525.Az

“İlin tələbəsi” müsabiqəsinin qalibləri müəyyənləşdi - Foto


 

“İlin tələbəsi” müsabiqəsinin qalibləri müəyyənləşdi - <b style="color:red">Foto</b>

Dekabrın 26-da Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə “İlin tələbəsi” müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib.

ATGTİ-dən verilən məlumata görə, Bakı Biznes Mərkəzində keçirilən mükafatlandırma mərasimində çıxış edən ittifaqın sədri, Milli Məclisin deputatı Şahin İsmayılov il ərzində təşkilatın reallaşdırdığı layihələrdən danışıb. O, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin hazırda prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi nəticəsində əldə olunan nailiyyətlərdən söz açıb. Bildirilib ki, ölkəmizdə bu sahədə qəbul olunan dövlət proqramlarının yaratdığı imkanlardan bütün gənclərimiz, o cümlədən, tələbələr bəhrələnə bilirlər.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə ölkəmizdə gənclərlə iş sahəsində əldə olunan nailiyyətlərdən, bu sahəyə göstərilən dövlət qayğısından bəhs edib. O bildirib ki, artıq üçüncü dəfədir ölkəmizdə gənclər sahəsi üzrə dövlət proqramı qəbul olunub: “Əvvəlki təcrübədən yararlanaraq bu dövlət proqramında da gənclərin maraqları tam təmin edilib”. Gənclərin inkişafının, onların dünya görüşünün artırılmasının, beynəlxalq arenaya inteqrasiyasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayan nazir müavini qeyd edib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu dövlət gənclər siyasəti həyata keçirilir.

ATGTİ-nin reallaşdırdığı layihələrdən də danışan İ.Babayev deyib ki, təşkilat il ərzində bir sıra yaddaqalan layihələr həyata keçirib: ““Bu mükafatlandırma mərasimi də belə layihələrdən birinin yekununa həsr olunub. Tələbə gənclər təşkilatları il ərzində məhsuldar fəaliyyətləri ilə fərqlənib. O cümlədən, tələbələrimiz ölkəmizdə həyata keçirilən layihələrdə səmərəli iştiraklarıyla seçiliblər”.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev müsabiqəyə qatılan tələbələrin əksəriyyətinin fondun reallaşdırdığı layihələrin iştirakçıları arasında olduqlarını bildirərək qeyd edib ki, bu gün Azərbaycanda yüksək intellektli, bilikli gənclər formalaşıb: “Bu gənclər ölkəmizi beynəlxalq aləmdə uğurla təmsil edir, yüksək nailiyyətlər qazanırlar. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının həyata keçirdiyi bu müsabiqədə də məhz ən fəal tələbələr, tələbə gənclər təşkilatları seçiliblər”.

Prezident Administrasiyasının əməkdaşı Kənan Firdovsioğlu çıxışında gənclər təşkilatlarının, o cümlədən, tələbə gənclər təşkilatlarının, tələbələrin ölkəmizin ictimai-siyasi həyatında fəallığından danışıb, il ərzində gənclərlə bağlı bir sıra mühüm layihələrin reallaşdırıldığını diqqətə çatdırıb. O, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının həyata keçirdiyi layihələrin tələbələrin həyatındakı önəminə toxunub, müsabiqənin qaliblərinə uğurlar arzulayıb.

Sonra mükafatlandırma mərasimi olub.

Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Humanitar Kolleci və Gəncə Dövlət Universitetinin tələbə gənclər təşkilatları cari ildəki uğurlu fəaliyyətlərinə görə təltif edilib.

Həmçinin, tələbə gənclər təşkilatlarının fəaliyyətinin genişləndirilməsində göstərdikləri xüsusi dəstəyə görə bir sıra dövlət qurumlarına, QHT və KİV nümayəndələrinə ATGTİ tərəfindən mükafatlar verilib.

Cari ildə ictimai və elmi fəaliyyətinə görə fərqlənən Bakı Dövlət Universitetinin dördüncü kurs tələbəsi Ləman Cavadova “İlin tələbəsi” nominasiyası üzrə qalib elan olunub.

Sonda ATGTİ-nin həyata keçirdiyi layihələri il ərzində yüksək səviyyədə işıqlandırdıqlarına görə bir qrup media nümayəndəsi təşəkkürnamə ilə təltif edilib.

Ceyhun ABASOV

 





27.12.2017    çap et  çap et