525.Az

"Bir günlük xəlifə": Qalanı xatirədir...


 

"Bir günlük xəlifə": <b style="color:red">Qalanı xatirədir...</b>

İlk reportajımızda ADU-da keçirilən "Bir günlük xəlifə" layihəsi ilə bağlı növbəti yazımızı sizə təqdim etməyə söz vermişdik. Sözümüz sözdür, qayıdaq həmin günə...

Saat 07:45-i göstərir. Universitetin qapıları yenicə açılır. Hava bir az küləkli, bir az da soyuqdur. Həyəcanım keçsin deyə, bir neçə dəqiqə universitetin girişində dayanıram. Xəlifələr bir-bir foyeyə toplaşır. Hamısı bir-birindən gözəl, hamısı bir-birindən yaraşıqlı. Tanrı sanki gəncləri elə bu vəzifə üçün yaradıbmış...

Media nümayəndələri də artıq universitetə gəlirlər.  Saniyələr dəqiqələrə qarışıb, zaman su kimi axıb gedir...

Aha, budur, rektorun xidməti maşını universitetin həyətinə daxil olur. Rektorun köməkçisi eyni qayda ilə xəlifə rektoru qarşılayır. Hər kəs özünü toparlamağa çalışır. Həyəcandan qalstukunu düzəldən kim, pencəyinin düyməsini bağlayan kim. Prorektorlar, dekanlar, mərkəz müdirləri xəlifə rektor Nicat Aşurovu salamlayaraq, bir-birlərinə bu məsuliyyətli işdə uğurlar arzu edirlər. Xəlifələr Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyur, Ümummilli liderin əziz xatirəsinə əbədi ehtiramlarını bildirirlər. Daha sonra hər kəs günə başlamaq üçün rektorata toplaşır. Rektoratda tapşırıqlar verilir, görüləcək işlər müzakirə olunur və hər kəs vəzifəsini icra etmək üçün öz iş otağına yollanır. Hər kəs işinin başındadır, dərslər həmişəki qaydada davam edir.

Özəl günümüz medianın diqqət mərkəzindədir. Saat 10-a işləyib, artıq bir neçə televiziyanın, qəzet və informasiya portallarının əməkdaşları universitetimizə, doğma evimizə gəliblər. Günün özəlliyi barəsində məlumat toplamaq və maraqlı reportajlar hazırlamaq istədiklərini bildirirlər. Bir neçə il jurnalistika sahəsində işlədiyim üçün jurnalistlərə xüsusi diqqət göstərmək lazım olduğunu xatırlayıram. Bu xatirələr həyəcanımı, məsuliyyətimi və işimin ağırlığını birə-beş artırır. Böyük bir dərya bizim ixtiyarımıza verilib. "Gərək üzü ağ çıxaq" deyə düşünürük...

Jurnalistlərlə birlikdə mərhələli şəkildə rektorata, prorektorluqlara, dekanlıqlara, mərkəzlərə yollanırıq.

Universitetdə kütləvi tədbirlər təşkil olunub. Hamısı da bir-birindən maraqlı... Telefonlar susmur, hamı öz tədbirində mətbuat nümayəndələrini görmək istəyir, tədbiri  işıqlandırmaq üçün müraciət edirlər.  Universitetimizin fotoqrafı Ramin müəllim də bütün tədbirləri çəkmək üçün böyük səy göstərir.

Müsahibə üçün jurnalistlərlə rektorun qəbul otağına daxil oluruq. Qəbulda gözləyərkən, rektorun köməkçisinə bir xanım yaxınlaşır. Bir neçə il əvvəl xəlifə rektor olduğunu və bu özəl gün münasibətilə xəlifə rektor Nicat Aşurova təbriklərini çatdırmaq istədiyini söyləyir. Bir neçə dəqiqə sonra xəlifə rektor xanımı qarşılayır və təbrikləri üçün təşəkkürünü bildirir.

Belə bir sürpriz Nicat Aşurov üçün də gözlənilməz olmuşdu.

Universitetə gələn qonaqlar arasında aktyorların, keçmiş xəlifə rektorun, jurnalistlərin, eyni zamanda, digər tanınmış şəxslərin olması və xəlifələrə dəstək vermələri hər kəsə müsbət ab-hava bəxş edir. Müəllimlər də, tələbələr də, universitet əməkdaşları da xəlifə gününü ciddi və çox maraqla qarşılayır.

Rektor və prorektorlar tədbirlərə qatılır, dərslərlə maraqlanır, tələbələrlə söhbət aparır, təkliflərini dinləyir və özlərində qeyd aparırlar. Nahar fasiləsi olmasına baxmayaraq, heç kəs işinin başından ayrılmaq istəmir. Xəlifə rektor və prorektorlar daha sonra digər tədris binasına yollanırlar. Oradakı tədbirlər, dərslər və iş prosesi ilə maraqlanır, tələbələrlə həmsöhbət olurlar.

Gün ərzində müxtəlif mərkəzlərin xəlifə rəhbərlərinin təşkilatçılığı ilə rəngarəng tədbirlər, mühüm görüşlər keçirilir. Məsələn, İndoneziya Araşdırma Mərkəzinin xəlifə müdiri tərəfindən İndoneziya dili fənni tədris olunur, İsrail və Yaxın Şərq Mərkəzində İsrailin milli bayramı olan Xanuka bayramına aid, Hind dili və Mədəniyyəti mərkəzində Hindistanın incəsənət nümunələrinə həsr olunan, Yaponiya Araşdırma Mərkəzində Yaponiya mədəniyyətinin simvolu hesab olunan çay mərasimi və oriqami sənəti haqqında tədbirlər keçirilir, eyni zamanda, Alman oxu zalında tələbələrə almanca alt yazılı "Rapunzel", İtalyan dili Mərkəzində isə Qabriel Salvatoresin "Aralıq dənizi" filmləri nümayiş olunur.

Günəş xısın-xısın gözdən itir... Xəlifələr daha çox həyəcanlanır. Bir neçə saat sonra rektorat olacaq. Hesabatlar təqdim olunacaq, görülmüş işlər, verilmiş qərarlar  və təkliflər dinləniləcək.

Belə də olur. Saat 19:00-da bütün xəlifələr Ulu öndər Heydər Əliyev adına lektoriyaya toplaşır. Rektorat düz iki saat davam edir. Ya gün bitmək bilmirdi, ya da günü bitirə bilmirdik. Daha doğrusu, günü bitirməmək üçün əlimizdən gələni edirdik. 

Rektor və prorektorlar universitetin yataqxanasına baş çəkmək və tələbələrin təkliflərini dinləmək üçün yola düşürlər. Beləliklə, o əvəzolunmaz gün bitir...

Növbəti gün Kamal Abdulla böyük bir rektorat təşkil edir. Xəlifə günündə verilmiş qərarlara, təkliflərə, təqdimatlara baxılır. Tələbələr öz təkliflərini səsləndirirlər. Bütün qərarlar, əmrlər, təqdimatlar təsdiqlənir. Müəllim Həmkarlar Təşkilatının xəlifə müdiri Əzizbəyim İsmayılovanın təklifi və rektoratın qərarı ilə bütün xəlifələrə bir günlük maaşlarından əlavə pul mükafatı verilir. Bütün namizədlərə, bu layihədə böyük əmək sərf edən hər bir kəsə şəxsi işlərinə yazılmaqla təşəkkür elan olunur. Akademik Kamal Abdulla da, tələbələr də xəlifə gününün özəlliyindən, xoş xatirələrindən bəhs edirlər...

Və beləliklə, Azərbaycan Dillər Universitetinin tarixində ilk dəfə keçirilən "Bir günlük xəlifə" Tələbə Özünüidarəetmə Günü layihəsi baş tutur. Nə xoş ki, bu layihənin ilkləri də elə biz oluruq. Yeni bir tarix yazılır ADU səhifələrinə. Tarixi yazan Kamal Abdulla, o qələmin mürəkkəbi isə biz xəlifələr oluruq...  

Kamal Abdulla ilə eyni tarixə yazılmaq hissi... Bu balaca canıma and olsun ki, əvəzsizdir, həmin günümü yüz ilə də dəyişmərəm.

Xəlifə günü bizə işin məsuliyyətini, vəzifənin ağırlığını öyrətdi, bir-birimizlə işləyə bilmək bacarığını formalaşdırdı. Kənardan görə bilmədiyimiz boşluqlarımızı göstərdi. Üzməyə can atan 32 gəncə böyük bir dərya həvalə edilmişdi. Təsəvvür etmək belə çətindir, deyilmi? İndi biz o günün xatirələrini təsvir edirik, nəinki təsəvvür... Hətta "Bir günlük xəlifə" adlı kitabımızı yazmağı, bu günün tarixi qəhrəmanları ilə birlikdə xatirələrimizi daha geniş şəkildə bölüşməyi planlaşdırırıq.

Xəlifə günü necə yadda qaldı? Xəlifələr nə düşünür?

Söhbətimizə xəlifə rektordan başlayırıq. Bu, ADU-nun III kurs tələbəsi Nicat Aşurovdur. O, yaşadığı hissləri danışmaq üçün saatlar bəs etmədiyini bildirir və bu barədə  çox geniş bir yazı yazacağına söz verir. Xəlifə rektor böyük bir vəzifəyə göz dikməyin çox böyük məsuliyyətinin olduğunu vurğulayır: "Xəlifə gününün universitetimizdə baş tutması bizə məsuliyyəti öyrətdi.  Böyük bir vəzifəyə göz dikməyin çox böyük məsuliyyətinin olduğunu öyrətdi. Həmin gündən nə zaman danışsam, çox böyük həyəcan keçirirəm. Gün ərzində müxtəlif qərarlar qəbul edib, layihələr hazırladıq. Həmçinin də "kölgə kabineti"ni formalaşdırdıq. Bir il ərzində görəcəyimiz çox işlər var. Tələbələrin xeyrinə olacaq maraqlı layihələrimiz var. Yalnız bir şeydən narazıyam ki, Kamal müəllim bizə yenilik etməyə boş sahə saxlamayıb, tələbə üçün bütün müsbət qərarları özü verib".

Söhbətimizə xəlifə prorektorlarla davam edirik. Həmsöhbətimiz ADU-nun IV kurs tələbəsi, Tərbiyə işləri üzrə xəlifə prorektor Elşən Qəhrəmanovdur. O, xəlifə günündə yaşadığı hisslərdən danışır: "Belə bir günü, sevinci, həyəcanı yaşamağımız çox sevindirici haldır. Həmin gün həmişə tələbə kimi gəldiyim otağa, vəzifənin icraedicisi kimi gəldim. Bu, çox möhtəşəm hiss idi. Əsas olan yolu getmək və getdiyin yolu doğru etməkdir. Xəlifə günü bizə yolumuzun doğruluğunu öyrətdi".

"Bir günlük xəlifə" layihəsində ADU-nun Tədris işləri üzrə prorektoru vəzifəsinə icra edən Oruc Nəsirov prorektorluğun gündəlik iş planları ilə bağlı fikirlərini bölüşür: "Biz səsvermə prosesində artıq bu işin məsuliyyətini dərk edərək hazırlaşmağa çalışdıq. İşin ağırlığını elə günün ilk saatlarından hiss etməyə başladıq.  Həmin gün bir neçə tələbə müəyyən təklif və şikayətlərlə müraciət etdi. Təbii ki, müraciətlərin hamısına baxıldı və günün sonunda rektorluqda müəyyən qərarlar verməyə çalışdıq. Biz həmin gün kafedra müdirləri ilə də görüşlər keçirdik ki, tələbələrin şikayətləri və mövcud olan çatışmazlıqları onlara bildirək. Düşünürəm ki, bu, həm tədrisin keyfiyyətini artıracaq, həm də universitetin digər ali təhsil müəssisələri ilə müqayisədə nüfuzunu yüksəldəcək".

ADU-nun III kurs tələbəsi Səma Məmmədzadə isə Elmi işlər üzrə prorektor vəzifəsini icra edib. Xanım prorektor gördüyü işləri və yaşadığı anları bölüşür: "Həmin gün elmi laboratoriyalarla, tədqiqat mərkəzləri ilə birlikdə bəzi işlər görüldü. Bəzən elm deyəndə, insanlar təkcə elmi məsələləri anlayır. Elm deyəndə, bura mədəniyyət və incəsənət sahələri də daxildir. Düşünürəm ki, bizi həm mədəni, həm də elmi cəhətdən irəli çəkəcək tədqiqatlarımızı həyata keçirməliyik.  Mənə verilən səlahiyyətdən yararlanıb, bu istiqamətdə bir sıra tədbirlərdə iştirak etdim. Həmçinin, prorektorun bir gün ərzində edə biləcəyi işləri görməyə çalışdım". S.Məmmədzadə onlara yaradılan bu şəraitə görə rektor Kamal Abdullaya öz təşəkkürünü bildirir: "Biz tələbələrə yaratdığı bu şəraitə görə rektorumuz, akademik Kamal Abdullaya təşəkkürümü bildirirəm. Həqiqətən çox möhtəşəm bir təcrübədir. Bu, tək mənim üçün yox, xəlifə seçilən bütün tələbələr üçün əvəzedilməz duyğudur. Bir günlük də olsa bu vəzifəni tutanda həm tələbənin, həm də rəhbər vəzifə sahibinin baxış bucağına mütənasib hərəkət edə bilirsən. Artıq götür-qoy edirsən ki, tələbə bunu istəyir və ortaq yol tapmağa çalışırsan. Bu mənada, qeyd etdiyim kimi, bu, çox xoş işdir mənim üçün, çünki mən həm də elm sahəsində ixtisaslaşmaq istəyirəm. Buna görə də, düşünürəm ki, bu layihə mənim gələcək karyerama da çox böyük töhfə verəcək və eyni zamanda, əvəzedilməz bir gün olaraq daim mənim yaddaşımda qalacaq".

Qeyd edim ki, "Bir günlük xəlifə" layihəsinin baş tutması üçün iki ay hazırlıq işləri görülüb. Ümumilikdə, 247 tələbə öz namizədliyini irəli sürüb. 74 nəfər rektor vəzifəsi uğrunda mübarizə aparıb. Elə bu da layihəyə olan maraqdan xəbər verir.

Kamal Abdullanın tapşırığı ilə "kölgə kabineti"ndə 32 tələbə yox, bütün namizədlər təmsil olunacaq. İl ərzində tələbələrin təklifləri müzakirə edilib rektorata təqdim olunacaq. Jurnalist Şəhla Aslanın sözünə qüvvət, Kamal Abdulla tələbəsinə güvənir. Kamal Abdulla vəzifəsindən şəxsi maraqları üçün deyil, tələbələrin daha yaxşı təhsil ala bilməsi üçün istifadə edir. Kamal Abdulla fəaliyyəti müddətində tələbələrində təhsilə, elmə, Azərbaycan dövlətçiliyinə sevgi yarada bilir, tələbələrdə özünəinam formalaşdırır. O, tələbəni öz yerində görməkdən qorxmur, tələbələriylə çiyin-çiyinə işləməkdən zövq alır. Bu məsələlərə münasibətini də həmişə öz çıxışlarında açıq-aydın ifadə edir. Və "Xəlifə günü" deyilən bu "oyun" da onun idarəçilik sistemində yeniliyə açıq olduğunun növbəti göstərici idi...

Bu yuxu deyildi, xəlifələr bunu çox yaxşı başa düşmüşdülər. Onlar gerçəklikdə həqiqəti tapdılar...

Şahin SƏRDARLI
ADU-nun II kurs tələbəsi, Xəlifə mətbuat katibi

 





27.12.2017    çap et  çap et