525.Az

BDU konfrans materialları "Thomson Reuters" agentliyinin bazasına qəbul olundu


 

BDU konfrans materialları "Thomson Reuters" agentliyinin bazasına qəbul olundu<b style="color:red"></b>

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində keçirilən "Fizikaya müasir baxış" adlı beynəlxalq konfransa (20-22 aprel, 2017) təqdim olunan məqalələrdən 50-si Respublika elmində ilk dəfə olaraq "Thomson Reuters" agentliyində indekslənən Amerika Fizika İnstitutu konfrans materialları çapa qəbul olunub.

BDU-nun Mətbuat və informasiya şöbəsindən verilən məlumata görə, bundan əlavə, adıçəkilən konfransın materiallarının 10-u Rusiyanın, ABŞ AIP tərəfindən ingilis dilinə tərcümə olunaraq Tomson-Reyters Agentliyində indekslənən, "Russian Journal of Physics" adı ilə dərc olunan, "İzvestiə Vuzov. Fizika" jurnalında, 6-sı Tbilisi Dövlət Universitetinin Yüksək Enerjilər Fizikası İnstitutunun dərci olan GESC jurnalında, 10-dan çoxu isə "BDU-nun xəbərləri" jurnalında dərc olunub. Moskva Dövlət Universitetinin Fizika fakültəsinin "Uçenıe zapiski fiziçeskoqo fakulteta MQU" jurnalının bir nömrəsi seçilmiş 10 konfrans materialının dərcinə həsr olunub.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin təşkilatçılığı ilə keçirilən "Fizikaya müasir baxış" adlı beynəlxalq konfransa 15-dən çox ölkənin (ABŞ, Kanada, Braziliya, Almaniya, Yaponiya Rusiya, Pakistan, Gürcüstan, Polşa Türkiyə, Monteneqro, Makedoniya və b.) alimlərinin məruzəsinin əyani və onlayn təqdimatı həyata keçirilib, fizikanın müxtəlif sahələri üzrə Azərbaycan, rus və ingilis dilində 130-dan çox məruzələr dinlənilib. Ümumiyyətlə, bu səpgili beynəlxalq konfransların təşkili, onların "Thomson Reuters" agentliyi kimi nüfuzlu bir sistemdə indekslənməsi və çapa qəbul edilməsi Azərbaycanın xarici ölkələrlə elmi əlaqələrinin güclənməsinə, gənc alimlərin dünyanın aparıcı elmi mərkəzlərinə dəvət olunaraq təcrübə qazanmalarına, Azərbaycan elminin nüfuzunun beynəlxalq aləmdə artmasına səbəb olur.

S.QARAYEVA

 





27.12.2017    çap et  çap et