525.Az

İki ildə dəyişən Kərkük


 

İki ildə dəyişən Kərkük <b style="color:red"></b>

İlk dəfə iki il əvvəl, 2015-ci ildə Kərkükdə olmuşdum. Bu qədim türk yurdunda olmaq məni nə qədər sevindirsə də, gördüklərim bir o qədər kədərləndirmişdi. Kərkük böyük bir hərbi meydanı xatırladırdı.
 
Bir tərəfdən İŞİD-in işğalı,  Kərkükün mərkəzində belə baş verən terror hadisələri, şəhərə çıxmağın, gəzməyin yasaq edilməsi, digər tərəfdən isə kürdlərin demək olar ki, Kərkükü mənimsəməsi. Hara baxırdın, gördüyün kürd bayraqları idi. Türkmanlara məxsus olan qədim abidələrin, dövlət idarələrinin, Kərkük qalasının üzərində belə, kürd bayraqları dalğalanırdı. Kürd muxtariyyətinə bağlı peşmərgələrin türkman döyüşçülərlə birgə İŞİD-dən azad etdikləri kəndlərə də dərhal kürd bayrağı taxılırdı. O zaman gördüyüm bu idi ki, İraq vahid dövlətçilikdən çoxdan çıxıb.

Nəhayət, kürd muxtariyyətinin bütün beynəlxalq çağırışlara məhəl qoymadan bu ilin sentyabrında keçirdiyi müstəqillik barədə qanunsuz referendumdan sonra rəsmi Bağdad hərəkətə keçdi. Kərkükə ordu yeridildi və ərazi kürd işğalından azad edildi. Hazırda da Kərkükə ordu nəzarət edir, bütün kürd bayraqları yığışdırılıb, əvəzində İraqın bayraqları asılıb. Biz sözlə, indi vəziyyət əvvəllə müqayisədə yaxşıya doğru çox dəyişib. Məsələn, iki il əvvəl "küçəyə mühafizəçi olmadan çıxmayın, oteldə ehtiyatlı olun, oğurlana, qaçırıla  bilərsiniz" xəbərdarlıqlarını almışdımsa, bu dəfə bu cür xəbərdarlıqlar edilmirdi. Amma istənilən halda hələ də ehtiyatlı olmaq lazımdır. Çünki təhlükə tam sovuşmayıb. Həm İŞİD, həm PKK təhlükəsi qalmaqdadır. İŞİD İraqda məhv edilsə də, ərazilər azad olunsa da, terror qruplaşmasının yaraqlılarının hələ də ölkə içində, o cümlədən, Kərkükdə  qaldığı ehtimal ortadadır. Düzdür, sayları çox deyil, lakin real təhlükə mənbəyidirlər. Buna görə də İraq ordusu Kərkükdə nəzarəti əlində saxlamaqdadır.

İraq ordusunun Kərkükdə vahid hakimiyyəti bərpa etməsi zamanı buranı tərk edən kürdlərin bəziləri indi geri dönüb. Gördüklərinə isə inanmayıblar. Evlərini, əşyalarını necə qoyub gediblərsə, elə də qalıb. Heç kim toxunmayıb. Peşmərgələr isə  Kərkükü tərk edərkən evləri, bəzi obyektləri yandırıblar. Türkmanlar deyirlər ki, onların dinc kürdlərlə heç bir problemi yoxdur, hər zaman birgə yaşamağa hazırdırlar. Amma türkmanın tarixi torpaqlarını özününküləşdirmələrinə heç vaxt yol verməyəcəklər.

Qədim demişkən,  3 min il yaşı olan Kərkük tarixən türkman şəhəri hesab olunub. Hazırda İraqda üç milyondan çox türkman yaşayır. Kərkük həm də türkmanların tarixinin, mədəniyyətinin, ədəbiyyatının canlı bir nümunəsidir.

Kərkük qalası

Bu qala türkmanların tarixinin canlı şahididir.  Yada salmaq istərdim ki, iki il öncə Kərkükdə olarkən qalanı ziyarət edə bilməmişdim. Səbəb isə kürdlərin qaladan türkman bayrağını endirərək yandırıb öz bayraqlarını sancmaları olmuşdu. Bu hadisə isə qarşıdurma yaratmışdı.

Kərkük qalası çox da hündür olmayan təpələrin üstündə tikilib, ətəyini isə Hasa çayınının yatağı yuyur. Şəhərin ən qədim bölgəsi buradır. 1863-cü ildə Osmanlı dövləti qalanın ətraf divarlarında və içindəki tikililərdə bir sıra bərpa-təmir işləri aparıb. Tarixi eramızdan əvvəl 3-cü minilliyin ortalarına qədər uzanan qala dörd məhəllədən ibarətdir: Ağalıq, Hamam, Meydan və Zindan. Bura giriş-çıxış 4 qapı vasitəsilə edilir ki, bunlar da Topqapı, Daşqapı, Yeddi qız və Halvaçılar qapılarıdır. Bundan əlavə, qalaya aparan bir keçid isə Seyid Nəcib təkkəsindən keçən pilləkənli yoldur.

1990-1995-ci illərdə İraqın o vaxtkı prezidenti Səddam Hüseynin göstərişi ilə Kərkük qalasını təmir etmək adı ilə, orada yaşayan əhalini bilərəkdən köçürüblər və qalanı söküb, dağıdıblar. 1997-ci ildən 2003-cü ilə qədər yüzlərlə ənənəvi türk tarixi evləri və əsərləri uçurularaq məhv edilib. Hesab edilir ki, bu illərdə qaladakı dörd məhəllədə mövcud olan, hamısında türkmanların yaşadığı 740 ev, hətta məzar daşları belə dağıdılıb. Bu isə Kərkükdə turkman tarixini silərək, bölgənin guya ərəb və kürdlərə aid olduğunu isbatlamağa xidmət edirdi.

Bu gün qalada qorunub saxlanılan çox az abidələr qalıb. Bunlar arasında dörd peyğəmbərin - Daniel, Üzeyir, Mikayıl və Hunain peyğəmbərlərin məzarları olan qədim yəhudi məbədi, sonradan məscidə çevrilmiş Daniel peyğəmbər məscidi, Göy günbəz abidəsi var.

Genişliyi 820 kvadratmetr, hündürlüyü 17 metr olan Göy günbəz 1361-ci ildə, Cəlayirlər dövründə tikilib. Bu, qalada günümüzədək qalan əsas qədim türk əsəridir. Üstündəki kitabədə yazılıb ki, abidə 14-cü əsrdə Səlcuq sülalərindən olan Buğday Xatunun şərəfinə tikilib. Buğday Xatun Həccə gedib və qayıdarkən yolda xəstələnib, vəfat edib. Qala indi də mühafizə olunur, şənbə günləri şəhər camaatı üçün açıq olur.

Osmanlı Kışlası

Kərkükdə tarixi məkanlardan biri də Osmanlı Kışlasıdır (Osmanlı kazarması). Bina Osmanlı dövlətinin Bağdad valisi olmuş Məhməd Namık Paşa tərəfindən 1863-cü ildə tikdirilib. Kışla 1985-ci ilədək İraq ordusu tərəfindən hərbi hissə olaraq istifadə edilsə də, 1985-ci ildə Müdafiə Nazirliyinin balansından çıxarılaraq Mədəniyyət Nazirliyinin sərəncamına verilib. Mədəniyyət Nazirliyi orada təmir-bərpa işlərinə başlayıb, amma Səddam Hüseyn devrilən kimi burada iş də dayandırılıb. Kışlanın bir hissəsi ötən il yağan güclü yağışlar zamanı uçub-dağılıb. İnsanlar bundan sonra təşkil olunacaq yerli hakimiyyətin bütün mədəni irsin bərpasına diqqət ayıracağına ümid edirlər.

Kışlanın həyətindəki muzey binasında əvvəllər Kərkükün tarixini əks etdirən qədim eksponatlar sərgilənib. Amma Peşmərgə və PKK birlikləri şəhərdə olarkən buranı çapıb-talayaraq, bir-neçə iri küpdən başqa hər şeyi Kürdüstana aparıblar. Ona görə də rəfləri boş qalan muzeyin əvəzinə kışlanın əskidən kazarma kimi istifadə olunan binasının ikinci qatında yeni muzey yaradılıb. Muzey hələ tam olaraq istifadəyə verilməyib. Burada Kərkükün keçmişdən bəri milli adət-ənənələrini özündə əks etdirən bölmələr yaradılıb. Muzeydə olarkən bir anlığa özünü Kərkükün qədim dövründə hiss edirsən: bir tərəfdə dulusçular, o tərəfdə dəmirçilər, başqa bir yanda dərzilər öz işlərini görürlər. Burada ictimai hamamdan, toy səhnəsindən bərbərxanayadək hər şey fiqurlar vasitəsilə obrazlaşdırılıb. Hətta salonun yuxarı başındakı guşədə əsrlər boyu Kərkükdə bir arada yaşayan türkmən, ərəb və kürd ziyalılarının hərəsindən birinin fiqur obrazı yaradılıb.

Kərkükdə qalanın yaxınlığında Böyük Bazar adlanan qədim bazar var. Əsas hissəsi qala divarları ilə çay dərəsinin arasında olsa da, bu gün piştaxtalar demək olar ki, çayın digər sahilinə də yayılıb. Satlıq məhsullar əsasən Türkiyə, Çin və bəzi hallarda Suriyadan gətirilir. Üstünü piştaxtalar dolduran Şəhidlər körpüsünü (1959-cu ildə baş verən aksiyalarda öldürülən türkmənlərin xatirəsinə belə adlandırılıb) addayıb bazarın əsas bölməsinə gəlirsən. Buranın tarixi isə daha qədimdir. Üstü qapalı olan bazarın (yerlilər Kayseri bazarı da deyirlər) içindən qalaya qalxan pilləkənli yol da var, hansı ki, sonradan onu bağlayıblar. Ümumiyyətlə, axşamdan xeyli keçənədək açıq olan Böyük Bazarda qədim şərq memarlıq ənənələrinə uyğun olaraq hamamdan yeməkxanalara, dərzidən dəmirçiyədək nəyi desən, tapmaq mümkündür. Satıcılarının əksəriyyəti də bölgənin yerli sakinləri olan türkmənlərdir.

Bir sözlə, indi Kərkükdə insanlar daha rahatdırlar. Küçələr, bazarlar, dükanlar insanlarla dolub daşır. Yeni bir neçə ticarət mərkəzləri istifadəyə verilib. Hansı ki, iki il əvvəl həmin küçələrdə beton istehkamları, tikanlı məftillərlə sarılan keçidləri görmək olardı.

Hazırda daha vacib olanı isə Kərkükdə bu sabitliyin qorunub saxlanılması, gələcəyi üçün türkmanların maraqlarına uyğun olan siyasi qərarların alınmasıdır. İndi ən önəmli məsələ Kərkükün valisinin türkman, yaxud kürd olmasıdır. Hər iki tərəf bu məsələdə israrlıdır. Təbii ki, türkman daha haqlı, çünki öz torpağıdır.  Amma hansı qərar veriləcək, bu, çox yaxında bəlli olacaq.

Pərvanə SULTANOVA

 

 





28.12.2017    çap et  çap et