sonra əmr rayon pasport idarəsinə gedəcək. Üç gündən sonra gedərsən ora, daxili əmr verəcəklər.

Mən hər ikisinə təşəkkür eləyib qalxdım. Arxadan Azad müəllim dilləndi:

- Birdən pul-zad istəyərlər... Verib-eləmə haa...

Mən gülə-gülə razılıq elədim.

Üç gündən sonra intizarla rayon pasport idarəsinə getdim. Yenə həmən otaq, həmən tanış üz.

Birinci rəis qadın dilləndi:

- Nə var, nəyə gəlmisən?

Dedim ki, bəs belə-belə. Sizə nazirlikdən əmr gəlməlidi, baxın görün gəlib?

O, gələn poçtu yoxlayıb əmri tapdı.

- Hə, gəlib.

Mən də pasportları ona uzatdım. O qardaşımı da, məni də qeydə aldı. Mən çıxmaq istəyəndə o, dediyim sözləri yadıma saldı:

- Bəs deyirdin şirinlik olacaq...

- Sizin borcunuz əmri yerinə yetirməkdi... Buna düşmür.

O, dodağının altında deyinməyə başladı:

- Bunlar üçün qanun yoxdu. Belə şeyləri tum kimi çırtlayırlar...

Söz məni tutdu. "Bunlar" deyəndə sarı simə vururdu. Özümü saxlaya bilmədim:

- Bizdə humanizm, insanlıq qanundan ötədi.

Xırp kəsdi. Daha gözləmədim, idarədən çıxdım.

...Bir neçə ildən sonra "Yazıçı" nəşriyyatı yaradıldı və "Azərnəşr"də işləyən və bədii yaradıcılığı olan redaktorları (mən də o cümlədən) həmin nəşriyyata keçirdilər. İşə bax ki, Əliağa Kürçaylı da yeni yaranan nəşriyyata baş redaktor gəldi.

İşə çox ciddi başladı. Bizim redaktə edib qol çəkdiyimiz əlyazmalara həddən artıq həssas yanaşırdı. Xırda bir düzəlişi indi də yadımdadı.

Naxçıvan şəhər partiya komitəsinin birinci katibi işləyən şairə Elmira  Qasımovanın şeirlərini seçib çapa imzalamışdım. Seçdiyim şeirlərin birində belə bir ifadə vardı: Təbriz yuxuma gəlib. Mən "gəlib" sözünü nənələrimizdən eşitdiyim kimi "girib"lə əvəzləmişdim və əllə yazdığım sözü şeirdə olduğu kimi saxlamışdım. Əliağa müəllim məni çağırdı və  düzəlişimə iradını bildirdi:

- Burda müəllif haqlıdır. "Gəlibdi" düzdü. "Giribdi" sözü burda yerinə düşmür. Sən yazdığın sözdə başqa bir məna çaları var. Amma "gəlibdi"də bir mehr, ana gəlişi var. Axı, şeirdə "lirik mən"in Təbrizə həsrəti var. Təbriz onun yuxusuna ana mehriylə, ana ovuntusuyla gəlir. Burada "girmək" sözü qətiyyən düzgün deyil. Bir az diqqətli ol!

Mənim razılaşmaqdan başqa çarəm qalmadı. Onu da deyim ki, Əliağa müəllim işçilərə tələbkar yanaşdığı kimi, yeri gələndə onları müdafiə də edirdi. Ümumiyyətlə, o, həmişə haqqın tərəfində dayanırdı. Vay o işçinin, o müəllifin halına ki, haqdan qıraq danışaydı... Əliağa müəllim o dəqiqə həmin  adamı susdururdu. Onun otağından o qədər qaralıb çıxanlar görmüşdüm...

Əlimdə ağır bir əlyazma var idi. Nə müəllifini tanıyırdım, nə də imzasını. Ancaq eşitmişdim ki, professordu, Gəncədə Kənd Təsərrüfatı İnstitutunda elmi kommunizm kafedrasının müdiri vəzifəsində işləyir. Nə yolnansa nəşriyyatın planına düşmüşdü. Özü də nə az, nə azacıq - on iki çap vərəqi  həcmində.

Hekayələri heç cürə ələ gəlmirdi. Beş-altı yazısını beş-altı dəfə qaralayıb ağardandan sonra zəng vurub çağırdım. Səhərisi gəldi. İşlədiyim hekayələri qabağına qoydum. Elə bildim qızarıb-bozaracaq, haldan-hala düşəcək. Heç halını da pozmadı. Məmnuniyyətlə oxudu. Birdən mənə qayıtdı ki, bəs qalanı hanı? Mən dedim ki, qalanı ələ gəlmir. Kişi barıt çəlləyi kimi partladı.

- Sən nə danışırsan, on iki çap vərəqindən iki çap vərəqi?.. Dimdiyinin sarısı getməyənin birisi indi mənə dərs verəcək...

Söz məni tutdu, nə tutdu. Qovluğu qatlayıb verdim qoltuğuna..

- Hara gedirsən get!..

Bir neçə dəqiqədən sonra Əliağa müəllim telefonla məni çağırdı. Getdim. Yazıçılıq eşqinə düşmüş müştəbeh "professor" baş redaktorun qarşısında oturmuşdu. Boyu  törə olduğuna görə stolun qırağından çiyinləri və başı güclə görünürdü.

Əliağa müəllim əlyazma haqda rəyimi soruşdu:

- İki çap vərəqi hazırlamışam, qalanları ələ gəlmir.

- Qırağa qoyduqlarından birini oxu görüm.

Ayırıb ayrı qoyduğum "ələgəlməzlərin" üstündəki "hekayə"ni oxumağa başladım. Yazıda mollalar bir yerə toplaşıb hərə öz fırıldağından, gözəl arvadları yola gətirmələrindən, gözü yaşlı ölü sahiblərini necə soymaqlarından danışırdı. Hətta biri lap qabağa gedib "İmamzadə" məscidində it sümüyü, eşşək sümüyü basdırıldığını bilmədiyini bəyan edirdi.

Eynən otuzuncu illərin havası, məscidləri tövləyə çevirənlərin düşüncəsi.

Əliağa müəllim oxunuşu dayandırdı. Gözlədiyimin əksinə olaraq çox sakit halda üzünü qonağa tutdu:

- Səni plana kim salıb?

- Mərkəzi Komitə!

- Get, Mərkəzi Komitə də çap eləsin! Nəşriyyat bədii əsər çap eləyir, belə zibilləri yox!

O vaxtlar hər adam cürət edib belə deməzdi. Şəksiz ki, hamı ehtiyatlanırdı. Ancaq Əliağa müəllim dedi. Onun böyük nüfuzu qarşısında "professor" cınqırını da çıxarmadı. O, suyu süzülə-süzülə qapıya sarı yönələndə arxadan Əliağa müəllim ona dilləndi:

- Zibilini də götür.

Yumrulanıb yumağa dönmüş "professor" qayıdıb əlyazmasını da özüylə götürdü. Otaqda ikimiz qalanda Əliağa müəllim mənə tapşırmasını tapşırdı:

- Belələrinə qarşı amansız olmaq lazımdı. Yoxsa ədəbiyyat da batar, sənət də.

O, ağır xərçəng xəstəliyinə tutulmuşdu və bu xəstəlik onu əldən salırdı. Çox az bir vaxtdan sonra o, daha işə gəlmədi. Bir neçə həftədən sonra onun acı xəbəri bizi sarsıtdı.

Min təəssüf ki, bu böyük şəxsiyyətlə bir yerdə işləməyimiz çox qısa sürdü- cəmi-cümlətanı iki ildən bir qədər artıq. İşlədiyimiz müddətdə o, bir dəfə də olsun mənə elədiyi yaxşılığı xatırlatmadı.

Bu müsibətə dözməyən və atasını həddən ziyadə çox istəyən qızı gedib özünü dənizə atdı. Biz bir gündə bir qapıdan iki cənazə qaldırası olduq.

...Azad müəllimlə bir də iyirmi ildən sonra görüşdük. Bu iyirmi ildə çox şey dəyişmişdi. Sovetlər birliyi dağılmış, müəssisələr, təşkilatlar, təsərrüfatlar öz hesablarına işləməyə başlamışdılar. O cümlədən də nəşriyyatlar.

Doğrudu, işlədiyim "Yazıçı" nəşriyyatı hələ təsərrüfat hesabına keçməmişdi, ancaq gələn ilə hazırlıqlar gedirdi. Yəni daha kitablar dövlət planına salınmayacaqdı. Kim nəşr pulunu ödəsə, onun kitabı nəşr olunacaqdı. Buna görə də nəşriyyat "Yeni fikir" qəzetində elan-siyahı vermişdi və müəlliflər də gəlib öz əlyazmalarını geri götürməliydilər. Mən bu siyahını oxumamışdım və heç xəbərim də yox idi.

Fasilədən qayıdırdım. Şöbəyə girəndə gördüm Azad müəllim mənim stolumun yanında oturub. Gülə-gülə yaxın getdim və onunla çox isti görüşdüm:

- Bay, Azad müəllim, nə yaxşı gəlmisiniz?..

Gözlədiyim istiliyin əvəzində o incik tərzdə cavab verdi:

- Nə bilim, gəlmişəm də.

Mən söhbəti saxlayıb şöbəmizdəki qıza tərəf döndüm:

- Azad müəllimə niyə çay verməmisiniz?

Qız sifətini turşudub üzünü döndərdi. Mən qızın bu hərəkətinə təəccübləndim. Azad müəllim arxadan dilləndi:

- İçmirəm!

"İçmirəm"i elə dedi ki, sözündə iştahasızlıq yox, bir inciklik aydın duyulurdu. Mən tez bir sətəkan götürüb ona çay süzdüm və gətirib qabağına qoydum:

- Buyurun için, Azad müəllim!

- Bundan sonra keçib yerimdə oturdum və bir də maraqlandım:

- Nə yaxşı gəlmisiniz?

- Gəlmişəm də...

Yenə kinayə, yenə axmirə. Nə idi bu? Suallı nəzərlərim onun üzündə qaldı. Handan-hana Azad müəllim aydınlıq gətirdi:

- Elan verməmisiniz?

Mən gözümü döydüm:

- Nə elan?

- Xəbərin yoxdu?

- Yox.

- Qəzetdə elan vermisiniz ki, müəlliflər gəlib əlyazmalarını  geri götürsünlər. Mən də gəlmişəm. Qıza deyirəm mənim əlyazmamı tapıb versin, deyir arxiv tozun içindədi, necə axtarım.

Qıza çəp-çəp baxdım. Onun çay verməməyinin səbəbi bu imiş. Qız durub otaqdan çıxdı.

Mən cəld yerimdən qalxdım:

- Azad müəllim, siz çayınızı için, bir-iki dəqiqəyə qayıdıram.

Direktorun otağına keçdim. Direktorumuz Faiq Məlikov idi. Hər şeyi ona danışdım və xahiş etdim ki, mənim roman və povestimi plandan çıxarıb əvəzində Azad müəllimin şeirlərini salsın. Faiq müəllim bir xeyli üzümə baxdı və çox mərhəmliklə soruşdu:

- Burdadı Azad müəllim?

- Bəli.

- Get gətir bura.

Mən yerimdən qalxıb şöbəyə qayıtdım. Azad müəllim çayının yarısını içmişdi. Gülə-gülə ona tərəf yeridim:

- Azad müəllim, Faiq müəllim sizi çağırır.

Azad müəllimin sifəti gərildi və qaşları düyüldü.

- Neynir məni? - səsində bir hiddət vardı.

Mən gülümsəyərək cavab verdim:

- Vallah bilmədim, axır sizi çağırır.

O bir zabit cəldliyi ilə yerindən durub qapıya yönəldi. Mən qırağa çəkilib ona yol verdim. İnsafən, Faiq müəllim onu çox mehriban qarşıladı. Yerindən qalxıb qabağına yeridi. Yuxarı başda yer göstərdi.

- Əyləşin, Azad müəllim, əyləşin.

O, göstərilən yerdə stul çəkdi. Mən də onunla üzbəüz oturdum. Faiq müəllim şirin bir təbəssümlə üzünü Azad müəllimə tutdu:

- Azad müəllim, bilirsən bu Cavad gəlib mənə nə deyir?

Azad müəllim halını pozmadı. Elə-belə maraq xatirinə soruşdu:

- Nə deyir?

Faiq müəllim yenə həmin şirin təbəssümlə sözünü davam etdirdi:

- Bunun, - əli ilə mənə işarə etdi, - planda romanıyla povesti var. Redaktə də olunub, yığım qrafkinə də salınıb. İndi gəlibdi ki, məni plandan çıxart, Azad müəllimin kitabını sal.

Azad müəllim çox təəccüblə mənə baxdı:

- Nə məsələdi, nəynən bağlıdı bu?

Mən hər şeyi nöqtəbənöqtə ona danışdım və son qərarımı bildirdim:

- İndi növbə mənimdi, Azad müəllim! Mənim ayrısına gücüm çatmaz, gücüm ancaq özümə çatar.

Azad müəllimin baxışları başım üstündən bir nöqtəyə zillənib qaldı. O, bərk xəyallandı. Hiss olunurdu ki, yaddaşını çözələyir. Handan-hana xəyaldan ayıldı və təslimcəsinə əllərini yana ayırdı:

- Xatırlaya bilmirəm, axı...

Mən gülümsündüm:

- Azad müəllim, - dedim, - ola bilsin ki, o yaxşılıq sizin üçün kibrit çöpü kimi bir şeydi, amma mənim üçün taleyüklü məsələ idi. Mən o yaxşılığı unuda bilmərəm!

Mən bunu deyən kimi Faiq müəllim əlini şəstlə stola vurdu:

- Elə buna görə də sənin kitabını da planda saxlayıram, Azad müəllimi də plana salıram.

Elə bil üstümdən dağ götürüldü. Elə sevindim ki... Azad müəllimin də çöhrəsi işıqlandı. Dodaqları azacıq aralandı və qızıl dişləri göründü. Gah mənə baxdı, gah da Faiq müəllimə. Bayaqdan onu beləcə görmək istəyirdim-üzü güləş, şən.

Gözüm onun üzündə qalmışdı. Gözləyirdim görüm nə deyəcək. Fərəhdən dodaqları səyriyirdi. Hiss olunurdu ki, demək üçün ən xoş söz axtarır.

- Mənim sizə sağ ol deməkdən başqa sözüm qalmır. İkiniz də sağ olun.

Qalxdıq. Onu pilləkənin başına qədər yola saldım. Pillələri düşənəcən onu gözlərimlə ötürdüm.

Sonralar mən onunla tez-tez rastlaşırdım. Hər fasiləyə çıxanda Natəvanın heykəli yanında qarşılaşırdıq. Təqaüdə çıxdığına görə günortalar bulvara gəzintiyə çıxardı. Hər dəfə də rastlaşanda bir-iki addım qalmış sağ əlini ürəklə havaya qaldırar, mənimlə şəstlə görüşərdi.

İndi də mənə elə gəlir ki, "Azərnəşr" (köhnə bina) tərəfə yollansam, o ətrafların birində Əlağa müəllim rastıma çıxacaq. Bir az da aşağıya, Natəvanın heykəlinə sarı ensəm, Azad müəllimlə görüşəcəyəm. Özü də şəstlə.

Kaş belə olaydı.

24.11.2017

 





27.12.2017    çap et  çap et