525.Az

Buta naxışının tarixi yeni tədqiqatlar işığında


 

Buta naxışının tarixi yeni tədqiqatlar işığında<b style="color:red"></b>

Buta çox qədim tarixə malik naxışlardan biridir. Şərq ölkələrində daha çox geniş yayılmış butanın tarixinə dair müxtəlif fikirlər söylənilib. İndiyədək butanın tarixinin orta əsrlərdən başlandığını deyirdiksə, yeni tədqiqatlar bu fikirlərin doğru olmadığını göstərir. Buta naxışının ən qədim nümunəsi Naxçıvan ərazisindən tapılan sənət əsərləri üzərindədir.

Son illər Naxçıvanda Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi və Fransa Milli Araşdırmalar Mərkəzi (CNRS) ilə birgə aparılan arxeoloji tədqiqatlar zamanı əldə olunan gil qablar üzərindəki buta təsvirləri bu naxışın tarixini xeyli qədimlərə çəkib. 

Tədqiqatçılar tərəfindən tarixi Son Eneolit dövrü kimi dəyərləndirilən buta naxışlı gil qablardan bir neçəsinə Ovçular təpəsində, bir ədədinə isə Xalac yaşayış yerində rast gəlinib. Ovçular təpəsindən tapılmış qablardan birini bərpa etdikdən sonra aydın olmuşdur ki, bu qablarda buta naxışı qabın gövdə hissəsində, simmetriyaya uyğun olaraq üç dəfə boya ilə çəkilərək təkrarlanırmış.

Ümumi olaraq demək olar ki, bütün dünyada buta naxışının ən qədim nümunəsi Naxçıvan diyarındakı qeyd etdiyimiz gil qabların üzərindədir. Görünür, tarixi minilliklər bundan öncəyə gedən buta hələ qədim dövrlərdə ulu əcdadlarımız tərəfindən yaradılıb.

Fizzə QULİYEVA
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri

 





28.12.2017    çap et  çap et