525.Az

Ağcabədidə çoxmənzilli binaların əsaslı təmiri uğurla davam etdirilib


 

Ağcabədidə çoxmənzilli binaların əsaslı təmiri uğurla davam etdirilib<b style="color:red"></b>

Prezident Ilham Əliyevin çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işləri ilə əlaqədar müvafiq sərəncamı Ağcabədidə uğurla yerinə yetirilir.

Adıçəkilən şəhər mərkəzində mənzil fonduna daxil olan çoxmərtəbəli yaşayış binalarının əsaslı təmir edilməsi istiqamətində mühüm addımlar atılıb. Bu işlər tenderdə qalib gələn "Elnur-İnşaat Firması" MMC tərəfindən həyata keçirilib.

Müəssisənin rəhbəri Rövşən Camalxanovun dediklərinə görə, sözgedən təmir işlərinə cari ilin əvvəlindən start verilib. Ötən 2016-cı ildə şəhər ərazisində görülmüş analoji tədbirlər başa çatmaqda olan ildə  daha geniş miqyasda davam etdirilib. Ərazidə yerləşən 18 çoxmənzilli binada və onların ətrafında müasir tələblər səviyyəsində əsaslı təmir və bərpa işləri aparılıb.

Qeyd olunub ki, şəhərin Heydər Əliyev, Üzeyir Hacıbəyov, İsmət Qayıbov, Səməd Vurğun, Namiq Abdullayev adına küçə və prospektlərində yerləşən həmin binaların fasad hissələri, bloklar yüksək keyfiyyətlə təmir olunub, zövqlə rənglənib. Bütün bloklar tamet tavalarla üzlənib, girişlərə metal qapılar qoyulub, pilləkanlara ağ laylar döşənib, mühəcçərlər yenilənib. Bundan əlavə, binalara plastik pəncərələr quraşdırılıb, otaqların daxili divarlarında da təmir işləri görülüb, kanalizasiya xətləri dəyişdirilib. Köhnə işıqlandırma sistemi yenisi ilə əvəz olunub.

R.Camalxanov söhbət zamanı yaşayış binalarının ətrafında təmizlik və abadlıq işlərinin də yaxşı təşkil olunduğunu dilə gətirib. Bildirilib ki, ətraf inşaat tullantılarından təmizlənib. Ərazilərdə, həmçinin, yaşlı sakinlərin və uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət guşələri salınıb, kölgəliklər yaradılıb, yelləncəklər qurulub. Əsaslı təmir və abadlıq tədbirlərinə 150 nəfərə qədər işçi cəlb olunduğunu vurğulayan müəssisə rəhbəri bunun işləməyən rayon əhalisinin məşğulluğunun təmin olunmasında önəmli əhəmiyyət kəsb etdiyini qeyd edib. Kollektiv üzvlərinin fəaliyyətini yüksək dəyərləndirən R. Camalxanov onların hər birinin vəzifəsinin öhdəsindən layiqincə gəldiyini, görülən işlərdən razı qaldığını bildirib. Onun qənaətinə görə, həyata keçirilən təmir işləri şəhərin görkəmini xeyli gözəlləşdirib, baxımlı olmasına səbəb olub. Bütün bunlar şəhər əhalisi tərəfindən minnətdarlıqla qarşılanıb.

Yəhya PAŞAZADƏ

 





27.12.2017    çap et  çap et