525.Az

"Çaylar dənizlərin analarıdır"


 

ŞƏKƏR ASLANIN 80 İLLİYİNƏ

"Çaylar dənizlərin analarıdır"<b style="color:red"></b>

"Cənub mirvarisi" adlanan Lənkəranın ən böyük kəndində - Boladidə dünyaya göz açıb "bölgədən boylanan ölkə şairi" - Şəkər Aslan.

Ulu Nizaminin xələfi kimi bütün ömrünü Lənkəranda yaşadı. Lakin sənətkar şöhrəti, şair qüdrəti ölkəmizdən uzaqlarda da eşidildi, duyuldu. Anamız Azərbaycanın ən əsrarəngiz guşələrindən biri kimi Lənkəranın poetik vəsfini böyük şair bu gözəlliyə layiq sənətkar məharəti ilə bədii sözün aynasında canlandırıb:

Lənkəran bir gözəldir
bəzənir
Xəzər adlı güzgünün
Qabağında...

Burada yurdsevərliyin poetik müstəvidə məxsusi koloritlə ehtivası möhtəşəmdir.

Cənub bölgəsinin ən tanınmış şairlərindən biriydi Şəkər Aslan. Qələmə aldığı bütün şeirlər bədii-ictimai siqləti, poetik predmetə yanaşma məharəti baxımından seçilir. Təbiəti duymaq, mövzuya məxsusi ictimai-poetik səciyyə aşılamaq qüdrəti Şəkər Aslanın şair istedadının ən parlaq təzahürlərindəndir. Ədəbiyyatımızda, xüsusilə poeziyada dəfələrlə işlənmiş təbiət hadisəsinə yeni rəng, yeni məzmun qataraq, onu orijinal poetik kəşf kimi təqdim etmək bacarığı da Şəkərin sənətkarlıq cizgilərini əyaniləşdirir.

Mənə sual verdi balaca Peyman,
Dayı, dənizin də anası varmı?!
Dedim, özün düşün, fikirləş bir an,
Dünyada anasız bir şey olarmı?

Kükrəyir dağ çayı, baxır kəndimiz,
Köpüklər elə bil qışın qarıdır.
Min-min belə çaydan yaranıb dəniz,
Çaylar dənizlərin analarıdır.

Görkəmli şair yaşadığı dövrün bədii salnaməsini yaradırdı. Yaşadığı zamanın nəfəsi, müasirlərinin duyğu və düşüncələrinin bədii ifadəsi ilə yanaşı, həm də əməksevər adamın yurdsevərlik və milli-mənəvi cəhətləri onun şeirlərinin aparıcı xəttidir. Bəzən onun şeirlərinin bircə bəndi ilə zamanın, dövrün havası, ictimai həyatın bədii mənzərəsi ilə tanış olmaq olur. Poetik nəfəsin təravəti zamanın, tarixin xatirələrini solmağa qoymur...

O zərif əlləri, qoy bir də sıxım,
Onlarda zəhmətin göynəyi, izi...
Nə vaxt stəkana dəyir dodağım,
Elə bil öpürəm əllərinizi.

Lənkəranın çay yığan qızlarına həsr olunmuş bu misralarda həyatın nəfəsi, zamanın nəbzi və sənətkar məharəti poetik tablo yaradıb. Mövzunun bədii həllinin belə ustalıqla təqdimatı ənənəvi poeziya ritorikasına yenilik gətirib. Şəkər Aslan dövrünün qabaqcıl sənətkarı idi, bölgədə yaşasa da, dünya ədəbi praktikası ilə yaxından tanış idi. Çünki o, Moskvada oxumuşdu, M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdi. Təsadüfi deyil ki, dünyəvilik, bəşərilik onun poeziyasının əsas leytmotivinə çevrilib.

1941-1945-ci illərin müharibə ağrısını şair özünəməxsus notlarla oxucuya çatdırır. Yığcamlılıq, səmimi ifadə tərzi, poetik nəfəsin canlılığı Şəkərin bütün şeirlərinə olduğu kimi, bu misralarda da öz səciyyəsini qoruyur.

Bir zamanlar bu yerdə
Atam oda giribdir.
Onu düşmən gülləsi
Burda yerə səribdir.
Düşünürəm, fikrimə
Görün nə gəlir indi?
Ata döyüşən yerdə
Oğul dincəlir indi.

"Atam döyüşən yerdə" adlanan şeirdən nümunə gətirdiyim misraların poetik ovqatı bu günlə səsləşir elə bil. Şeirin bədii ümumiləşdirməsi çox mükəmməl və yaddaqalandır. Şeirdəki ideya poetik özünüifadənin mahiyyətini yüksək bədii dəyər kimi təqdim edir. Atalar müharibə alovlarına ona görə qatlaşır ki, övladları, yəni gələcək nəsillər firavan yaşaya bilsinlər. Fədakarlığın, vətənpərvərliyin poetik dəyərə çevrildiyi mənzərənin şahidi olur oxucu bu şeirdə.

Şəkər Aslan ənənəvi poeziyamızda həyat həqiqətlərinə, ədəbi-bədii mətləblərə özünəxas orijinal düşüncəylə yanaşan şair idi. Onun yaradıcılığı milli-mənəvi dəyərlə bağlılığı, poetik axtarışların sanbalı, obrazlı orijinal düşüncələrin zənginliyi aspektindən böyük sənət səciyyəsi daşıyır. Müasir poeziyamızda, bütövlükdə ədəbiyyatımızda yeni forma yaradan, daha doğrusu, dünya ədəbiyyatının, qərb poeziyasının "sonet çələngi"ni sənət dünyamızda gətirmək məharəti Şəkər Aslana məxsusdur. Qərb poeziyasının ən çətin poetik formasını, "poeziyanın şahmatı" adlandırılan "sonet çələngi" janrının bizim ədəbiyyatda banisi məhz Şəkər Aslan sayıla bilər. Təəssüf ki, görkəmli şairin zəngin yaradıcılığı kimi, onun ədəbi xidmətləri də kifayət qədər araşdırılmayıb.
Şairin bədii nümunələrində mövzu və forma dolğunluğu, emosional və yığcam ifadə tərzi, poetik vasitələrin rəngarəngliyi, onun qüdrətli sənətkarlıq bacarığının mühüm atributlarındandır. Şəkər Aslan səciyyəvi poetik nəfəsə, məxsusi intonasiyaya və diqqətçəkən dəst-xətti ilə seçilən söz ustası idi. Ərsəyə gətirdiyi poetik nümunələr öz istinad obyektinə və bədii qaynaqlarına görə milli lirikamızın yaddaqalan əsərləri sırasındadır.
Şair mövzunun bədii həllində lirik ruhun səmimiyyətinə, təsvir və ifadə vasitələrinin orijinallığına, hadisələrin poetik dramatizmindən doğan gərginliyə və bədii ümumiləşdirmənin ictimai səciyyəsinə böyük önəm verir.

Halaldır bu evin çörəyi, suyu,
Ömürdən-ömürə yollar uzanır.
Yaşıl işıq kimi küçələr boyu,
Yaşıl güllərimiz alışır, yanır.

Şəkərin yaradıcılığında lakonizm çox vaxt əsas ideyanın, ədəbi qayənin açılmasında bədii vasitə kimi çıxış edir. Onun bir çox şeirlərində koloritli bədii dil, orijinal və gözlənilməz fikir tutumu, təzə rəng çalarları, həmçinin, emosional ruhuyla yadda qalır.

Dəniz dalğa-dalğa diz çökər ona,
Dəniz üfüq-üfüq əyilər, sınar.
Balıqçı qəlbinin tufanlarına,
Bir təmiz, bir kövrək sevgi sığınar.

Bu misralar qüdrətli şairin poetik təfəkkürünün zənginliyini, bədii düşüncəsinin dolğunluğunu, bütövlükdə sənətkarlığını ehtiva edir. Şəkər Aslanın poetik yaradıcılığı elat düşüncəsindən daha çox ürbanist düşüncəni özündə əks etdirir. Bu fakt görkəmli söz ustadının dünya ədəbi praktikasına dərindən bələdliyi, həmçinin, təfəkkür etibarilə poetik çevikliyə önəm verməsindən doğur.

Bu gün şəhərdə yoxsan,
Nə qədər darıxdırır
Yollar, küçələr məni.
Heç nə görə bilmirəm;
Əlinlə bağlamısan
Sanki hər pəncərəni...

Şairin poetik nümunələrində epitetlər, təşbehlər, metaforalar, həmçinin, obraz zənginliyi qarşılaşdırılan məfhumların məna və məzmun genişliyində ehtiva olunur. Sadalanan bu bədii komponentlər şairin təqdim etdiyi ideyanın, fikrin məharətli poetik ifadəsində məxsusilik qazanır.

Xəzərin sahilində gözəl kimi güzgülənən Lənkəranda daim qaynar ədəbi mühit olub. Hələ XIX əsrdə "Fövcül-füsəha" ədəbi məclisinin fəaliyyəti bunu ədəbi fakt kimi təsdiqləyir. Burada söz sənətinə, bədii yaradıcılığa böyük həvəs olduğu kimi, ciddi məsuliyyət və tələbkarlıq prinsiplərinə də həmişə riayət olunub. Bu ədəbi ciddiyyəti, sözə ehtiramı qoruyan bölgənin müqtədir söz ustadları - Şəkər Aslan, Məmmədhüseyn Əliyev, Vaqif Hüseynov, Əlisa Nicat, İltifat Saleh və başqaları olmuşdur.

Haşiyə: 1978-ci ildə "Ulduz" jurnalında şeirlərim işıq üzü görmüşdü. Bu yaradıcılıq sevincini yaşadığım günlərdə daha bir xoş xəbər eşitdim. Lənkəranda çıxan "Leninçi" (indiki "Lənkəran") qəzetində tanınmış şair, qəzetin redaktoru Şəkər Aslanın mənim haqqımda yazdığı "Uğurlu yol" məqaləsi dərc olunmuşdu. Bu xeyirxah addım tanınmış şairin gənc həmkarına qayğısıyla bərabər, ürəyinin genişliyinə, alicənablığına dəlalət edirdi. Sonralar Şəkər müəllimlə hər dəfə görüşəndə onun səmimi münasibətinə, işıqlı şəxsiyyətinə heyran olurdum. Onun insan kimi, şair kimi, ziyalı kimi bir məktəb olmasına əminlik hasil edirdim.

Şəkər Aslan ölkəmizin müstəqilliyə qovuşduğu dönəmdə "Söz" adlı müstəqil ədəbi-bədii jurnal təsis edərək, onun nəşrinə nail olmuşdu. Bu gün də Lənkəranda ədəbi mühit öz qaynar havasını qoruyur və Şəkər Aslanın ədəbi ənənələri davam etdirilir.

Şəkər Aslanın yaradıcılığı zəngin söz xəzinəsidir. Yaxşı olardı ki, ədəbi tədqiqatçılar bu xəzinənin çağdaş oxucuya çatdırılmasına həvəs göstərəydilər. İnanıram ki, poeziyamızda Şəkər Aslanın poetik dəst-xətti, orijinal bədii əsərləri daima yaşayacaq və müəllifini yaşadacaq. 

 





27.12.2017    çap et  çap et