525.Az

Osman Əfəndinin estetik idrak nəzəriyyəsi


 

Osman Əfəndinin estetik idrak nəzəriyyəsi<b style="color:red"></b>

Aləmin dərindən öyrənilməsində fəlsəfə elminin möhtəşəm mövqeyi əvəzsiz təsir gücünə malikdir. Bu elmi yaradan filosoflar insan aləminə nurlu zəka bəxş etməklə ona şərəf gətirmişlər. Odur ki, tarix boyu bu müdrik insanlara - filosoflara sağlam şüurlu insanlar tərəfindən hörmət və ehtiram bəslənilmişdir.

Belə düşünürük ki, min illərlə filosoflara ehtiram bəsləmək ənənəsinin bu gün də qorunub-saxlanılmasına ehtiyac vardır. Çünki "filosof" adına layiq olan insan hörmətə layiq tutulmalıdır. Onu da qeyd edək ki, sosial həyatda "filosof" adı bu sahə ilə məşğul olan müxtəlif səviyyəli tədqiqatçı mütəxəssislərə və ya peşə adamlarına deyil, fəlsəfi idrak sferasında özünəməxsus yaradıcı mövqe tutmağa qadir olan, ortaya yeni elmi-fəlsəfi metodlar, konsepsiyalar, qanunauyğunluqlar, meyarlar qoyan, fundamental və sistemli tədqiqatları ilə elmə yeniliklər gətirən, əqidəsi və əməlilə özünü bütöv şəxsiyyət kimi təsdiq edən, həyatda öz yolu olan insanlara, parlaq zəka sahiblərinə şamil edilir. Bu dediklərimiz dövrümüzün görkəmli alimi, fəlsəfə elmləri doktoru, professor Osman Əfəndinin yeniliklərdən ibarət olan zəngin elmi-fəlsəfi yaradıcılığı və bütöv şəxsiyyəti gözümüz önündə canlanır.

Bu fikri doğuran səbəblərdən biri dövrümüzün görkəmli elm xadimlərinin onu filosof  Osman Əfəndi kimi tanımasıdır. Akademik A.Aslanovun fikrincə: "Osman qeyri-adi istedad sahibidir. Onun orijinal elmi yaradıcılığı və şərəfli həyat yolu filosofluq amalından bəhrələnir. Filosofluq onun əslindən, kökündən gəlir". Xalq rəssamı, akademik M.Abdullayev deyir: "Osmana gənc dostum kimi hörmət edirəm. Lakin ona gənc və istedadlı filosof kimi daha çox rəğbət bəsləyirəm". Professor Ə.Məmmədov: "Osman Əfəndinin varlığı yalnız təfəkkürdən ibarətdir". Akademik R.Əfəndiyə görə: "O.Əfəndi bir filosof kimi tanınır və qiymətləndirilir". Akademik F.Qasımzadənin nəzərincə: "Osmanın "mən"  - deməyə haqqı var! O, görkəmli alimimiz, filosofumuzdur". Professor İ.Rüstəmov: "Biz Osman müəllimi həqiqətən görkəmli filosof kimi tanıyırıq". Akademik Z.Bünyadov bu qənaətdə idi: "O.Əfəndi fəlsəfə sahəsinə yeniliklər gətirməklə yanaşı, digər elmi sahələrdə də yeni fikirlər söyləyən istedadlı alimdir. O, zəngin təfəkkürü, ciddi və nəcib davranışı ilə seçilir. O, filosof təbiətlidir". Akademik A.Axundov deyib: "Osman hələ gənc yaşlarından Azərbaycandan xaricdə də özünü tanıtmışdır. Onun orijinal elmi yaradıcılığı da, insani münasibəti də qeyri-adidir. Onun bu qeyri-adiliyi mənə filosofları xatırladır. Mən onu filosofumuz kimi tanıyıram". Professor M.Balayev yazıb: "O.Əfəndinin estetik idrak nəzəriyyəsinə dair böyük yenilikləri elmi ictimaiyyətdə mühüm hadisə kimi qarşılandı. Həqiqətən də fəlsəfə elmində böyük klassiklərin nəzər saldığı bir sahədə ortaya yeni nəzəriyyə çıxartmaq məhz filosoflara   məxsus bir işdir". Professor F.Məmmədov qeyd edir ki: "Çox məşhur alimlərimiz Osman Əfəndinin görkəmli filosof kimi tanınması və elmi ictimaiyyətdə  seçilən ziyalı olması barədə qiymətli fikirlər söyləmişlər. Bizim də bu qiymətli filosofumuz barədə əlavə söz deməyə haqqımız vardır". Professor T.Əhmədova görə: "Osman Əfəndinin yeniliklərdən ibarət olan zəngin yaradıcılığından və müstəsna elmi fəaliyyətindən biz həmişə qürur duymuşuq. Cəsarətlə deyirəm və əminəm ki, onun məşhur və şərəfli adı Azərbaycan fəlsəfəsinin tarixinə dövrümüzün filosofu kimi daxil olacaqdır". 

Osman Əfəndiyə ünvanlanmış belə qiymətli fikirlər digər məşhur alimlərmiz tərəfindən də dilə gətirilmiş və mətbuat səhifələrində işıqlandırılmışdır. Onun elmi fəlsəfi yaradıcılığı çox cəhətliliyi, məna dərinliyi, orijinallığı, üslub gözəlliyi, obyektə sistemli yanaşma qabiliyyəti, nəzəri ideyalarının tətbiqinə nail olmaq bacarığı ilə səciyyələnir. Onun fəlsəfi-estetik yaradıcılığını təşkil edən elmi yeniliklərinin bəzi cəhətlərinə diqqəti cəlb edək.

O.Əfəndi fəlsəfə-estetik fikir tarixində ilk dəfə olaraq idrak nəzəriyyəsinin yeni bir sahəsini - "estetik idrak nəzəriyyəsi" sahəsini ortaya çıxarmışdır. O, estetika nəzəriyyəsi sahəsində  yeni qanunauyğunluqlar", "təzahür formaları" və "spesifik  ifadə vasitələri"  və s.  aşkar edən yaradıcı alimdir. İlk dəfə olaraq çox saylı fəlsəfi estetik "qanunauyğunluğ"u estetik idrak nəzəriyyəsinə daxil etmişdir. Məlumdur  ki, XX-XXI əsrlərdə estetika elmində fəlsəfi-estetik mahiyyətdən doğan "qanunauyğunluqlar"ın meydana çıxarılmasına çox az hallarda təsadüf olunmuşdur.

Elmdə hər hansı bir anlayışa "tərif" verilməsinin müstəsna hal kimi qiymətləndirilməsi təəccüb doğurmur. Çünki anlayışa tərif vermək müəllifdən həmin sahənin geniş təfərrüatına əqli cəhətdən sahib olmaq, obyektin bütün adi və mücərrəd cəhətlərinə dərindən bələd olmaqla yanaşı, yaradıcı təxəyyülün fəallığına da güvənmək  tələb olunur. İşin çətinliyi də bundadır. Bu çətinlik fəlsəfə sahəsində, xüsusilə, estetika sahəsində daha ağır görsənir. Heç də təsadüfi deyil ki, XX-XXI əsrlərdə fəlsəfi-estetik anlayışlara verilən tərifləri barmaqla saymaq mümkündür. Nümunə və ya müqayisə üçün qeyd edə bilərik: XX əsr rus estetikləri bu sahədə yalnız dörd anlayışın tərifini ortaya qoymuşlar. Filosof O.Əfəndi fəlsəfi-estetik fikir tarixində ilk dəfə olaraq aşağıdakı anlayışlara orijinal tərif vermişdir: "Ülvilik", "Eybəcərlik", "Estetik hiss", "Estetik zövq", "Estetik həyəcan", "Estetik təxəyyül", "Estetik təfəkkür", "Naqislik", "Gözəllik hissi", "Simmetrik gözəllik", "Harmonik gözəllik", "Rəzillik", "Şücaət", "Qəhrəmanlıq".

Professor Osman Əfəndinin elmi yaradıcılığında estetik kateqoriyaların sistemli tədqiqi geniş yer tutur. Qədim dövr Yunan fəlsəfəsindən bu günə qədər dünyanın məşhur filosofları tərəfindən işlənilən bu sahədə də O.Əfəndi yeni fəlsəfi mövqe ortaya qoymağa nail olmuşdur. O, "Ülvilik", "Estetik ideal", "Estetik idrak", "Gözəllik", "Eybəcərlik", "Komiklik", "Estetik zövq" və s. estetik kateqoriyaların sistemli tədqiqini parlaq bir orijinallıqla ortaya qoymuşdur. Bundan əlavə, estetik fikir tarixində bir sıra "qeyri-əsas estetik kateqoriyalar" məhz onun tərəfindən estetika elminə daxil edilmişdir: "Şücaət", "qorxu", "naqislik", "ehtisas", "estetik təlatüm" və s.

Eyni zamanda, o, estetika elmində "qeyri-əsas" estetik kateqoriyalar cərgəsinə daxil olmuş "Estetik ideal" kateqoriyasını ilk dəfə olaraq estetikanın əsas kateqoriyaları sırasına daxil etmişdir. Onu da qeyd edək ki, Hegel estetikasından sonrakı dövrlərdə O.Əfəndi "estetik ideal" kateqoriyasının mahiy-yətini açmaqda və fəlsəfi sferada onun obyektiv mövqeyinin təyin olunmasında parlaq orijinallıq nümayiş etdirdi. O, estetik fikir tarixində ilk dəfə olaraq, estetik idealın mahiyyətindən doğan beş estetik qanunauyğunluğu, bir çox estetik təcəssüm formalarını, spesifik ifadə vasitələrini və estetik idealın digər "ideal" formaları ilə qarşılıqlı əlaqələrini ortaya çıxartdı. Eyni zamanda, bu kateqoriyanın digər kateqoriyalarla dialektik əlaqələrinə dair çox saylı yeni mövzuları ilk dəfə olaraq tədqiqata cəlb etmişdir.

Qeyd dək ki, estetika elmində geniş işlənilən "gözəllik hissi" ifadəsi ilk dəfə O.Əfəndi tərəfindən müstəqil mövzu kimi işlənilmiş, onun estetik təbiəti dərindən araşdırılaraq bir qeyri-əsas anlayış kimi estetik idrak nəzəriyyəsinə daxil edilmişdir. Onun tərəfindən ortaya çıxarılan bu anlayış daha sonralar digər tədqiqatçılar tərəfindən də işlənilmişdir.

O.Əfəndinin fəlsəfi-estetik yaradıcılığına zənginlik gətirən alimlərdən biri də onun tərəfindən yeni elmi metodların idrak nəzəriyyəsinə daxil edilməsidir.

O.Əfəndi banilik anlamında dörd yeni elmi sahənin əsasını qoymuşdur.

O.Əfəndi ortaya qoyduğu yeni nəzəri  ideyalarının, mülahizə və mühakimələrinin doğruluğunu sübuta yetirmək məqsədilə bir çox elmi sahələrə və bədii şüurun müxtəlif formalarına müraciət etmişdir. Bu sırada psixologiya, etika, teologiya, fiziologiya, təbiətşünaslıq, filologiya, tarix, məntiq, mifologiya elmləri ilə yanaşı, musiqi, təsviri, tətbiqi sənət növlərinin adlarını çəkə bilərik. Lakin O.Əfəndinin estetik idrak nəzəriyyəsinə həsr etdiyi yeni ideyalarının tətbiqinə ən geniş şəkildə dünya və Azərbaycan folkloru obyekt seçilmişdir. Bu məqsədlə o, Azərbaycan folklorunun sirlərinə dərindən bələd olmaqla yanaşı, dünyanın doxsan altı xalqının folklorunu və şərq-qərb mifologiyasını öyrənməyə ciddi səy göstərmişdir. Məhz bunun sayəsində o, ortaya qoyduğu estetik idrak nəzəriyyəsinin tətbiqində folklor və mifologiya sahəsinə daha çox üstünlük vermişdir.

Dünya folklorunun və mifologiyasının incəliklərini və məna dərinliklərini dərindən duyan O.Əfəndi bu sahəyə yalnız ilk dəfə olaraq irəli sürdüyü ideyalarının tətbiqi üçün empirik material kimi baxmamışdır. Bununla yanaşı, o, bu şüur sahələrinin məzmun cəhətlərinə, daxili-mahiyyət tərəflərinə nüfuz edərək onlara dair yeni mühakimələr irəli sürmüşdür. Belə ki, mifologiya elminin indiki durumunda mif anlayışının bəzi nəzəriyyəçilər tərəfindən arxaik şüur forması və ya mifoloji obrazların çox qədim dövrlərə məxsus insanların düşüncə tərzini əks etdirən folklor yaradıcılığının bir tərəfi kimi mənalandırılmasına və ya bunun elmi-məntiqi nəticə kimi qəbul olunmasına qarşı çıxaraq, mifoloji şüurun müstəqil ictimai şüur forması kimi mövcud olduğuna, onun folklor şüurunun keçmişə məxsus arxaik düşüncə forması olmadığına, hələ də hər ikisinin bədii obrazlar sahəsində ciddi və real dialektik əlaqələrinin mövcud olduğuna, hər iki şüur formasını aydın şəkildə fərqləndirən spesifik keyfiyyətlərin qabarıq olduğuna və s. dair yeni elmi metod ortaya qoymuşdur. Bundan əlavə filosof O.Əfəndi mifologiya elmində geniş yer tutan "totem" anlayışının yanlış nəzəri durumuna tənqidi yanaşaraq, onun obyektiv məzmununu açmağa və bu məzmunu təşkil edən fəlsəfi-mifoloji amilləri ortaya çıxartmağa nail olmuşdur.

O.Əfəndi folklorşünaslıq sahəsində bəzi ədəbi janrların ("Əsatir", "Əfsanə", "Nağıl", "Bayatı", "Rəvayət") qəbul olunmuş elmi-nəzəri durumuna tənqidi yanaşaraq bu janrların obyektiv məzmununa dair yeni nəzəri-təqdimat ortaya qoymuşdur.

O.Əfəndi  ilk dəfə olaraq folklorun fəlsəfi-estetik tədqiqinin əsasını  qoymuşdur. Görkəmli elm xadimləri, tanınmış mütəxəssislər onu bu sahənin banisi hesab edirlər.

Akademik A.Aslanov yazır: "Estetik fikir tarixində folklorun fəlsəfi estetik tədqiqi Osmanın adı ilə bağlıdır. Bu sahəyə girişənlər çox oldusa da, lakin işin çətinliyini görüb geri çəkildilər. Bu sahədə böyük uğur qazanmaq, yalnız ona nəsib oldu. Onun bu uğurları yalnız bizim folklorumuzun deyil, dünya folklorunun fəlsəfi cəhətdən öyrənilməsinin ilk nümunəsi kimi qiymətlidir. Onun tərəfindən ilk dəfə tədqiqata cəlb olunan problemlər dünya folklorunun fəlsəfi məzmununun öyrənilməsinə bir örnək mənbəyidir. Bu o deməkdir ki,  onu bu sahənin banisi kimi tanımağımızda haqlı olduğumuza  şübhə yeri qalmır". Professor Q.Namazovun rəyincə: "Bu danılmaz bir həqiqətdir ki, O.Əfəndi folklorumuzun fəlsəfi-estetik  tədqiqinin banisidir". Professor M.Həkimova görə: "İndiyə qədər folklorumuzun fəlsəfi cəhətlərinin öyrənilməsi unudulmuşdur. Lakin bu boşluq, bir filosof kimi O.Əfəndi tərəfindən aradan qaldırıldı. Bu iş adi bir iş deyil, Azərbaycan elminin, fəlsəfəsinin, mədəniyyətinin tarixində bir  parlaq hadisədir".

Fəlsəfi-estetik fikir tarixində "Folklorun estetik idrakı", "Folklorda  estetik idealın təcəssümü", "Folklorda ülvilik", "Folklorda faciəvilik", "Folklorda ülvi məhəbbət" "Folklorda komikliyin estetik təzahürü", "Folklorda eybəcərliyin  fəlsəfi-estetik mahiyyəti", "Folklorda təbiətin estetik idrakı", "Folklorda gözəllik kateqoriyasının təcəssümü", "Folklorda dini və estetik idealın vəhdəti", "Folklorda ülvilik anlayışının təcəssüm formaları", "Folklorda qəhrəmanlığın estetik mahiyyəti", "Dədə Qorqudun fəlsəfi idrakı", "Aşıq poeziyasının estetik problemləri", "Bayatıların bədii və estetik idrakı", "Folklorda gözəl cəmiyyət idealı", "Folklorda mənəvi gözəlliyin təcəssümü", "Folklorda gözəl insan idealı", "Folklorda ülvi məhəbbət idealı", "Folklorda təbiət və insan gözəlliyinin vəhdəti", "Folklorda ülvilik vasitəsilə estetik idealın təcəssümü", "Folklorda mənəvi və zahiri gözəlliyin harmoniyası" və başqa  problemlər Osman Əfəndi tərəfindən ilk dəfə olaraq tədqiqata cəlb olunub.

O.Əfəndi bədii və estetik idrakın dialektikasına dair yeni konsepsiya irəli sürmüşdür.  Qeyd edək ki, indiyədək "Qorqudşünaslıq" elmi sahəsi dünya alimləri tərəfindən filoloji cəhətdən geniş tədqiq olunsa da, onun fəlsəfi cəhətdən tədqiqat sahəsindən kənarda qalmışdır. Bu toxunulmamış sahəyə ilk münasibət filosof Osman Əfəndi tərəfindən bildirildi. Belə ki, o, ilk dəfə olaraq "Kitabi-Dədə Qorqud" - əsərini elmi tədqiqata cəlb edərək, onun fəlsəfi mahiyyətini açmağa nail oldu. Bu elmi nailiyyət Tehran şəhərində nəşr olunan "Kitabi-Dədə Qorqudun fəlsəfi idrakı" - adlı monoqrafiyasında öz əksini tapdı. Bu monoqrafiya elm xadimləri tərəfindən yüksək qiymətləndirildi. Profesor E.Əlibəyzadənin fikrincə: "Çox yüksək şəkildə yazılmış "Kitabi-Dədə Qorqudun fəlsəfi idrakı" əsəri Qorqudşünaslıq elmində ilk dəfə olaraq tədqiq olunur. Başqa sözlə, bu əsər Qorqudşünaslıq fəlsəfəsinin  öyrənilməsində yeni nümunə mənbəyidir".

Bundan əlavə, bütün türk xalqlarına məxsus olan aşıq yaradıcılığı yalnız filoloji cəhətdən araşdırılmış, onun fəlsəfi-estetik cəhətdən araşdırılması isə tamamilə diqqətdən kənarda qalmışdır. Lakin O.Əfəndi ilk dəfə olaraq, bu sahənin fəlsəfi-estetik tədqiqinin əsasını qoydu. Onun bu sahənin banisi olmasına  dair geniş ictimai-elmi fikir mövcuddur. Onun "Aşıq poeziyasının estetik problemləri"  kitabı elmi-ictimai fikirdə yüksək qiymətləndirilmişdir. AMEA-nın müxbir üzvü, professor Z.Göyüşov bu kitaba həsr etdiyi (kommunist qəzeti) məqaləsində yazır: "İlk dəfə ortaya çıxarılan "Aşıq poeziyasının estetik problemləri" - kitabı fəlsəfi fikir tariximizin yeni səhifəsini açmışdır".

Bütün bunlardan əlavə, o, digər elmi sahələrdə də yeni ideyalar ortaya qoymuşdur. Məsələn, psixologiya elmində, bu sahənin bəzi anlayışlarına  ("duyğu", "emosiya", "hiss", "həyəcan", "təxəyyül", "təfəkkür" və s.) dair yeni fikir və mülahizələr söyləmişdir. Professor  Ə.Baxşəliyev deyib: "O.Əfəndini biz psixoloqlar öz həmkarımız hesab edirik, ona görə ki, onun zəngin elmi yaradıcılığı psixologiya ilə də ciddi əlaqəlidir. O, müxtəlif psixoloji anlayışlara yeni münasibət bildirir, yeni şərhlər verir, yeni fikirlər söyləyir. Onun bu fikirləri psixologiya elmi üçün əhəmiyyətlidir. Mən bir psixoloq kimi estetika ilə çox maraqlanmışam. Nə bizim, nə də rus dilində estetikaya dair çap olunan əsərlərin heç birində O.Əfəndinin əsərlərində olduğu kimi, psixologiya sahəsi ilə belə geniş və ciddi bağlılığa rast gəlməmişəm. Onun əsərləri təkcə biz psixoloqlar tərəfindən deyil, eyni zamanda, sənətşünas, mədəniyyətşünas, ədəbiyyatşünas, tarixşünas alimlərimiz tərəfindən də yüksək qiymətləndirilir". 

O, fəlsəfə tarixi sahəsində yeni müddəalar və mülahizələr irəli sürmüşdür. Bunlardan biri də fəlsəfə tarixində "Estetika" elminin yaranması tarixinə aiddir. Belə ki, Estetika elminin XVIII əsrdə alman filosofu (A.Baumharten) tərəfindən yaranmasına dair dünyada qəbul olunmuş duruma qarşı çıxan O.Əfəndi bu elmin yaranma tarixinin XI əsrə (Bəhmənyara) aid olmasına dair yeni əsaslı müddəalar ortaya qoymuşdur.

Osman Əfəndi ömrünün müdrik çağına qədəm qoysa da,  ruhən çox cavandır, qəlbi yazıb-yaratmaq eşqi ilə döyünür. Biz də ona uzun ömür, cansağlığı, yeni uğurlar arzulayırıq.

 





28.12.2017    çap et  çap et